Daha bir Azərbaycan hərbçisi həlak oldu, döyüşlər davam edir
Tovuz istiqamətində iyulun 13-nə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında gərginlik davam edib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu – baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
“Artilleriya, minaatan və tanklar ilə gedən döyüşdə bölmələrimizin atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi və canlı qüvvəsi məhv edilib”, – Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Dünəndən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində vəziyyət gərginləşib.
Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma baş verib. Azərbaycan ordusu dörd şəhid verib.
Eyni zamanda, ötən gecə Bakının Lökbatan qəsəbəsində bəzi vətəndaşlar müharibə tələbi ilə yola çıxıblar. Onlar şüarlar səsləndirərək, döyüşə yola salınmalarını istəyiblər. Əraziyə polis cəlb edilib.