Azərbaycan sakinləri dolların məzənnəsinin qalxmasından və devalvasiyadan qorxurlar
Neftin dəyərdən düşməsi fonunda Azərbaycanda dolların bahalaşması və manatın devalvasiyaya uğraması ilə bağlı narahatlıq artır.
Bəzi banklar dolların satışını dayandırıb, çoxları satışa limit təyin edib – Banker.az xəbər verir.
Bununla yanaşı iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, olduğu şəhər banklarının heç birində o, dollar ala bilməyib.
“Mərkəzi Bank və hökumətin nə etibarlılığı, nə də bazara sözlü təsir imkanları yoxdur. Danışanda əks effekt yaradır, amma davranışları da panikanı artırır… Ajiotaj və panikanın qarşısını ala biləcək tək bir yol var – əlində manatla istənilən banka gedən vətəndaş dollar ala, vətəndaş öz manat depozitini maneəsiz dollara çevirə bilməlidir. Nə qədər ki, banklar dollar satmayacaq, ya da məhdudiyyətlər tədbiq edəcək, panika bir o qədər böyüyəcək”, – Natiq Cəfərli öz Facebook səhifəsində yazıb.
Azərbaycanın Mərkəzi Bankının sədri Elman Rüstəmov isə bildirir ki, ölkədə “maliyyə və makroiqtisadi sabitlik hökm sürür” və neftin ucuzlaşması buna heç cür təsir etməyəcək.
2015-ci ildə qısa müddətdə manat demək olar ki iki dəfə dəyərdən düşmüşdü.