ATƏT müşahidəçiləri Azərbaycanda keçirilən prezident seçkilərini tənqid ediblər
Bakı
Azərbaycan, siyasət, seçkilər
Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB), ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyasının Azərbaycanda prezident seçkilərinə dair mətbuat konfransı hökumətyönlü jurnalistlər qrupunun aqressiv davranışı üzündən yarıda kəsilib.
Müşahidəçilər öz ilkin hesabatında seçki prosesində baş verən çoxsaylı faktları qeyd ediblər.
“Azərbaycanda növbədənkənar prezident seçkiləri həqiqi demokratik seçki kampaniyası üçün vacib olan əsas hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib”, – hesabatda deyilir. (Sənədin tam mətni ilə burada tanış olmaq mümkündür).
Missiya nümayəndəsinin seçki gedişatında baş verən pozuntularla bağlı sözləri bir neçə hökumətyönlü media qurumunun redaktorlarının aqressiv reaksiyasına səbəb olub.
Jurnalistlər yüksək tonla DİİHB və ATƏT missiyasının nümayəndələrindən öz hesabatını dəyişməyi tələb ediblər. Redaktorlardan biri missiyanın hesabatının “Azərbaycana qarşı təhqir olduğunu, anti-Azərbaycan qüvvələrin sifarişi ilə yazıldığını, reallıqdan uzaq olduğunu” bildirib. Bu zaman etiraz edənlərdən bəziləri missiya nümayəndələrinə qarşı açıq təhqirlər səsləndiriblər. Buna cavab olaraq, ATƏT müşahidəçiləri mətbuat konfransını yarıda kəsib, zalı tərk ediblər.
Təxminən yarım saat sonra missiya nümayəndələri nizam-intizamın pozulmayacağı zəmanətini alaraq zala qayıdıb, mətbuat konfransını başa çatdırıblar.
Onlar yerlərinə keçərək, mətbuat konfransının başa çatdığını bildiriblər və əlavə ediblər ki, monitorinq nəticələri çap variantında mövcuddur və arzu edən hər kəs onlarla tanış ola bilər.
Avropalı müşahidəçilərin tənqidi hesabatı Azərbaycanın Xarici İşlər Nazirliyinin də narazılığına səbəb olub.
Azərbaycan XİN-i ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları üzrə Bürosundan, ATƏT-dən və AŞPA-dan ölkədə keçirilən prezident seçkilərində onların bildirdiyi kimi baş vermiş pozuntulara dair sübut tələb edib.
“Bu gün missiya nümayəndələri XİN-də qəbul edilib, onlara Azərbaycan tərəfinin qəti etirazı ifadə olunub”, – XİN-in bəyanatında bildirilir.