Amnesty International Gürcüstandakı seçkilər haqqında
Beynəlxalq insan haqları təşkilatı Amnesty International bildirir ki, Gürcüstanda bələdiyyə seçkiləri müxalifət partiyalarına və vətəndaş cəmiyyətinə qarşı sərt siyasi repressiyalar fonunda keçirilir.
Gürcüstanda bələdiyyə seçkiləri 2025-ci il oktyabrın 4-nə təyin edilib. Həmin gün Tbilisidə hakimiyyətin “sülh yolu ilə devrilməsi” məqsədilə genişmiqyaslı etiraz aksiyası planlaşdırılıb.
Hakim “Gürcü Arzusu” partiyası və seçkilərdə iştirak edən iki müxalifət partiyası insanları səs verməyə çağırır. Aksiyanın təşkilatçıları və seçkiləri boykot edən partiyalar isə seçiciləri seçki məntəqələrinə deyil, mitinqə gəlməyə çağırır.
Seçkilər müxalifət liderlərinin həbsdə olmasına baxmayaraq keçirilir. Hazırda altı müxalifət lideri – etiraz hərəkatında fəal iştirak edənlərin demək olar ki, hamısı həbsdə saxlanılır.
Amnesty International genişmiqyaslı repressiv kampaniyaların baş verdiyini qeyd edir. Bu kampaniyalar siyasi motivli cinayət təqiblərini, müstəqil medianın və vətəndaş cəmiyyətinin məhdudlaşdırıcı qanunlar və cəza tədbirləri vasitəsilə boğulmasını, həmçinin etirazçılara qarşı kütləvi, əsassız həbsləri və amansız rəftarı əhatə edir.
“Müxalifət liderləri həbsdədir, vətəndaş cəmiyyəti təşkilatlarına isə təzyiq göstərilir. Gürcüstan hakimiyyəti insanların ifadə azadlığı və dinc toplaşma hüquqlarını əlindən alan kampaniya aparır.
Gürcüstan hakimiyyəti insan haqları sahəsindəki öhdəliklərinə əməl etməli, polis tərəfindən qanunsuz güc tətbiqinə, əsassız həbslərə, işgəncələrə və etirazçılara qarşı digər zorakılıq formalarına son qoymalıdır. Bu cür pozuntular 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra ölkəni dərin insan haqları böhranına sürüklədi”, — deyə Amnesty International təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.