ATƏT-in Yerevan ofisi yaxın aylarda bağlanacaq. Bu haqda Ermənistan mediasına ATƏT-in baş katibinin ofisindən bildirilib.
ATƏT artıq Cənubi Qafqazda təmsil olunmayacaq, çünki Ermənistan regionda bu təşkilatın ofisinin hələ ki fəaliyyət göstərdiyi yeganə ölkədir. Mandatının uzadılmaması haqda qərar qəbul edildiyi üçün nümayəndəlik bağlanacaq. Təşkilatın bəyanatında bildirilir ki, Azərbaycan ofisin bundan sonrakı fəaliyyətinə qarşı çıxış edib.
Məlumatdan bəlli olur ki, ATƏT-ə sədrlik edən Almaniya və Avstriya regionda yeganə meydanı saxlamağa çalışıb, amma Azərbaycan heç cür razılaşmayıb. Azərbaycan tərəfi isə izah edib ki, Yerevan ofisinin xüsusən də hərbi-siyasi sahədə fəaliyyəti narahatlıq doğurur. Son illərdə ATƏT Yerevan ofisinin minalardan təmizləmə sahəsində fəaliyyəti narahatlıq üçün səbəb olub.
Azərbaycan tərəfi bu fəaliyyəti “münaqişə sonrası bərpa üzrə tədbirlər” kimi qiymətləndirib. Amma Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, söhbət minalardan təmizləmə proqramının həyata keçirilməsindən deyil, sadəcə bu mövzuda təlimlərin təşkilindən gedirdi.
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan ATƏT ofisinin bağlanması haqda xəbərlə bağlı bildirib ki, təşkilatın Bakıdakı ofisi bağlanandan sonra Azərbaycan Yerevan ofisini hədəf seçib. “Öz hədsiz destruktiv yanaşması ilə Azərbaycan özünü ATƏT-dən tamamilə təcrid edib. ATƏT-in sədrliyi, nümayəndə ölkələr, katiblik, hər kəs Yerevan ofisinin fəaliyyətini dəstəkləyir, ancaq təşkilatın konsensus prinsipindən (bu prinsipə əsasən hətta bir ölkə də qərarın qəbul edilməsinə mane ola bilər) sui- istifadə edən Azərbaycan ATƏT-in Yerevan ofisinin fəaliyyətinin davam etdirilməsinə qarşı çıxıb, bununla da özünü təşkilatla qarşı-qarşıya qoyub”, – Balayan deyib.