"Atamın həbsdə ölməsinə imkan verməməliyik" - Gürcüstanın eks-prezidentinin oğlu
Strasburqda Saakaşvilinin səhhəti ilə bağlı mətbuat konfransı
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin oğlu Strasburqda üçüncü prezidentin səhhətinə həsr olunmuş mətbuat konfransında Gürcüstan hakimiyyətinə müraciət edib. “Biz atamın həbsxanada ölməsinə imkan verməməliyik”, – Eduard Saakaşvili bildirib.
Mətbuat konfransında Mixail Saakaşvilinin ailə üzvləri – anası Giuli Alasaniya, həyat yoldaşı Sandra Rulofs, oğlu Eduard Saakaşvili, həmçinin Avropa parlamentariləri Anna Fotıqa və Miriam Leksman və Saakaşvilinin vəkili Massimo Dangelo iştirak ediblər. Onlar öz çıxışlarında bir daha hakim “Gürcü arzusu” partiyasını Saakaşvilini həbsdən azad etməyə çağırıblar.
“Biz ailəmizin tarixində bu çətin dövrü keçməliyik. Ancaq sadə həll yolu var, Gürcüstan hökumətinin düzgün addım atması və Mixail Saakaşvilinin xaricdə müalicə olunmasına şərait yaratması üçün real imkan var. Hesab edirəm ki, indi bizim Avropadakı dostlarımızın dəstəyi ilə bu çətin vəziyyəti dəyişmək üçün real şansımız var. Bu, hamımızdan – ailəmizdən, atamın həyatını xilas etmək və onun sağlamlığını qorumaq lazım olduğunu düşünən insanlardan asılıdır”, – deyə Eduard Saakaşvili bildirib.
“Keçmiş prezident Mixail Saakaşvilinin səhhəti həqiqətən çox vacib məsələdir, axı söhbət Gürcüstanda inanılmaz dəyişikliklər etmiş, ölkəni qərb relslərinə keçirməyə çalışan bir adamdan gedir”, – üçüncü prezidentin amerikalı vəkili Massimo Dangelo bildirib. Onun sözlərinə görə, Saakaşvili siyasi məhbusdur və “xilasedici” müalicəyə ehtiyacı var.
“Oktyabrın əvvəlində onu öz gözlərimlə gördüm. Həkimlər qrupu Saakaşvilinin vəziyyətinin ağır olduğunu təsdiqləyir. Ona nəinki işgəncə verib zəhərləyiblər, həm də sağlamlığını pisləşdirən dərmanlar veriblər. Onun həyatını xilas etmək üçün müalicə lazımdır. Biz “Gürcü arzusu”na və Bidzina İvanişviliyə müraciət edir, Saakaşvilinin dərhal azad edilməsini tələb edirik. Ümid edirik ki, səsimiz eşidiləcək və Mixail Saakaşvilinin həyatı xilas olunacaq”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
Avropa Parlamentinin Avropa Xalq Partiyasından (xristian demokratlar) olan deputatı Miriam Leksman bildirib ki, Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması üçün hüquqi əsaslar var. Onun sözlərinə görə, Gürcüstanın namizəd statusu əldə etmək üçün yerinə yetirməli olduğu tövsiyələrə digər məsələlərlə yanaşı, iki məqam daxildir: ədalətli məhkəmə sistemi və cəmiyyətin qütbləşməsinə qarşı mübarizə.
“283-cü maddədə göstərilən hüquqi əsas var və Saakaşvilinin sağlamlıq vəziyyətinin bu maddəyə aid olduğuna dair sübutlar mövcuddur. Hesab edirik ki, Gürcüstanın məhkəmə sistemi və hakimləri qanun çərçivəsində bu məsələyə baxmalı və Saakaşvilini azad etməlidir”, – Leksman bildirib.
Onun sözlərinə görə, Saakaşvili həbsxanada ölərsə, Gürcüstan məhkəmə sisteminin müstəqilliyindən danışmaq çətin olacaq.
Bununla bağlı Leksman daha bir səs-küylü işi – Gürcüstanın əsas müxalifət telekanalı “Mtavari Arxi”nin yaradıcısı Nika Qvaramiyanın həbsini xatırladıb:
“Gürcüstan Ombudsmanının fikrincə, Nika Qvaramiyanın işində siyasi motivlər var. Bu iki hal Gürcüstan qanunvericiliyinə uyğunlaşdırılmasa, bu, Aİ-nin “yox” deməsinə səbəb olacaq”.
Avroparlamentin deputatı Anna Fotıqa Gürcüstan prezidenti Salome Zurabişviliyə və “Gürcü arzusu” partiyasına müraciət edərək Mixail Saakaşvilini həbsdən azad etməyə çağırıb.
Fotıqa Strasburqda keçirilən mətbuat konfransında bildirib ki, üçüncü prezident humanitar əsaslarla azad edilməlidir, çünki onun səhhəti ağırdır.
“Mən Mixail Saakaşvili həbsdə olarkən ona baş çəkmək üçün iki dəfə müraciət etdim və mənə rədd cavabı verildi, baxmayaraq ki, başqa məhbusların işində mənə icazə verilmişdi… Mixail Saakaşviliyə baş çəkmək imkanın yaradılması Avropa Parlamentinin deputatları, Avropa İttifaqı liderləri üçün çox vacibdir”, – deyə Fotıqa bildirib.
- Mixail Saakaşvilinin səhhəti məhkəmədə onun xeyrinə arqumentə çevriləcəkmi?
- Saakaşvili: “Zəhərlənmədən şübhələndiyimi heç vaxt deməmişəm”
- “Siz qəzəbli və paxılsınız” – Gürcüstanın baş naziri parlamentdə müxalifətə qarşı ittihamlarla çıxış edib
Dekabrın 6-da Gürcüstanın Xalq Müdafiəçisinin yaratdığı şura Mixail Saakaşvilinin səhhəti ilə bağlı hesabat hazırlayıb. Dekabrın 5-də 4 həkim eks-prezidentə baş çəkib.
Kardioloq Giorgi Kaçaravanın fikrincə, eks-prezident müalicə yerini dəyişməlidir. Nevroloq Tengiz Tsuladze isə Mixail Saakaşvilinin səhhətinin aprel ayı ilə müqayisədə “xeyli” pisləşdiyini söyləyib.
Həmçinin, həkimlərin fikrincə, üçüncü prezident dördüncü dərəcəli kaxeksiyaya [ifrat arıqlama] əziyyət çəkir ki, bu da onun bir neçə ay ömrünün qalması deməkdir.
Ombudsman Nino Lomdjariyanın sözlərinə görə, Mixail Saakaşvilinin səhhəti hökmün təxirə salınması tələbinə uyğundur.
Dekabrın 2-də professor Devid Smitin imzası ilə ABŞ-ın toksikoloji ekspertizası dərc olunub. Orada deyilir ki, Mixail Saakaşvilinin bədənində ağır metallar və digər maddələr, o cümlədən civə və arsen aşkar edilib. Mütəxəssis Saakaşvilinin simptomlarını bu maddələrin qəbulu ilə əlaqələndirir.
- Saakaşvili ətrafında baş verənlərə Bakı və Yerevandan niyə reaksiya yoxdur? – şərhlər
- Mixail Saakaşvili haqqında gürcülərə vermək istədiyiniz 6 sual
Dekabrın 1-də “Empatiya Mərkəzi” Mixail Saakaşvilinin səhhətilə bağlı tibbi hesabat dərc edib. Bu hesabata görə, eks-prezidentdə iyirmidən çox diaqnoz və ya simptom müçahidə olunur ki, onlardan da 10-a yaxını həbslə bir araya sığmır.
“Empati”də deyirlər ki, əsas diaqnozlar açıqlanmır. Epiqrizdə yazılır ki, hazırda Mixail Saakaşvilinin vəziyyəti ağırdır və həbslə bir araya sığmayan kimi qiymətləndirilir. Onun ayrı-ayrılıqda və ya kollektiv şəkildə qoyduğu diaqnozlar adekvat diaqnostika və müalicə almaq imkanı verilmədikdə, sağlamlığının geri dönməz şəkildə pisləşməsinə, gözlənilən ömür uzunluğunun qısalmasına və hətta ölümlə nəticələnə bilər.