Avropa İttifaqının nümayəndəliyi “Rustavi-2”-nin işi üzrə hökm qərarını “diqqətlə araşdıracaq”
Aİ-nin Gürcüstandakı Nümayəndəliyi “Rustavi-2” teleşirkətinin işi üzrə məhkəmə prosesini ilk günlərdən izləyir və Ali Məhkəmənin qərarını diqqətlə araşdıracaq, – Avropa İttifaqı nümayəndələrinin yaydığı bəyanatda deyilir. Bəyanatda eyni zamanda deyilib ki, çoxillik təcrübəyə görə, nümayəndəlik konkret məhkəmə qərarlarını şərh etmir.
“Avropa İttifaqı uzun illər ərzində Gürcüstan hökuməti ilə birgə məhkəmə sisteminin islahatları üzərində işləyir və bu zaman məhkəmə prosedurlarının müstəqilliyinə, şəffaflığına və keyfiyyətinə xüsusi diqqət ayrılır ki, bu da qanunun aliliyinə əməl edilməsi üçün çox mühümdür”, – bəyanatda deyilir.
Aİ Nümayəndəliyi növbəti dəfə siyasi plüralizimin və əks fikrə açıq olmağın zəruriliyini qeyd edir. “Hazırkı mərhələdə bu prinsiplərin qorunub-saxlanması demokratiyanın müdafiəsi və möhkəmləndirilməsi işində fundamental əhəmiyyət kəsb edir ki, bu da Gürcüstanla Aİ arasında bağlanan Assosiasiya haqqında müqavilədə nəzərdə tutulan ən əsas öhdəliklərə daxildir”, – bəyanatda deyilir.
Bundan əvvəl ABŞ-ın Gürcüstandakı səfirliyi Ali Məhkəmənin qərarı ilə bağlı bəyanat yayıb ki, orda “ABŞ-ın Ali Məhkəmənin qərarının nəticələrinə narahatlıqla yanaşdığı” qeyd olunub. Çünki məlum qərar “müxalifətin səsinin KİV-ə çatmasını faktiki olaraq məhdudlaşdıra bilər”.
Martın 2-də Gürcüstanın Ali Məhkəməsi müxalif “Rustavi-2” teleşirkətinin əvvəlki sahibi Kibar Xalvaşiyə qaytarılması barədə qərar çıxarıb.