Alovla mübarizə aparanların Yeni ili
Nə vaxtsa fikirləşmisiz, sutkalıq növbətçilikdə olan adamlar Yeni ili necə qeyd edirlər? Dekabrın 31-i gecə hamının bayram süfrəsi arxasında şənləndiyi vaxt, misal üçün, yanğın söndürənlər iş başında olur və hər an köməyə gəlməyə hazırdılar.
Həyatında heç olmasa bir dəfə bunların çiyinlərində gəzdirdiyi yükü öz üzərində hiss etmək lazımdır. Biz bu ilə 24 saat ərzində yanğın söndürənlərlə növbətçilik çəkməklə başladıq. Hələ ki, çağırış yoxuydu Yerevanın Xilasetmə İdarəsinin Erebuni şöbəsinin Üçüncü Yanğından Mühafizə Dəstəsinin işçiləri ötən illlərin Yeni il xatirələri ilə bölüşürdülər.
Kapitan Qarnik Papoyan
“Biz hələ bir neçə ay qalmış bu gün növbətçilik edib-etməyəcəyimizi öyrənirik. 2002-ci ildən xidmət edirəm, bu 13 il ərzində 7 dəfə Yeni ili növbətçilikdə qarşılamışam.
Çavuş Oqanes Qevorkyan
“Bu günə biz necə lazımdır, hazırlaşırıq: yolkanı bəzəyirik, ərazini bəzəyirik, bayram yeməkləri hazırlayıb, gətiririk. Burada da ev ab-havası yaratmaq istəyirik, axı ilin müəyyən hissəsini biz xidmətdə, bax bu otaqlarda keçiririk. Amma bayram öz yerində, xidmət öz yerində. Yeni il ab-havası bizə sayıqlığımızı əldən verməyə mane olmur.
Çavuş Ayk Mardanyan
“Ailəm həmişə istəyir ki, mən bu günü onlarla keçirim, amma onlar işimin necə vacid olduğunu gözəl başa düşürlər, mənim peşəmə hörmətlə yanaşırlar. Saat 12-ni vuranda mən ürəyimdə arzu tuturam ki, növbətçilik hadisəsiz keçsin, insanlar Yeni ili özlərinin isti rahat evlərində problemsiz keçirsinlər. Axı bizim də evimiz, ailəmiz, uşaqlarımız var.
Kapitan Qarnik Papoyan
“Bir neçə il əvvəl, gecə saat 12-ni vurandan bir neçə dəqiqə sonra biz məlumat aldıq ki, evlərdən birində yanğın başlayıb. Hadisə yerinə getdik, məlum oldu ki, eyvanda kabab bişirirlərmiş, qonşular da elə bilib ki, yanğındı və qorxuya düşüblər.
Çavuş Ayk Mardanyan
“Bu günlərdə insanlar həmişəkindən daha diqqətsiz olurlar, yanğınla rəftar qaydalarına riayət etmirlər. Hadisə yerinə gəlib çıxırıq, məlum olur ki, artıq keflənən ev sahibləri qızdırıcı cihazı yanılı qoyublar, naqillər bərk qızıb, bundan da qısa qapanma, dalınca da yanğın baş verib.
Çavuş Artur Martirosyan
“Bu hadisə iki il əvvəl olub, biz yenə də Yeni il gecəsində növbə çəkirdik. Gecə yarıya bir az qalmış məlumat aldıq ki, Razdan dərəsindəki “Parvana restoranında yanğın başlayıb. Hadisə yerinə getdik, çox böyük yanğınıydı, bir çox Yerevan dəstələri artıq ordaydı. Ancaq bir neçə saatdan sonra qayıda bildik, təpədən dırnağa qədər islanmışdıq. Bu mənim üçün ən yadda qalan Yeni il oldu.
Gizir Aram Petrosyan
“Dəstəmizdə Yeni illə bağlı bir ənənə var. Yanvarın biri səhər, növbətçiliyi təhvil verəndən sonra növbə ilə dəstəmizin bütün üzvlərinin evinə bir-bir gedirik. Kiminsə bəxti gətirmir, çünki onun evinə ən axırıncı gedib çıxırıq, yəni o evinə ən axırıncı gəlir. Fövqəladə şəraitdə xidmət bizi bir-birimizə çox yaxınlaşdırır, birləşdirir, biz istənilən anda insanların köməyinə gəlməyə hazır olan bir ailəyə, komandaya çevrilirik.
Kapitan Qarnik Papoyan
“Bir hadisə də yadıma düşdü. Yeni il növbətçiliyi vaxtı, gecə saat 12-dən sonra çağırış oldu. Bir neçə dəqiqə keçəndən sonra biz artıq hadisə yerindədik. Demə, çağırış yanlışıydı, heç nə baş verməmişdi! Bizi çağıran adam çox ciddi bir ifadəylə mənim üzümə baxaraq, soruşdu: “Qardaş, sizin yanğın söndürmə maşınında ehtiyatda araq şüşəsi yoxdur ki? Onu götürüb, yanıma qalxın, xahiş edirəm. Bilmirdik, gülək ya ağlayaq. Təbrik edib, çıxdıq. Həqiqətən də yanğın, bədbəxt hadisələr, qurbanlar olmaqdansa, belə hadisələr yaxşıdır.
Çavuş Mardanyanın arzusu yerinə yetdi, bu Yeni il hadisəsiz ötüşdü. Təbii ki, biz də yanğın söndürənləri iş başında görmədik. Düzdür, bu çox maraqlı ola bilərdi, amma növbətçiliyin sakit keçdiyinə də sevindik. Kapitan Papoyanın komandası növbəni təhvil verib, hər il təkrarlanan rituala keçərək, qrup üzvlərinin evlərini bir-bir gəzməyə getdi.