İrandakı müharibə fonunda AŞ Prezidentinin Bakı səfəri: Avropa İttifaqı nə istəyir?
Antonio Kostanın Bakı səfəri
Avropa Şurasının Prezidenti Antonio Kosta Prezident İlham Əliyev ilə yüksək səviyyəli danışıqlar aparmaq üçün Bakıya səfər edib, daha sonra isə mətbuata birgə bəyanatlar verilib.
Səfər bir neçə gün əvvəl Avropa Şurası tərəfindən elan olunmuşdu və Azərbaycan “strateji əhəmiyyətə malik tərəfdaş” kimi təqdim edilirdi. Bildirilirdi ki, gündəliyin əsas mövzuları enerji mənbələrinin şaxələndirilməsi və sürətlə dəyişən “Yaxın Şərq” böhranı olacaq.
Səfərin vaxtı özü bir mesaj idi. Kosta Bakıya elə bir vaxtda gəlib ki, Avropa İttifaqı eyni anda həm Rusiyadan sonrakı enerji təhlükəsizliyi modelini formalaşdırmağa, həm də İranla bağlı müharibənin yaratdığı genişlənən regional təhlükəsizlik sarsıntısını idarə etməyə çalışır. Bakı səfərindən cəmi iki gün əvvəl Kosta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen regional liderlərlə “İranda müharibə” mövzusunda videokonfrans keçirmiş, bu münaqişənin enerji təhlükəsizliyinə təsiri barədə xəbərdarlıq etmişdilər. Bu təsirlərə enerji infrastrukturuna hücumlar və Hörmüz boğazının bağlanması riskinin yaratdığı təhlükə də daxil idi.
Azərbaycan üçün isə regional təsirlər artıq abstrakt deyil. Martın əvvəlində beynəlxalq mediada Pilotsuz Uçuş Aparatı hücumlarının Azərbaycanın Naxçıvan eksklavını hədəf aldığı, o cümlədən Naxçıvan hava limanına ziyan dəydiyi barədə məlumatlar yayıldı; İran isə məsuliyyəti inkar etdi.
Bakıda Kosta bu gərginliyə birbaşa toxunaraq, Avropa İttifaqının Azərbaycanla “tam həmrəyliyini” ifadə edib. O, İrandan Aİ vətəndaşlarının təhlükəsiz şəkildə repatriasiyasına kömək etdiyinə görə Bakıya təşəkkür edib.
Eyni zamanda, Cənubi Qafqaz sülh prosesi hər iki tərəfin indi nadir bir imkan pəncərəsi kimi xarakterizə etdiyi mərhələyə daxil olub. Aİ-Azərbaycan birgə mətbuat mətnində Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşmasında yaranmış “tarixi dinamika” alqışlanıb. 2025-ci il 8 avqust Vaşinqton sammitinin nəticələri mühüm mərhələ kimi qeyd edilib.
Kosta da Bakıda mətbuata verdiyi açıqlamasında sülh prosesində əldə olunan irəliləyişi “tarixi” adlandırıb. O, Aİ-nin iştirakını vasitəçilik nümayişindən çox, razılaşmaların icrası və iqtisadi qarşılıqlı asılılığın gücləndirilməsi üzərində qurub.
Tarixi və strateji kontekst
Aİ-Azərbaycan münasibətləri hələ də 1996-cı ildə imzalanmış və 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə (PCA) əsaslanır. Zaman keçdikcə bu münasibətlər iki davamlı reallıqla formalaşıb: Azərbaycanın coğrafi baxımdan tranzit və dəhliz ölkəsi kimi rolu və onun karbohidrogen ehtiyatları.
İnstitusional baxımdan Brüssel artıq illərdir yenilənmiş “yeni çərçivə” sazişi üzərində danışıqlar aparır. Avropa Şurası 2016-cı ildə danışıqlar üçün mandat qəbul edib, 2017-ci ildə isə danışıqlar başlayıb. Səfəri zamanı Kosta bildirib ki, tərəflər daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirlər. O, mövcud dialoq mexanizmlərini, o cümlədən insan hüquqları üzrə dialoqu xüsusi olaraq qeyd edib.
Aİ-Azərbaycan birgə mətbuat bəyanatı da yeni hərtərəfli ikitərəfli sazişin tezliklə yekunlaşdırılması və Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetlərinin yenilənməsi öhdəliyini bir daha təsdiqləyib.
Strateji baxımdan isə hazırkı mərhələ Aİ-nin 2022-ci ildən sonra enerji siyasətində etdiyi dəyişikliyin davamıdır. 2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Azərbaycanla “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu (MoU)” imzalayıb. Bu sənəd Rusiyanın fosil yanacaqlarından imtina strategiyası ilə birbaşa əlaqələndirilir.
Memorandum Cənub Qaz Dəhlizinin gücünü iki dəfə artırmaq niyyətini ehtiva edirdi. Məqsəd 2027-ci ilə qədər Avropa İttifaqına ildə ən azı 20 milyard kubmetr qaz çatdırmaq idi.
Bu enerji gündəliyi Aİ siyasətinin Rusiya qazından tam imtina etmək istiqamətində addımları ilə daha da əhəmiyyətliləşib. Buı ilin yanvarında Avropa Şurası Rusiya boru kəməri qazı və LNG-dən mərhələli imtinanı nəzərdə tutan tənzimləməni rəsmi şəkildə qəbul edib. Bu tənzimləməyə əsasən:
- 2027-ci ilin əvvəlindən LNG idxalına tam qadağa,
- 2027-ci ilin payızından isə boru kəməri qazına qadağa tətbiq olunacaq.
Başqa sözlə, İran böhranından əvvəl belə, Avropa İttifaqının Rusiya xaricində dayanıqlı enerji təchizatı zəncirlərinə və nəqliyyat dəhlizlərinə olan tələbatı artıq struktur şəkildə artmaqda idi.
Vurğulanan mövzular: enerji, əlaqə, təhlükəsizlik, iqlim və sülh
Səfərin ictimai qeydləri – birgə mətbuat mətnləri və hər iki liderin mətbuat açıqlamaları münasibətlərin yalnız “qaz əməkdaşlığı” ilə məhdudlaşdırılmaması istiqamətində şüurlu cəhd göstərildiyini nümayiş etdirir. Bununla belə, qazın birdən-birə ikinci plana keçdiyi də iddia edə bilmərik.
Enerji əsas sütun olaraq qalır. Birgə mətbuat bəyanatında Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi rolu qeyd edilib. 2022-ci il Anlaşma Memorandumunun (MoU) icrasının davam etdirilməsi öhdəliyi vurğulanıb.
Kosta enerji tərəfdaşlığını birbaşa böhranların idarə olunması ilə əlaqələndirib. Onun sözlərinə görə, “İranda müharibə qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda bu tərəfdaşlıq həmişəkindən daha vacibdir”.
Aİ institutları həmçinin Cənub Qaz Dəhlizini Xəzər regionundan Cənub-Şərqi Avropaya enerji təchizatının şaxələndirilməsi marşrutu kimi təqdim etməyə davam edir.
Əlaqə və nəqliyyat ikinci əsas mövzu olub, lakin burada qeyri-adi dərəcədə konkret istinadlar yer alıb. Birgə bəyanatda Azərbaycanın Orta Dəhliz vasitəsilə “əsas rol” oynadığı vurğulanıb. Aİ-nin dəstəyi “Qlobal Keçid” (Global Gateway) təşəbbüsü çərçivəsində qeyd edilib. Bu dəstəyə Naxçıvan Muxtar Respublikasında dəmir yollarının modernizasiyasına dəstək və “TRIPP” layihəsi üzrə işlərin davam etdirilməsi daxildir.
Kosta ayrıca Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanmasını Orta Dəhlizin strateji imkanlarının reallaşması üçün “zəruri” adlandırıb.
“Əlaqə” anlayışının praktikada nə demək olduğunu iki layihə göstərir:
- Qara dəniz sualtı kabel layihəsi: Birgə bəyanatda “Qara dəniz sualtı kabel layihəsi kimi elektrik əlaqələndirmə təşəbbüsləri” bərpa olunan enerji yönümlü əməkdaşlığın bir hissəsi kimi qeyd edilib. Bu təşəbbüs Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 2022-ci ildə Buxarestdə imzalanmış yaşıl enerji ötürülməsi üzrə strateji tərəfdaşlığa əsaslanır. Həmin sənəd imzalanarkən Ursula fon der Leyen tərəfindən də dəstəklənib.
- “Qlobal Keçid” çərçivəsində Orta Dəhliz gündəliyi: Avropa Komissiyasının hesabatlarında qeyd olunur ki, 2022-ci ildən 2025-ci ilin sonuna qədər Orta Dəhliz boyunca yük daşımaları dörd dəfə artıb. Bu marşrut Şimal Dəhlizinə etibarlı, uzunmüddətli alternativ kimi təqdim edilir.
Regional təhlükəsizlik və sülh məsələlərinə gəldikdə, birgə bəyanatda Ermənistan-Azərbaycan sülh prosesində yaranmış “tarixi dinamika” alqışlanıb. Aİ-nin ikitərəfli sülh prosesinə dəstəyi bir daha təsdiqlənib.
Kosta da çıxışında bunu təkrarlayaraq bildirib ki, Aİ Vaşinqton razılaşmalarının həyata keçirilməsini dəstəkləyir. O, vurğulayıb ki, davamlı sülh yalnız “kağız üzərində razılaşmalar” deyil, gündəlik iqtisadi əlaqələr vasitəsilə qurulur.
Sənədlərdə təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq da qeyd edilib, o cümlədən:
- mütəşəkkil cinayətkarlıqla mübarizə,
- qeyri-qanuni miqrasiya sahələrində əməkdaşlıq.
Geosiyasi kontekst də açıq şəkildə vurğulanıb: liderlər İran və Ukraynadakı hadisələri müzakirə ediblər. Kosta daha da irəli gedərək İrandakı eskalasiyanın artıq Azərbaycana da təsir etdiyini bildirib. O, bunu beynəlxalq hüquqa zidd hərəkətlərin daha geniş bir nümunəsi kimi xarakterizə edib.
Nəhayət, iqlim, rəqəmsal sahə və insanlararası əlaqələr tərəfdaşlığın “üçüncü sütunu” kimi təqdim edilib. Bildirilir ki, bunun məqsədi əməkdaşlığı daha dayanıqlı və gələcəyə yönəlik etməkdir. Birgə mətbuat mətnində COP29-un nəticələri alqışlanıb, iqlim və ətraf mühitin qorunması sahəsində əməkdaşlığa hazır olduqları təsdiqlənib, həmçinin rəqəmsal transformasiya və süni intellekt xüsusi vurğulanıb.
Bundan əlavə, mobillik və mövcud viza sadələşdirilməsi məsələləri də diqqətə çatdırılıb.
Analitik baxış: səfər təsir imkanları, məhdudiyyətlər və kompromislər haqqında nə göstərir?
Bakıdakı görüşlər göstərir ki, münasibətlər strateji məzmun baxımından genişlənir, lakin eyni zamanda daxili ziddiyyətlər də artır.
Enerji və iqtisadiyyat sahəsində Azərbaycanın əsas təsir vasitəsi ondan ibarətdir ki, o, fiziki olaraq Avropa ilə əlaqəli enerji təchizatçısıdır. Bu, Aİ-nin Rusiya qazından asılılığı qanunvericilik yolu ilə azaltmağa çalışdığı və eyni zamanda Yaxın Şərqdə təchizat zəncirlərində yaranan kəsintilərlə üzləşdiyi bir dövrdə xüsusilə əhəmiyyətlidir.
Kostanın ifadələri – İran müharibəsini enerji bazarındakı dalğalanmalarla əlaqələndirməsi göstərir ki, Brüssel Azərbaycanı artıq təkcə enerji təchizatçısı kimi deyil, həm də regional “risk amortizatoru” portfelinin bir hissəsi kimi görür.
Lakin bu münasibətlər heç bir tərəf üçün xərcsiz ötüşmür. Aİ üçün enerji əməkdaşlığının genişləndirilməsi iqlim siyasəti və idarəetmə dəyərləri ilə müəyyən gərginlik yaradır. 2022-ci il Anlaşma Memorandumu bu ziddiyyəti azaltmağa çalışaraq qaz həcmlərinin artırılmasını metan emissiyalarının azaldılması və təmiz enerji elementləri ilə birləşdirmişdi.
Buna baxmayaraq, Aİ dekarbonizasiya öhdəliklərinə sadiq olduğu halda yeni iri qaz infrastrukturlarının maliyyələşdirilməsi struktur baxımından çətin olaraq qalır. Bu məsələ tez-tez ictimai müzakirələrdə də gündəmə gəlir: Azərbaycanın ildə 20 milyard kubmetr qaz hədəfinə çatmasının Avropanın uzunmüddətli öhdəlikləri və investisiyaları olmadan mümkün olub-olmayacağı sual altındadır.
Azərbaycan üçün isə imkan yalnız boru kəməri qazı ilə məhdudlaşmır. Bakının özünü regional əlaqə mərkəzi kimi təqdim etmək istəyi hər iki tərəfin qaz məsələsini Orta Dəhliz, Naxçıvan dəmir yolunun modernizasiyası və Qara dəniz elektrik interkonnektoru kimi layihələrlə birlikdə müzakirə etməsində aydın görünür.
Bu layihələr həyata keçirilərsə, Azərbaycan-Aİ qarşılıqlı asılılığı yalnız enerji ilə məhdudlaşmayacaq, həm də logistika, enerji şəbəkəsi infrastrukturu və rəqəmsal əlaqələr kimi sahələrə yayılacaq. Bu sektorlar adətən xammal ticarətindən daha uzunmüddətli institusional bağlılıq yaradır.
Regional təhlükəsizlik baxımından səfər göstərir ki, Brüssel Ermənistan-Azərbaycan prosesində “vasitəçi” rolundan “dəstək verən və investisiya edən tərəfdaş” roluna doğru yönəlir. Aİ 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanan sülh müqaviləsini və siyasi bəyannaməni alqışlayıb və normallaşma prosesinin bir hissəsi kimi regional əlaqə layihələrinə investisiya qoymağa hazır olduğunu bildirib.
Kostanın Bakıdakı açıqlamaları da bu məntiqi davam etdiririb: Aİ razılaşmaların həyata keçirilməsini dəstəkləyir və iqtisadi qarşılıqlı asılılığın “açılmasını” sabitləşdirici amil kimi görür.
Lakin təhlükəsizlik böhranları əlaqə diplomatiyasını tez bir zamanda kölgədə qoya bilər. Naxçıvana edilən dron hücumları regiondakı müharibə dinamikasının Azərbaycanın nəqliyyat və enerji infrastrukturunu strateji hədəf və ya risk zonasına çevirə biləcəyini göstərir.
Aİ-nin İran böhranı ilə bağlı bəyanatı da enerji infrastrukturuna hücumları və Hörmüz boğazında mümkün pozuntuları vurğulayaraq enerji təhlükəsizliyi diplomatiyası ilə sərt təhlükəsizlik məsələlərinin artıq bir-birinə sıx bağlı olduğunu göstərib.
Digər sahələrdə – rəqəmsal inkişaf, iqlim və insanlararası əlaqələrdə Bakıdakı bəyanatlar daha çox niyyətləri göstərir, konkret nəticələr isə hələ məhduddur. Lakin bu niyyətlər siyasi və narrativ legitimlik baxımından əhəmiyyətlidir. Hər iki tərəf rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlığı açıq şəkildə qeyd edib. Bununla Aİ-Azərbaycan münasibətlərinin Avropanın daha geniş dayanıqlılıq gündəliyinin bir hissəsi kimi təqdim edildiyini göstərib.
Mobillik və viza sadələşdirilməsi daxili siyasət baxımından vacibdir, çünki onlar vətəndaşlar üçün konkret faydalar yaradır. Lakin eyni zamanda Aİ-də qeyri-qanuni miqrasiya və təhlükəsizlik məsələlərinin getdikcə daha çox diqqət mərkəzində olması səbəbilə siyasi baxımdan həssasdır.
Son bir məhdudiyyət isə reputasiya məsələsidir. Aİ institutları özləri də bildirir ki, insan hüquqları, vətəndaş cəmiyyətinin fəaliyyəti və media azadlığı Aİ-Azərbaycan münasibətlərinin “əsas tərkib hissəsidir”.
Beynəlxalq monitorinq təşkilatları da son seçki dövrlərində Azərbaycanın siyasi mühitini “məhdud” kimi xarakterizə ediblər. Strateji maraqlar daha dərin əməkdaşlığa təkan versə belə, Aİ-nin “dəyərlərə əsaslanan tərəfdaşlıq” narrativini çətinləşdirir.
Kostanın “insan hüquqları”nı dialoq mexanizmləri arasında ayrıca qeyd etməsi göstərir ki, Brüssel bu mövzunu gündəmdə saxlamağa çalışır. Eyni zamanda isə enerji və təhlükəsizlik əməkdaşlığını genişləndirir.
Antonio Kostanın Bakı səfəri