Brüsseldə keçirilən Aİ sammitində Avropa İttifaqı səfirinin Rusiyadan geri çağırılması haqda qərar qəbul edilib. Avropa ölkələrinin liderləri bu qərarı uzun sürən danışıqlardan sonra veriblər, BBC xəbər verir.
Danışıqların nəticələrinə əsasən bəyanat açıqlanıb. Bəyanatda deyilir ki, Aİ Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı işdə Böyük Britaniyanı dəstəkləyir və hesab edir ki, bu məsələdə Rusiyanın iştirakından başqa heç bir izahat yoxdur. Bununla bağlı olaraq Aİ Moskvadakı səfirini müşavirə üçün bir aylıq geri çağırır.
Aİ sammitində Britaniyanın baş naziri Tereza Mey də iştirak edib. Məhz o, sammit iştirakçılarını Rusiyanın ünvanına daha sərt ritorika ilə çıxış etməyə çağırıb. Mey keçmiş Rusiya kəşfiyyatçısı və onun qızının zəhərlənməsi ilə bağlı məsələ üzrə qətnamənin yekun mətninin ilkin versiyasından daha sərt olmasına nail olub.
Mey ölkə liderlərini həmçinin öz diplomatlarını Moskvadan geri çağırmağa da səsləyib. Meylə ayrıca görüşən və onu dəstəkləyən Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel öz diplomatlarını Rusiyadan geri çağırmaqla bağlı hələlik qəti qərar qəbul etməsələr də, belə bir ehtimalı gözdən keçirirlər.
Artıq 23 nəfər Rusiya diplomatı Böyük Britaniyadan göndərilib. Kreml və Rusiya XİN-i İngiltərənin Solsberi şəhərində baş verən olaya aidiyyatını inkar edir.