Avropa İttifaqının Azərbaycandakı səfiri: "Ümid edirəm ki, bu il tərəfdaşlıq haqda növbəti sazişi imzalayacağıq"
Paylaşmaq
Paylaşmaq
Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas hesab edir ki, 2018-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş imzalanacaq. Onun sözlərinə görə, sazişin mətninin 99 faizi artıq razılaşdırılıb və heç bir prinsipial ziddiyət qalmayıb. Bu haqda Yankauskas “Turan” informasiya agentliyinə müsahibəsində bildirib.
Avropa İttifaqının səfiri xatırladıb ki, 2018-ci ildə Azərbaycan dövlətçiliyinin yüz illiyini qeyd edəcək.
“Azərbaycan əsasən müsəlmanlardan ibarət olan dünyavi ölkə kimi bir çox sahələrdə müsəlman aləmi üçün pioner olub. Biz bu nailiyyətləri birlikdə qeyd edəcəyik.
Bu il bizim ikitərəfli münasibətlərimiz üçün də vacib ildir, çünki biz yeni çox iddialı hərtərəfli sazişin bağlanması üzərində çalışacağıq”.
Səfir Aİ və Azərbaycan arasındakı münasibətlərə xeyir verə biləcək əsas istiqamətləri qeyd edib:
– Azərbaycan qazının 2020-ci ildən Aİ bazarına çıxmasına imkan verəcək Cənub Qaz Dəhlizinin inşası;
– Bakı-Tbilisi-Kars dəmiryolu xəttinin istifadəsi, nəqliyyat və ticarət həcminin artırılması üçün azad ticarətin yaradılmasına dəstək;
– Ən yaxşı Avropa texnologiyası və proqerssiv qərarlar təklif etməklə Azərbaycana iqtisadiyyatının diversifikasiyası və islahatlarına kömək.
Yankauskas xatırladıb ki, Azərbaycan və Aİ arasında dərinləşdirilmiş əməkdaşlıq haqda danışıqlar 2017-ci ilin fevralında, bir ildən bir qədər az zaman əvvəl başlayıb.
“Tələsməyimizə ehtiyac yoxdur, amma sazişin yüksək səviyyədə olacağına zəmanətimiz olmalıdır. Eyni zamanda əmin olmaq lazımdır ki, biz vaxt itirmirik, mümkün olan yerlərdə irəliləyirik və səylə çalışırıq. Ötən il danışıqlar bərpa olunandan sonra biz iki raund keçirmişik. Aviasiya üzrə sazişin mətninin 90 faizi razılaşdırılıb. Prinsipial ziddiyyətlər qalmayıb; bizə sadəcə sazişin inisializasiyası istiqamətində son addımı atmağın yolunu tapmaq lazımdır. Ümid edirəm ki, sazişin mətni bu il razılaşdırılacaq”, – səfir deyib.
Avropa İttifaqının səfiri Azərbaycanın insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı problemi də xatırladıb və Azərbaycanın Avropa Şurasından çıxmasının mümkünlüyü ilə bağlı danışılanları “mətbuatın spekulyasiyası” adlandırıb.
“Avropa Şurasında üzvlük bu regionda yerləşən Azərbaycan üçün, onun beynəlxalq mövqeyi və strateji prioritetləri üçün önəmlidir. Avropa İttifaqı İlqar Məmmədovun işi ilə bağlı çıxış yolu tapmaqda Azərbaycana kömək edə bilmək üçün çox şey edib”, – Kestutis Yankauskas deyib.