Ararat dağının təsviri Ermənistanın sərhəd möhürlərindən çıxarılacaq. Hakimiyyət Türkiyənin tələbini yerinə yetirir?
Ararat Ermənistanın sərhəd möhüründən çıxır
1 noyabr tarixindən etibarən Ermənistan sərhədini keçərkən pasportlara vurulan dövlət möhüründə artıq Ararat dağı təsviri olmayacaq. Ermənistanda rəmz hesab olunan, amma müasir Türkiyə ərazisində yerləşən dağın təsvirinin çıxarılması qərarı təkcə müxalifətin deyil, əksər vətəndaşların da kəskin tənqidinə səbəb olub.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bununla ölkənin “milli narrativ və simvollarını dəyişdirdiyini, bununla da təhlükəsizlik sisteminin yükünü yüngülləşdirdiyini” izah edib.
Baş nazir Nikol Paşinyan və komandası bildirirlər ki, qonşuları “əsəbiləşdirən” və “təhlükəli mesajlar ötürən” təsvirlərə ehtiyac yoxdur. Müxalifət isə cavab verir ki, dağın təsviri “erməni xalqı üçün rəmzi məna daşıyır və ərazi tələbi deyil.”
Müxalifət deputatları hesab edirlər ki, sərhəd möhürünün dəyişdirilməsi ya Ankaranın təzyiqi, ya da Paşinyanın Türkiyəyə xoş gəlmək istəyi ilə bağlıdır.
“Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi 2021-ci ilin dekabrında başlayıb. Bir dəfə də olsun, Ararat dağı ilə bağlı məsələ qaldırılmayıb, heç vaxt belə bir müzakirə aparılmayıb”, – Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan əmin edib.
Son günlər bütün cəmiyyət bu mövzunu, o cümlədən sosial şəbəkələrdə müzakirə edir. İstifadəçilərin şərhləri məqalənin sonunda təqdim olunub.
- “Cənubi Qafqaz Ankaranın xarici siyasətində prioritetini itirir”: Yerevandan şərh
- “Türkiyə Ermənistanın tranzit imkanlarını məhdudlaşdırmağa çalışır”: Yerevandan şərhlər
- “Paşinyanın hakimiyyətdə qalmaq şansı yoxdur, biz seçkilərdə fəal olacağıq” — Ermənistanın sabiq prezidenti
“Hökumətin qərarının Türkiyə ilə heç bir əlaqəsi yoxdur”
Müxalifətin ittihamlarına cavab olaraq, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi bildirib ki, bu qərar Türkiyənin tələbi deyil. Ruben Rubinyan vurğulayıb ki, bu, Türkiyənin 12 sentyabrda Yerevana səfər edən xüsusi nümayəndəsi Serdar Kılıçın gəlişi ilə də bağlı olmayıb.
“Əgər fərziyyə bundan ibarətdirsə ki, qərar Türkiyə nümayəndəsinin səfərinə görə qəbul edilib, bunu çox asan təkzib etmək olar. Çünki dəyişiklik 1 noyabrdan qüvvəyə minəcək”, – deyə o, yerli mətbuata müsahibəsində qeyd edib.
Jurnalist soruşub ki, Kılıç Ermənistan sərhədini keçərkən pasportuna möhür vurulubmu? Rubinyan isə cavabında bunu bilmədiyini deyib:
“Amma əgər möhür vurulubsa, orada Araratın təsviri olmalıdır. Möhür yalnız 1 noyabrdan dəyişəcək.”
O, hökumətin sərhəd möhürünü dəyişmək qərarını texniki səbəblərlə izah edib. Rubinyanın sözlərinə görə, məqsəd möhürün ölçüsünü kiçiltməkdir. Ararat təsvirinin çıxarılması isə “Tarixi Ermənistan” deyil, “Həqiqi Ermənistan” konsepsiyası çərçivəsində qərara alınıb.
Rubinyan əmin edib ki, dünyanın əksər ölkələrinin sərhəd möhürlərində simvollar yoxdur. O, özü də hesab edir ki, belə simvollara ehtiyac yoxdur. Əlavə edib ki, əgər belə bir ehtiyac yaranarsa, “rəsmi simvollar”dan istifadə edilməlidir.
Məsələnin ölkə vətəndaşları üçün həssas olduğunu şərh edən Rubinyan deyib: “Heç kim bizdən Ararat təsvirini ala bilməz.
İndi pəncərədən baxsaq, Araratı görəcəyik. O, qarşımızda açılan mənzərənin bir hissəsidir. Onun incil simvolizmi var. Çoxlarımızın əcdadları Araratın o tayından gəlib [XX əsrin əvvəllərində baş vermiş erməni soyqırımından sonra Ermənistana köçənləri nəzərdə tutur]. Araratı dəyər bilənlər üçün o, dəyər olaraq qala bilər.”
Onun fikrincə, baş verən milli identikliyin dəyişməsi deyil, “dövlət identikliyinin formalaşdırılmasıdır.”

Müxalifət – “Türkiyənin təzyiqi” barədə
“Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın sözlərinə görə, hakimiyyət bu qərarı Türkiyənin təzyiqi altında qəbul edib:
“Bir tərəfdən təzyiq, digər tərəfdən isə türklərə xoş gəlmək istəyi.”
Parlamentin digər müxalifət qüvvəsi olan “Şərəfim var” fraksiyasının rəhbəri isə istisna etmir ki, Paşinyan bu qərarı ümumiyyətlə təzyiqsiz, öz iradəsi ilə qəbul edib.
“Paşinyanın Türkiyəyə və ya Azərbaycana pioner həvəsi ilə necə xoş gəlməyə çalışmasına sonsuz təəccüblənmək olar. […] Mən güman edirəm ki, bunu hakimiyyətdən heç kim tələb etməyib. Bu sadəcə olaraq belə bir məntiqdə atılmış addımdır: “baxın, mən bunu da edə bilərəm”, — deyə Ayk Mamicanyan bildirib.
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da sərhəd möhüründən Ararat dağı təsvirinin çıxarılması qərarını tənqid edib:
“Bu, təhlükəli güzəştdir. Xalqını ən dəyərli simvollarından diplomatiya naminə imtina etməyə məcbur edən hökumət lider deyil, kapitulyantdır.”
Oskanyan misal olaraq İrlandiya, Yunanıstan, Hindistan və digər ölkələri göstərib, hansılar ki, öz sərhədlərindən kənarda yerləşən əraziləri simvol kimi istifadə edirlər.
Paşinyanın şərhi
“Çox sadə bir nümunə gətirmək istəyirəm: sən öz evini kadastr sərhədlərin daxilində tikmisən, amma xarici divarlarda qonşunun sahib olduqlarına layiq olmadığını ifadə edən bir rəsm çəkirsən. Və hər bahar həmin rəsmə yeni boyalar çəkib, yeni elementlər əlavə edirsən. […]
Əslində, bunda nə var ki? Axı sən öz sərhədlərin daxilindəsən. Amma bu əsəb doğurur, əsəb doğurmağa davam edəcək və nəticədə mübahisəyə, münaqişəyə, müharibəyə çevriləcək”, — baş nazir bir neçə gün öncə Yerevanda keçirilən beynəlxalq konfransda bəyan edib.
Ermənistan sakinlərinin rəyləri
Ümumilikdə Ermənistan cəmiyyəti hökumətin bu qərarına tənqidi yanaşıb. Bir çoxları sosial şəbəkələrdə bu barədə fikirlərini bildirib:
“Artıq qorxaq və aciz mövqe tutmaqdan, guya müharibə olmasın deyə Türkiyəyə xoş gəlmək siyasəti aparmaqdan əl çəkin. Niyə bu, Türkiyəni əsəbiləşdirməlidir ki? Ararat erməni simvoludur. Biz öz yaddaşımızdan, xatirələrimizdən imtina etməliyik ki, türklər inciməsinlər?”
“Əgər bu məntiqlə getsək, mən də tələb edirəm ki, qonşularımız öz bayraqlarından ayı çıxarsınlar. Mənim xoşuma gəlmir ki, onların bayrağında ay təsvir olunub. Çıxaracaqlar? Ararat bizim identikliyimizin bir hissəsidir. Bunu unutmaq olmaz.”
“Deməli, əgər Türkiyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı vəzifədən çıxarmağı və ya adını dəyişməyi tələb etsə, biz bunu da yerinə yetirməliyik?”
Ararat Ermənistanın sərhəd möhüründən çıxır