Amerikalı ekspert ABŞ hərbçilərinin Gürcüstanın Cavaxeti regionunda yerləşdirilməsini təklif edir
Amerikalı analitik, nüfuzlu “Heritage Foundation” mühafizəkar institutunun üzvü Lük Koffi Suriyadan çıxarılmış ABŞ hərbçilərinin Gürcüstanda, konkret olaraq ölkənin cənubunda, etnik erməni əhalinin kompakt yaşadığı Cavaxeti regionunda yerləşdirilməsini təklif edir.
Bu barədə o, “Twitter”də yazıb.
«Təklif: Suriyanı tərk edən ABŞ qoşunları Gürcüstana göndərilə və İŞİD-in bərpa olunacağı təqdirdə sürətli cavabın verilməsi üçün “üfüqdən kənarda” qüvvə ola bilər. ABŞ Axalkalakidəki keçmiş Rusiya bazasından istifadə edə bilər ki, bu da Raqqadan cəmi 740 kilometr məsafədə yerləşir. İndi Gürcüstan İraqdan daha etibarlıdır», — Koffi yazıb.
Proposal: US troops leaving Syria could be sent to Georgia & become an “over the horizon” force to respond quickly if ISIS reconstitutes.
USA could use old Russian base at Akhalkalaki which is only 460 miles (740km) from Raqqa.
Georgia more dependable than Iraq right now. 👇🏻 pic.twitter.com/VdIjEONwcO
— Luke Coffey (@LukeDCoffey) October 24, 2019
Koffi vurğulayır ki, bu, onun şəxsi ideyasıdır və Vaşinqtonda bu müzakirə edilmir. Amerikalı hərbçilərin Gürcüstanda yerləşdirilməsinin Gürcüstanla Türkiyənin münasibətlərini korlayacağını hesab edən tənqidçilərə Koffi Gürcüstan-Türkiyə münasibətlərinə daha diqqətlə yanaşmağı tövsiyə edir.
«Çoxları soruşur ki, logistika necə olacaq? Bu, cəmi 750 kilometrdir. Düşünürəm ki, ABŞ hərbi qüvvələri bu məsafəni qət etmək iqtidarındadırlar. O ki qaldı Türkiyə ilə məsələnin nə yerdə olacağını soruşanlara, onlar sadəcə olaraq Türkiyə-Gürcüstan münasibətlərini anlamırlar. Bu, həm də Rusiyanın qarşısını alacaq» — Koffi yazır.
•Mövqe: Gürcüstan-NATO. On il dairə üzrə var-gəl
Gürcüstanda Koffinin təklifinin həyata keçirilməsinin mümkünlüyünə bədbin yanaşırlar.
«Lük Koffinin maraqlı ideyaları olur, o, yaxşı analitik və Gürcüstanın dostudur. Lakin onun ideyalarının hansının həyata keçirilməsinin mümkün olub-olmaması başqa məsələdir. Prinsip etibarilə, bu adam Gürcüstan hökumətinin etməli olduğunu edir, konkret olaraq, o, daim Qərbi və bütün dünyanı Gürcüstanla bağlı “narahat edir” və daim Gürcüstan məsələsini aktuallaşdırır», — Gürcüstanın Strateji analiz mərkəzinin direktoru və müdafiə sahəsində ekspert Nodar Xarşiladze belə hesab edir.
Beynəlxalq münasibətlər üzrə ekspert Tornike Şaraşenidze deyir ki, Koffinin təşəbbüsü xoş səslənir, lakin o, reallıqdan uzaqdır.
«Bu Koffini dinləmək elə xoşdur ki. Lakin ən yaxşısı xırdaçılığa varmamaq və amerikalı hərbçilərin birbaşa Qoridə [gürcü-osetin münaqişəsi zonasına bitişik region, burada rusiyalı hərbçilər qərarlaşıb – JAMnews] yerləşdirilməsini tələb etməkdir» — Şaraşenizde “Facebook”da yazır.
____________________
•2018-ci ilin fevral ayında “Heritage” fondunun tədqiqatçısı və beynəlxalq siyasət icmalçısı Lük Koffi dərc etdiyi məqalədə Gürcüstanın NATO-ya daxil olmasının yeni modeli barədə yazıb. O hesab edir ki, Gürcüstanın Şimali Atlantika alyansına sürətli qəbulu yalnız bir şərtlə mümkündür – əgər kollektiv müdafiəni ehtiva edən NATO müqaviləsinin beşinci maddəsi müvəqqəti olaraq Abxaziyaya və Cənubi Osetiyaya şamil edilməyəcəksə.
•Bu həftə prezident Donald Trampın əmri ilə Suriyanın şimal-şərqindən çıxarılmış ABŞ ordusunun bir neçə bölməsi qərbi İraqa göndərilib. ABŞ müdafiə naziri Mark Esperin sözlərinə görə, onlar “İslam dövləti”nə qarşı əməliyyatı davam etdirəcəklər. Bununla birlikdə, cümə axşamı günü Pentaqonda təsdiqləyiblər ki, neft yataqlarının terrorçu təşkilatın silahlılarından müdafiəsi üçün Suriyanın şimal-şərqinə əlavə qüvvələr göndərməyə hazırdırlar.