Avropa Məhkəməsi azərbaycanlı jurnalistin qətlilə bağlı qərar çıxarıb
Paylaşmaq
Paylaşmaq
Strasburqda İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) aprelin 13-də “Ruşaniyə Hüseynova Azərbaycana qarşı” işi üzrə qərar qəbul edib. Qərarda bildirilir ki, Azərbaycan hökuməti “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı effektiv istintaq aparmayıb, jurnalistin qatillərinin məsuliyyətə cəlb olunması üçün lazımi addımları atmayıb.
Məhkəmə qət edib ki, hökumət Avropa Konvensiyasının 2-ci maddəsinin (effektiv istintaqın aparılmaması) pozuntusuna yol verib.
Məhkəmə Azərbaycan hökuməti üzərinə qətl edilmiş jurnalistin həyat yoldaşına mənəvi ziyana görə 20 min avro və əlavə olaraq məhkəmə və hüquqi xərclərə görə 10 min avro kompensasiya ödəmək öhdəliyi qoyub.
Qərarda yenə də Ruşaniyə Hüseynovanın şikayətinə əsasən deyilir ki, Elmar Hüseynov tənqidi məqalələrinə görə hakimiyyət tərəfindən daima təhdidlərə və təzyiqlərə məruz qalıb, 34 dəfə məhkəmə məsuliyyətinə cəlb olunub. 2004-cü ilin yanvarında polis əməkdaşları ondan prezidentin və onun ailəsinin ünvanına tənqidi materialların dərcini dayandırmasını tələb ediblər və əks təqdirdə onu aradan qaldırmaqla hədələyiblər.
Elmar Hüseynov 2005-ci il martın 2-də mənzilinin kandarında yeddi tapança gülləsilə qətl edilib. O zaman Azərbaycan prezidenti bu qətli “ölkənin nüfuzuna böyük ləkə və Azərbaycanın demokratik inkişafına zərbə” adlandırmışdı.
Ruşaniyə Hüseynova dəfələrlə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək, istintaqın nəticələri ilə bağlı məlumat vermələrini istəyib, amma heç vaxt hər hansı məlumat əldə edə bilməyib.
Həyat yoldaşının qətlindən sonra Hüseynova bir müddət müstəqil şəkildə jurnalın nəşrini davam etdirdi (Elmarın öz istəyilə başqa ad altında). O da təzyiqlərə məruz qaldı və bir ildən sonra azyaşlı oğlu ilə Norveçə emiqrasiya etməli oldu.
“Monitor” jurnalının arxivi ilə burada tanış olmaq mümkündür.