Azərbaycan vətəndaşları İtaliyadan çarter reysilə gətiriləcək
Hazırda İtaliyada olan və koronavirus epidemiyasına görə geri qayıtmaq istəyən Azərbaycan vətəndaşları xüsusi çarter reysi ilə ölkəyə gətiriləcək. Əsasən onlar tələbələrdir.
Təyyarə Romadan Bakıya martın 17-də axşam uçacaq – Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.
Səfirlikdən deyiblər ki, qayıtmaq üçün onlara müraciət edən bütün Azərbaycan vətəndaşları artıq məlumatlandırılıb. Zəng vurub tapa bilmədiklərindən isə xahiş olunur ki, tezliklə özləri səfirliklə əlaqə saxlasınlar.
Bundan bir gün öncə Azərbaycan hakimiyyəti dövlət telekanalı olan AzTV vasitəsilə xaricdə təhsil alan azərbaycanlı tələbələrə “Azərbaycan səhiyyəsi üçün yük olmasınlar deyə” ölkəyə qayıtmamağı tövsiyə edib.
Bu, tələbələri hiddətləndirib və onlar sosial şəbəkələrdə #yükdeyilik və #vətəndaşyükdeyil heşteqli kampaniya başladıblar. Onlar bu heşteqlə Azərbaycan pasportu ilə fotolarını paylaşıblar və ölkə vətəndaşı olduqlarını xatırladaraq, onlardan üzr istənməsini tələb ediblər.
Hazırda Azərbaycanda 25 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan altı nəfəri sağalıb, bir nəfər ölüb.
• Ermənistanda koronavirus: 52 nəfər yoluxub, bir nəfər sağalıb