Azərbaycanda velosipedçiləri cərimələməyə başlayıblar, amma onlar üçün infrastruktur yoxdur
Azərbaycan saytlarının gündəlik xəbər lentlərində velosipedçilərin yol qaydalarını pozmaları ilə bağlı informasiyalar yer alır. Maraqlıdır ki, pozuntular əsasən ölkə regionlarında qeydə alınır. Velosipedçilər onların hərəkəti üçün hər hansı infrastrukturun olmamasından şikayət edirlər. DİN isə onlarla razılaşmır.
Ötən həftə Azərbaycanın ancaq Ağcabədi rayonunda yol hərəkəti qaydalarını pozduqlarına görə 10 velosipedçi cərimələnib.
• Bakıda çimərliklər koronavirus dövründə “qanuni” olanlara və olmayanlara bölünüb
Bu cür qanun pozuntularının kütləviliyini Daxili İşlər Nazirliyi şərh edib. Qurumun mətbuat katibi Ehsan Zahidovun sözlərinə görə, velosipedçi istənilən avtomobil və ya motosikilet sürücüsü kimi yol hərəkəti iştirakçısıdır: “Biz də vətəndaşlarımızın velosipeddən istifadə etmələrinin tərəfindəyik və alqışlayırıq da. Çünki velosipedin həm sağlamlığa müsbət təsiri var, həm də ekoloji baxımdan olduqca sərfəli hərəkət vasitəsidir. Lakin qanun velosipedi harada və necə gəldi sürməyə icazə vermir”.
Bununla yanaşı sosial şəbəkə istifadəçiləri ölkə yollarında velosipedçilər üçün infrastrukturun kəskin çatışmazlığından, əksər hallarda isə ümumiyyətlə olmamasından şikayətlənirlər.
“Hal-hazırda ölkədə ciddi şəkildə velosiped alış-verişi var. Velosiped dükanına girirsən, adam əlindən tərpənmək olmur. Bu gün gördüyün velosiped sabaha qalmır. Şəhərdə diqqət etsəz, velosiped sürənlərin sayı həddən artıq çoxalıb. Kaş velosiped üçün Bakıda düzgün yol infrastrukturu yaradıla”.
Çoxları velosiped bumunu koronavirusla mübarizə çərçivəsində istirahət günlərində ictimai nəqliyyatın işləməməsi ilə əlaqələndirir. Bakıda iyunun 20-dən bəri metro da işləmir.