Azərbaycanda 5 illik məhkumluqdan sonra müxalif partiya lideri haqda məhkəmə hökmü ləğv edilib
Azərbaycanın Ali Məhkəməsi gözlənilmədən vəkilin sayca ikinci kassasiya şikayətini təmin edərək İlqar Məmmədovun işini təkrar baxış üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Bu qərarın Məmmədovun vaxtından tez azad edilməsi və ya əksinə, cəza müddətinin uzadılması ilə nəticələnəcəyi hələlik bəlli deyil. Hazırda ona verilən cəzanın iki ilə yaxını çəkilməmiş qalır.
İlqar Məmmədovun işi Azərbaycan hakimiyyəti ilə Avropanın hüquq müdafiə təşkilatları və Avropa Şurası arasında ən ziddiyyətli məsələlərdən biridir.
Müxalif Respublikaçı Alternativ (ReAl) Partiyasının lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda İlqar Məmmədov Azərbaycanın ən tanınmış siyasi məhbusudur. Ən iri beynəlxalq təşkilatlar, o cümlədən də AŞPA onun müdafiəsinə qalxıb.
Hələ 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun qeyd-şərtsiz azad edilməsi haqda qərar çıxarıb. Amma Azərbaycan hakimiyyəti bu qərarı həyata keçirməkdən imtina edir və bununla bağlı ötən ilin dekabrında Avropa Şurası Nazirlər Kamitəsi məhkəmə araşdırması başladıb.
Plenuma gəlincə, İlqar Məmmədov bu haqda cəmi iki gün öncə xəbərdar edilib və o, iclasda iştirak etməyib.
Respublikaçı Alternativ Partiyasının üzvlərindən biri Emin Babayev hadisələrin bu cür inkişafını proqnozlaşdırır:
“İşi Şəki Apellyasiya Məhkəməsinə göndərmək İlqarın azad edilməsini minimum 5-6 ay uzatmaq imkanı yaratmaq deməkdir. Mahiyyətcə, əvvəlki qərarların ləğv edilməsi ilə yanaşı onun dərhal azad edilməsi haqda qərar qəbul edilməli idi. İndi isə onu Şəkiyə etap edirlər, araşdırma da təxminən noyabra qədər uuzanacaq. Sonra isə çox güman ki, cəzanın qalan hissəsini şərti elan edib, onu azadlığa buraxacaqlar və hərəkət məhdudiyyəti qoyacaqlar”.
Babayevin fikrincə, hakimiyyət tərəfindən bu, “sadəcə İlqar əfv ərizəsi yazmaqdan imtina etdiyi üçün cılız qisasdır”.
ReAl liderlərindən biri Natiq Cəfərli də oxşar, amma daha pessimist fikir səsləndirib:
“Faktiki olaraq, hakimiyyət vaxtı uzadır ki, İlqarı azadlığa buraxmasın və bütün bunları məhz bu məqsədlə edirlər. İndi məhkəmə araşdırması aylarla uzanacaq, nəticənin necə olacağı isə aydın deyil… Əgər hökumət az da olsa dövlət maraqlarını düşünürsə, İlqarı Şəkidə keçiriləcək ilk məhkəmə iclasındaca azad etməlidirlər”.
İlqar Məmmədov məhkum edildiyi yeddi il azadlıqdan məhrumetmə cəzasının beş ilini artıq çəkib. Əgər məhkəmə yeni hökm çıxarsa, bu beş il yeni cəza müddətinə hesablanacaq.