Rəsmi mənbələrin məlumatına görə, Ankaranın mərkəzində, qələbəlik meydanda terrorçu-kamikadze tərəfindən avtomobilin partladılması nəticəsində ən azı 34 nəfər ölüb və 125 nəfər xəsarət alıb. Kızılay meydanında baş verən partlayış Türkiyə paytaxtının mərkəzində sayca ikinci güclü partlayışdır. Fevralın 17-də avtomobilin partladılması nəticəsində 29 insanın həyatına son qoyan birinci hadisədən bir aydan da az vaxt keçib. Silahlıların belə qısa bir müddət ərzində baş nazirin qərargahı, parlament binası və xarici ölkə səfirliklərinin qonşuluğunda yerləşən əraziyə yeni zərbə endirə bilməsi faktı Türkiyənin İslam dövləti qruplaşması və kürd üsyançıları tərəfindən ikiqat təhdidin öhdəsindən gələ bilib-bilməməsini sual altına qoyur.
Ötən ilin ortalarında baş verən, əksəriyyətinin İŞİD tərəfindən törədildiyi bildirilən bir sıra məhvedici hücumdan, o cümlədən də ötən ilin oktyabr ayında Ankarada baş verən və 103 nəfərin ölümünə səbəb olan iki terror aktından sonra Türkiyə yüksək hazırlıq vəziyyətinə gətirilmişdi.
Bazar günü baş verən partlayış Türkiyə üçün çox həssas bir dövrə təsadüf etdi. Çünki hazırda ölkə qeyri-leqal miqrasiya ilə bağlı böhranın həllində Avropa İttifaqına göstərdiyi dəstəyin qarşılığı olaraq özünün Aİ blokunda üzvlüyünü tezləşdirməyə çalışır.