Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan Ali Məhkəməsinin “Rustavi-2” teleşirkətinin sabhibinin dəyişdirilməsi ilə bağlı hökmünün icrasını yekun qərar çıxarılana qədər qeyri-müəyyən müddətə təxirə salıb.Bu haqda teleşirkətin baş direktoru Nika Qvaramiya bildirib.
“Strasburq məhkəməsinin baxış üzrə Palatası martın 3-də qəbul edilmiş iddianın təmin olunması üzrə tədbirləri yekdilliklə müddətsiz olaraq uzadıb. Avropa İnsan Haqları Məhkəməsindən buna icazə alınmayınca Gürcüstan hökumətinə Ali Məhkəmənin qərarını icra eləmək qadağan olunub”, – Qvaramiya bildirib.
Onun sözlərinə görə, “Rustavi-2 Gürcüstana qarşı” işi Avropa ədalət məhkəməsinin tarixinə düşüb. O, əməkdaşlara və tərəfdaşlara təşəkkürünü bildirib.
Martın 2-də Gürcüstanın Ali Məhkəməsinin Böyük Palatası Gürcüstanın ən böyük müxalif teleşirkəti “Rustavi-2”-nin işi üzrə qərarını elan edib və teleşirkətin əvvəlki sahiblərinə qaytarılmasını qət edib. Teleşirkət səhmlərinin 60 faizi Kibar Xalvaşiyə, 40 faizi isə “Panorama” AMC-ə verilib.
Martın 3-də Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan Ali Məhkəməsinin “Rustavi-2” ilə bağlı qərarının icrasını martın 8-ə qədər dayandırıb.
Teleşirkət rəhbərliyi, jurnalistləri, müxalif siyasi partiyalar və qeyri-hökumət sektorunun böyük əksəriyyəti hazırkı hakimiyyətə loyal hesab edilən Kibar Xalvaşinin tələbini əsassız sayır və teleşirkətin işi ilə bağlı məhkəmə prosesini hakimiyyətin müstəqil teleşirkəti ələ keçirmək cəhdi ilə əlaqələndirir.