Strasburq Məhkəməsi azərbaycanlı müxalifətçilərin şikayətlərini təmin edib
Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarları
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, noyabrın 14-də Azərbaycanla bağlı 5 qərar və qərardadını elan edib. 10 ərizə üzrə çıxarılmış bütün qərarlarda ərizəçilərə təzminat ödənilməsi nəzərdə tutulur. Azərbaycan hökuməti bu qərarlara əsasən 33500 avro həcmində cərimələnib. Ərizəçilər arasında tanınmış müxalifətçilər var.
- İlham Əliyev: “Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun”
- Azərbaycanda keçirilən COP29 nədir?
- “Qarabağdakı ermənilərlə bağlı beynəlxalq hesabat qərəzlidir və yanlışdır”. Bakıdan şərh
Əfqan Məmmədov Azərbaycana qarşı
Əfqan Məmmədov 2013-cü ildə Vəkillər Kollegiaysı üzvlüyündən xaric edilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. O, başqa bir vəkilin korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri, xüsusilə də istintaq orqanlarına vəkil orderi satması ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət edib. Bundan sonra Məmmədovun özünə qarşı intizam işi qaldırılıb.
Ərizəçi Rəyasət Heyətinin və onun sədrinin legitimliyini şübhə altına alaraq, intizam icraatında şəxsən iştirakdan imtina edib. Rəyasət Heyəti ərizəçinin hərəkətlərinin vəkil peşə etikası ilə bir araya sığmadığı rəyinə gəlib və onun vəkilliyinə xitam verib. Əfqan Məmmədov bu qərarı məhkəm yolu ilə mübahisələndirsə də, yerli milli məhkəmələr də onun əleyhinə hökm çıxarıb.
Məsələni Avropa Məhkəməsinə daşıyan ərizəçi Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanaraq iddia edib ki, ona qarşı intizam icraatı və vəkillikdən kənarlaşdırılması onun hüquqlarını pozub. Konvensiyanın 46-cı maddəsinə əsaslanan Məmmədov, Avropa Məhkəməsindən vəkilliyə bərpasının təmin olunmasını istəyib.
AİHM bu işdə ərizəçiyə münasibətdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb. Qərara əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 5 min, xərc və məsrəflər əvəzi 1000 avro ödənilməlidir.
Ərizəçinin kollegiyaya bərpa olunması tələbinə gəlincə, məhkəmə bunu təmin etməyi AİHM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin öhdəsinə buraxıb:
“Dövlətlər, tərəf olduqları istənilən iş üzrə Məhkəmənin yekun qərarlarına riayət etmək öhdəliyi götürüblər, bu öhdəliyin icrasına Nazirlər Komitəsi nəzarət edir. Hazırkı işdə, ərizəçinin əvvəlki vəziyyətinə barpa olunmasına nail olmaq üçün Nazirlər Komitəsi görüləcək xüsusi tədbirləri qiymətləndirmək üçün Məhkəmədən daha yaxşı mövqeyə malikdir. Beləliklə, cavabdeh dövlətin təqdim etdiyi məlumatlar əsasında və ərizəçinin vəziyyətini nəzərə alaraq, digərləri ilə yanaşı, onun peşəkar fəaliyyətinin bərpasına yönəlmiş tədbirlərin görülməsinə nəzarət olunması Nazirlər Komitəsinə həvalə edilməlidir”, – deyə məhkəmə qərarında vurğulayıb.
Ərizəçini AİHM qarşısında vəkil Elçin Sadıqov təmsil edib.
Əli Kərimli və digərləri Azərbaycana qarşı
Bu məhkəmə işi 2018-ci ilin dekabr ayında Bakıdakı “Hüseyn Cavid” parkından parlament binasına doğru dinc aksiyanın keçirilməsinə icazə verilməməsi ilə bağlıdır.
Ərizəçilər – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müxalif partiyanın digər dörd funksioneri Konvensiyanın 11-ci maddəsinə əsaslanaraq, dinc toplantıların keçirilməsinin qadağan edilməsindən və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin qanunsuzluğundan şikayət ediblər.
AİHM bu şikayətlə bağlı qərarında ərizəçilərin sərbəst toplaşmaq azadlığına müdaxilə edilməsi ilə Konvensiyanın 11-ci maddəsinin pozunlduğunu elan edib.
Qərara əsasən, beş ərizəçinin hər birinə mənəvi zərər əvəzi 1500, xərc və məsrəf əvəzi 250 avro ödənilməlidir.
Ərizəçini AİHM-də vəkil Fariz Namazlı təmsil edib.
Tofiq Yaqublu və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi dinc aksiya iştirakçısı olan ərizəçilərə qanunsuz və qeyri-mütənasib güc tətbiqi iddiaları ilə bağlıdır. Konvensiyanın 5, 6 və 11-ci maddələrinə əsaslanan ərizəçilər barələrindəki inzibati icraatın qurama, məhkəmə prosesinin ədalətsiz olmasından şikayət ediblər.
Söhbət 2019-cu ilin oktyabrında Demokratik Qüvvələrin Milli Şurasının keçirdiyi və onlarla iştirakçının zorakılıqla saxlanıldığı etiraz aksiyasından gedir. Həmin aksiya zamanı Tofiq Yaqublu 30 sutka inzibati cəzaya və polis zorakılığına məruz qalmışdı.
Xatırladaq ki, Tofiq Yaqublu yenidən dələduzluq, sənəd saxtalaşdırması və saxta sənədlərdən istifadə ittihamı ilə həbsdədir. O, ötən ilin dekabrında saxlanılıb. Hazırda onun işi üzrə məhkəmə prosesi davam edir.
Tofiq Yaqublu bütün ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus elan edib.
Tofiq Yaqublu və digərlərinin ərizələrinin kommunikasiyası zamanı AİHM-ə təktərəfli bəyannamə təqdim edən Azərbaycan hökuməti, iddia olunan pozuntuları etiraf edərək, təzminat ödəməyi təklif edib.
AİHM-in qərardadına görə, hökumət 1-ci ərizə üzrə Tofiq Yaqubluya 3500, 2-ci ərizə üzrə isə Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Razim Əmiraslanlı və Qoşqar Nurəliyevin hər birinə 2340 avro mənəvi zərər əvəzi ödəməlidir. Həmçinin hər ərizəyə görə ərizəçilərin hər birinə 225 avro həcmində hüquqi xərclər kompensasiya edilməlidir.
Şikayəti AİHM-də vəkil Nemət Kərimli təmsil edib.
Rəhim Vəliyev və Yusif Qarayev Azərbaycana qarşı
Bu işdə hər iki ərizəçi inzibati qaydada saxlanılıb, daha sonra məhkum ediliblər. Yerli məhkəmələr ərizəçilərin barələrindəki inzibati icraatın qanunsuzluğu ilə bağlı iddialarını rədd ediblər. Vəliyev və Qarayev isə AİHM qarşısında hər hansı inzibati xətaya yol vermədiklərini, şərlənib həbs olunduqlarını, məhkumluq haqda məhkəmə qərarlarının heç bir əsasının olmadığını iddia edirblər.
Digər iddiaları mahiyyəti üzrə araşdırmağa ehtiyac görməyən AİHM ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Qərara əsasən, ərizəçilərin hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1250 avro ödənilməlidir.
Ərizəçiləri AİHM-də vəkillər Zibeydə Sadıqova və Nemət Kərimli təmsil edib.
Vüqar Rzalı Azərbaycana qarşı
Məhkəmə işi Vüqar Rzalının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “polis əməkdaşının qanuni əmrini yerinə yetirmədiyinə görə” inzibati qaydada həbs edilməsi ilə bağlıdır.
İşin hallarına görə, ərizəçi Facebook-da paylaşdığı yazılarında yüksək rütbəli polis məmurlarını təhqir etdiyi iddiası ilə polis bölməsinə “dəvət olunub”. O, arxasınca gələn polislərlə bölməyə getməməklə “polislərin əmrinə tabe olmamaqda” ittiham edilib.
Cəlilabad rayon Məhkəməsinin 12 iyul 2018-ci il qərarı ilə Rzalı 20 sutka inzibati həbs cəzası alıb. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Konvensiyanın 5-ci, 6-cı və 10-cu maddələrinə əsaslanan ərizəçi AİHM-ə ölkədaxili icraatların ədalətsizliyindən və onun ifadə azadlığı hüququnu pozmasından şikayət edib.
Bu ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə 2500 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.
Ərizəçini məhkəmədə vəkil Əlibaba Rzayev təmsil edib.