Almaniyadan deportasiya olunanlar Azərbaycanda həbs edilir
Almaniyadan deportasiya olunan növbəti azərbaycanlı siyasi mühacir vətənində həbs edilib. Rəsmilər Ziya İbrahimli və digərlərinin həbslərində siyasi motiv olmadığını bildirsələr də, siyasi mühacirlər bu halları Almaniya və Azərbaycan hökumətləri arasındakı sövdələşmənin nəticəsi hesab edirlər.
- “Əsas üçün mübarizə aparırıq” – yüzlərlə jurnalist Tbilisidə küçə etirazında. Foto
- Azərbaycanlı bloqerə 28 sutka həbs, “Sərhədsiz Reportyorlar” ona azadlıq tələb edir
- Azərbaycan möhkəmlənmiş avtoritar rejimli ölkələr sırasına daxil edilib
Mayın 19-da gecə saatlarında Almaniyada sığınacaq almış azərbaycanlı siyasi mühacir Ziya İbrahimli Azərbaycana deportasiya edilib.
“Almaniya polisi zorakılıq edib, Ziya bəyə xəsarət yetirib, yaşadığı mənzilin qapılarını sındırıblar, əlindən telefonunu alıblar ki, heç kimə məlumat verə bilməsin”, – Almaniyada yaşayan digər siyasi mühacir, keçmiş siyasi məhbus, jurnalist Əfqan Muxtarlı bildirib.
Jurnalistin sözlərinə görə, Ziya İbrahimli bir neçə ay əvvəl də deportasiya ilə üzləşib:
“Beynəlxalq təşkilatların və bizim səyimizlə deportun qarşısı alındı. Ziya bəyi apran təyyarəni yerə endirib, onu düşürdülər. Və oturum verəcəklərini demişdilər. Amma bu dəfə gözlənilmədən, xəbərdarlıq edilmədən Ziya bəyi deport etdilər”.
Ziya İbrahimli kimdir?
Ziya İbrahimli müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Biləsuvar rayonundakı funksionerlərindən biri olub. 2018-ci il prezident seçkilərdə fəallıq göstərib, saxtakarlığa qarşı mübarizə aparıb. Bu səbəbdən də təqib olunub, ölkəni tərk etmək məcburiyyətində qalıb. Elə həmin il Almaniyada siyasi sığınacaq alıb.
Rəsmi ittiham
Siyasi mühacir Almaniyadan ölkəyə qayıdar-qayıtmaz Bakı hava limanındaca həbs edilib.
Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Ziya İbrahimli aliment ödəmədiyi üçün 2019-cu ildən axtarışa verilib və məhz bu səbəblə Almaniyadan deportasiya olunub və həbs edilib.
Bu haqda DİN sözçüsü Elşad Hacıyevin sosial şəbəkədə yazdığı şərhə cavab olaraq İbrahimlini yaxından tanıyanlar “aliment ödəməyib” iddiasının yalan olduğunu, onun övladlarının 18 yaşdan böyük olduqlarını və yetkinlik yaşlarına çatana qədər İbrahimlinin övladlarına aliment ödədiyini bildiriblər.
Mayın 20-də Biləsuvar Məhkəməsində hakim qarşısına çıxarılan Ziya İbrahimli 1 ay inzibati həbs cəzası ilə cəzalandırılıb. Əfqan Muxtarlının bildirdiyinə görə, o, məhkəmədə vəkillə təmin olunmayıb.
“Hələ ki, Ziya bəyə heç kimlə görüşməyə imkan verilməyib. Hazırda vəkil Nemət Kərimli onunla görüş almağa çalışır”, – Muxtarlı deyib.
Sayca altıncı
İbrahimli son zamanlar Almaniyadan deportasiya olunan və Azərbaycanda həbs edilən altıncı siyasi mühacirdir.
Bu il martın 29-da Almaniyadan Azərbaycana deportasiya edilən Samir Aşurov heç bir ay keçməmiş aprel ayında həbs edilib. O, bıçaqla yaralamada ittiham olunur.
Vəkili Zibeydə Sadıqovanın “Meydan TV”-yə verdiyi məlumata görə, müvəkkili bu ittihamı qəbul etməyib. Özünü təqsirli bilmədiyini vurğulayan Aşurov deyib ki, ümumiyyətlə, üstündə bıçaq olmayıb. Cinayət predmeti olduğu iddia edilən bıçağı zorla onun cibinə qoyublar. Siyasi sifarişlə həbs olunduğunu bildirən Samir Aşurov əlavə edib ki, qanunsuz həbsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb.
Ötən ilin iyun-noyabr ayları arasında Almaniyadan deportasiya olunan dörd siyasi mühacir narkotik alverində ittiham olunaraq həbs edilib.
Bunlar Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimlidir.
AXCP fəalı Mütəllim Orucov və Malik Rzayevin vəkili Nemət Kərimli “BBC News Azərbaycanca”ya bildirib ki, müdafiə etdiyi şəxslər deportasiya olunub Azərbaycana gətiriləndən sonra karantin qaydalarına görə Olimpiya İdman şəhərciyində saxlanılıblar və həmin müddətdə onlar özlərini təqdim etməyən və ya miqrasiya idarəsindən gəldiyini deyən şəxslər tərəfindən dindiriliblər.
“Onlara Almaniyada görüşdükləri, siyasi mühacir olan adamların şəkillərini göstəriblər, onlarla bağlı suallar veriblər. Siyasi tədbirlərdə iştirak edib-etmədikləri barədə sorğu-sual olunublar”, – Kərimli deyib.
Vəkilin sözlərinə görə, istintaq zamanı işgəncə ilə müvəkkillərindən narkotiklə bağlı etirafedici ifadə almağa çalışıblar.
Almaniya səfirliyi həbslərdən məlumatlıdır
Bir müddət əvvəl siyasi mühacirlərin Almaniyadan deportasiya olunması və daha sonra onların Azərbaycanda həbs edilməsi ilə bağlı “BBC News Azərbaycanca” Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Səfirlikdən bildirilib ki, ölkəyə gələndən sonra həbs olunan insanlar barədə məlumatlıdırlar və “onlara məlum olan bütün hallarla bağlı əlaqə qurulub”.
Almaniya səfirliyindən onu da bildiriblər ki, bu ölkədən Azərbaycana 2020-ci ildə 62, 2019-cu ildə isə 232 nəfər deportasiya olunub.
Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissya haqqında sazişə görə, tərəflər insan hüquq və azadlıqları barədə müvafiq beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə əməl etməlidirlər.
Almaniya və Azərbaycan hökumətləri arasında sövdələşmə?
Hazırda Almaniyada olan azərbaycanlı siyasi mühacirlər hesab edirlər ki, bütün bu “deportasiya-həbs” halları Almaniya və Azərbaycan hökumətləri arasındakı sövdələşmənin nəticəsidir.
“Almaniya höküməti azərbaycanlı siyasi mühacirləri Əliyevə hədiyyə verməkdə davam edir. Bakıdan göndərilən siyahı əsasında deportlar həyata keçirilir. Bundan əvvəl Bakıya qayıdan 5 siyasi mühacirin artıq həbs edilməsinə baxmayaraq, bu gecə yenə siyasi mühacirləri deport ediblər. Almaniyanın indiki höküməti rüşvət qarşılığında hər birimizi satmağa hazırdır. Beynəlxalq təşkilatlar da israrla susur”, – Əfqan Muxtarlı bildirib.