Avropa Şurasının deputatları Çeçenistanda geylərin durumu haqda məruzədən sarsılıblar
Avropa Şurası Parlament Assambleyasının iclası baş tutub. Orada belçikalı deputat Pit de Broyn “Çeçenistanda LGBT birliyi nümayəndələrinin təqib olunması” haqda məruzə oxuyub, – “Новая газета” yazır.
Yarım il müddətində o bu təqiblərin qurbanları ilə, vəziyyətin araşdırılmasında iştirak edən jurnalistlərlə və digər məlumatlı şəxslərlə görüşüb.
De Broynun məqsədi Çeçenistanda LGBT birliyi nümayəndələrinə qarşı cinayətlərin araşdırılması yox, daha dəqiqi seksual azlıqların təqib olunması faktlarının sənədli təsdiqini toplamaq olub.
Homofobiya: yalnız Çeçenistanda yox, bütünlüklə Rusiyada
Öz tədqiqatının yekununa əsasən, de Broyn belə nəticəyə gəlib ki, Çeçenistanda baş verənlərin səbəbi bütünlüklə Rusiyadakı vəziyyətdir. Homofob əhvallı insanların getdikcə daha çox olduğu bir ölkədə seksual azlıqların təqibi getdikcə daha labüd olur, – belçikalı deputat belə hesab edir.
“2013-cü ildə homoseksualizmin təbliğinin qadağan edilməsi haqda federal qanun qəbul ediləndən sonra hakimiyyət LGBT nümayəndələrinin uşaqlar və ictimai əxlaq üçün təhlükə təşkil edən ikinci növ vətəndaş olduqları haqda mesaj verir. Qanunvericilik, kütləvi informasiya vasitələri və siyasi bəyanatlar homofobiyanı dəstəkləyən mühit yaradır. Çeçenistan Respublikasında 2017-ci ildə baş verən LGBT-yə qarşı kampaniya Rusiya Federasiyasının ictimai fikrində güclü müxalifət doğurmayıb”, – de Broynun məruzəsində deyilir.
AŞPA-nın reaksiyası
Məruzə oxunandan sonrakı debatlardan aydın olub ki, səslənən məlumatlar bütün AŞPA deputatlarına güclü təsir edib. Bir saatlıq müzakirədən sonra yekdilliklə qətnamə qəbul olunub.
Qətnamədə deputatlar Çeçenistanda LGBT birliyi nümayəndələrinin təqibi faktlarını qeydə alıblar. Onlar həmçinin regionda geylərin və lesbiyanların mövcudluğunu inkar edən Rusiya hakimiyyətini də qınayıblar. AŞPA Rusiyadakı vəziyyətin qərəzsiz araşdırılmasına israr edəcək, əgər araşdırma baş tutmazsa, müstəqil beynəlxalq tədqiqata təbəbbüs göstəriləcək.
Bir gecənin nəticəsi: qətl edilmiş 27 gey
2017-ci ildə “Novaya qazeta” Çeçenistanda LGBT birliyi nümayəndələrinin işgəncəyə məruz qalması və öldürülməsi haqda bir neçə material dərc edib. Bir il əvvəl nəşr respublikada yalnız bir gecədə həlak olan 27 nəfərin adlarından ibarət siyahı yayıb. Qəzetin məlumatına görə, bu insanları qeyri-ənənəvi seksual oriyenntasiyasına görə güllələyiblər.
“Bizdə olan məlumata görə, həmin gecə saxlanılanları güllələyib, müxtəlif qəbirstanlıqlara, o cümlədən də xristian məzarlıqlarına daşıyıblar və tələsik qazılmış qəbirlərə basdırıblar.
Saxlanılanların siyahılarının diqqətlə tədqiqi məhkəmədən kənar cəzalar haqda qərarların mərkəzləşdirilmiş şəkildə və təəccüblü olsa da, spontan qəbul edildiyi fikrini yaradır. Hərçənd, bu günün Çeçenistanında həlledici qərarlar məhz bu cür qəbul olunur”, – jurnalist araşdırmasında deyilir.
«Новая газета» nəşrinin apardığı araşdırmanın tam mətni burada:
Rusiya hakimiyyəti ümumilikdə və Çeçenistan hakimiyyəti ayrılıqda geylərin qətli və işgəncəyə məruz qalması haqda məlumatları inkar edir. Üstəlik Çeçenistan rəhbəri Ramzan Kadırov ümumiyyətlə hesab edir ki, regionda seksual azlıq nümayəndərləri yoxdur.