Avropa Şurası Konqresi Gürcüstanla bağlı tənqidi qətnamə qəbul etdi
Avropa Şurasının Gürcüstanla bağlı qətnaməsi
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib, bu qətnaməni 101 üzv dəstəkləyib, 10-u isə əleyhinə səs verib.
48-ci sessiyada Konqres, Gürcüstanın demokratiyadan uzaqlaşmasının və insan hüquqlarının zəifləməsinin açıq əlamətlərinə dair dərin narahatlıq ifadə edib. Bu, cəmiyyətin polarizasiyasının artması və Avropa Şurasının standartlarına zidd qanunların qəbul edilməsi ilə özünü göstərir.
Qətnamədə nə deyilir?
● Gürcüstanda artan polarizasiyanın fonunda son iki ildə demokratiyadan sürətli və kəskin uzaqlaşma yerli demokratiyaya təsir göstərib: bu xüsusilə 2024-cü il parlament seçkilərindən sonra kəskinləşib, bu seçkiləri bütün müxalifət partiyaları, yerli və bir neçə beynəlxalq müşahidəçi rədd edib; bu, həmçinin hakim partiyanın 28 noyabr 2024-cü il tarixli Avropa İttifaqına üzvlük prosesinin dayandırılması qərarından sonra artıb.
● Müxalifətin marginallaşdırılması və onunla hakimiyyət arasında dialoqun olmaması, siyasi plüralizmin faktiki olaraq yox olmasına səbəb olub, bu da xüsusilə bələdiyyə şuralarında özünü göstərir. Bu vəziyyət, hakim partiyanın “Gürcü Arzusu” əlinə gücün həddindən artıq cəmləşməsinə səbəb olub və müxalifəti bütün qərar qəbuletmə orqanlarını boykot etməyə məcbur edib, bu da danışıqlar və vasitəçilik üçün imkanların azaldılmasına səbəb olub.
● “Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanunun qəbulundan sonra və “Xarici agentlərin qeydiyyatı haqqında” qanunu (FARA) qəbul etməyi planlaşdıran hökumət, qeyri-hökumət təşkilatlarını və tənqidi media nümayəndələrini, xüsusilə toplaşma və fikir azadlığının məhdudlaşdırıldığı çətin şəraitdə, qorxutma və damğalama halları xeyli artırıb.
● Hüquq-mühafizə orqanlarının ölkə boyu, xüsusən də Tbilisidə, dinc nümayişçilərə və opponetlərə qarşı tətbiq etdiyi amansız təqiblər həm söz azadlığını, həm də toplaşma azadlığını pozur. Bundan əlavə, Gürcüstanda toplaşma azadlığı son vaxtlar qəbul edilən qanun dəyişiklikləri ilə məhdudlaşdırılıb, bu dəyişikliklər ictimai nümayişlərlə əlaqədar sanksiya və cərimələri sərtləşdirib;
● Dövlət institutlarının yerli səviyyədə alət kimi istifadə olunması, kütləvi işdən çıxarmalara, təhdid və dövlət məmurlarına təzyiqlərə səbəb olub, bu da «Dövlət xidməti haqqında» qanuna edilən dəyişikliklər səbəbindən asanlaşıb;
● Beynəlxalq və yerli müşahidəçilərin son hesabatlarında dövlət idarəçiliyinin politizasiyası, inzibati resurslardan geniş istifadənin və seçki kampaniyaları zamanı seçicilərə təzyiqin yayılması ilə bağlı narahatlıq ifadə edilib, bu isə namizədlər üçün qeyri-bərabər şərtlər yaradır və seçicilərin iradəsini təhrif edir.
● Gürcüstanda yerli seçkilərlə bağlı qanunvericilik bazası sonuncu seçkilərdən sonra geniş məsləhətləşmələr və konsensus olmadan 20-dən artıq dəyişdirilib, bu da seçki qanunvericiliyinin sabitlik prinsipinə uyğun gəlmir. Bu dəyişikliklər, hakim partiyanın Mərkəzi Seçki Komissiyasına təsirini gücləndirib, beləliklə, onun müstəqilliyini təhlükəyə atıb;
● Demokratiya, hüququn aliliyi və insan hüquqlarının qorunması sahəsində bir çox problem və çağırışlar, cəmiyyətin böyük bir hissəsində, xüsusilə də gənclər arasında demokratik institutlara inamın zəifləməsinə səbəb olub və yerli demokratiyaya zərər verir, bu da 2025-ci il yerli seçkiləri üçün inamlı bir mühitin yaranmasına imkan yaratmır və vəziyyəti daha da pisləşdirir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Konqres Gürcüstan hakimiyyətini yerli və regional demokratiyanın ümumi vəziyyətini nəzərə alaraq aşağıdakı addımları atmağa çağırır:
● Yerli hakimiyyət orqanları, müxalifət və vətəndaş cəmiyyəti də daxil olmaqla bütün maraqlı tərəfləri əhatə edən inklüziv siyasi proses vasitəsilə bütün hakimiyyət səviyyələrində dərhal siyasi dialoqu bərpa etmək, polarizasiyanı azaltmaq, plüralist demokratiyada zəruri olan balans və nəzarət sistemini bərpa etmək və müxalifətin iştirak hüququnu tənzimləmək;
● İnsan hüquqlarını pozan qanunvericilik aktlarını ləğv etmək, xüsusilə “Xarici təsirin şəffaflığı haqqında” qanunu və FARA-nı qəbul etməkdən çəkinmək, bununla yanaşı, vətəndaş cəmiyyətinin fəaliyyətini daha da çətinləşdirə və medianın fəaliyyətinə təzyiq göstərə biləcək hər hansı bir hərəkətdən qaçınmaq, bu sonda Gürcüstanda yerli özünüidarəetməyə zərər verəcək;
● Dinc nümayişçilərə və jurnalistlərə qarşı qeyri-qanuni saxlanmalar və zorakılıq halları BMT İnsan Hüquqları üzrə Ali Komissarının tövsiyələrinə uyğun olaraq tam şəkildə araşdırılmalı, saxlanılan şəxslər, o cümlədən jurnalist Mziya Amaglobeli azad edilməli; yerli özünüidarəetmə orqanlarında ictimai nümayişlərlə bağlı pozuntulara tətbiq olunan sanksiyaların qanuniliyini, zəruriliyini təmin etmək;
● “Dövlət xidməti haqqında” qanuna edilən mübahisəli dəyişiklikləri ləğv etmək və bu dəyişikliklərə əsasən işdən çıxarılan dövlət məmurlarını vəzifəyə bərpa etmək.