Almaniyadan deportasiya olunan növbəti siyasi mühacir məhkum edildi
Bu ilin yanvarında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Pünhan Kərimli 6 il müddətinə azadlıqdan məhrum edilib. Müxalifətçi qanunsuz narkotik alverində günahlandırılıb. Məhkumun vəkili əmindir ki, Kərimli siyasi səbəblərlə təqib olunur. O, saxlanmamışdan ay yarım əvvəl Almaniyadan Azərbaycana deportasiya edilmişdi.
- Ermənistanda jurnalistlərə qarşı fiziki zorakılıq halları artıb
- Bağlı sərhədlər: Azərbaycan hakimiyyəti qonşularla quru sərhədlərini niyə açmaq istəmir?
- HRW Azərbaycan hakimiyyətindən azad sözə qarşı zorakılığı dayandırmağı tələb edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2022-ci ilin yanvarında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimli haqda hökm oxunub. O, ötən ilin sonunda Almaniyadan Azərbaycana deportasiya olunub. Almaniya hökuməti Kərimliyə qaçqın statusu verməkdən imtina edib.
Müxalifətçi qanunsuz narkotik dövriyyəsində günahlandırılıb. Kərimli məhkəmə iclasında bütün ittihamları rədd edib və bildirib ki, siyasi motivlərlə təqib olunur.
Vəkili Cavad Cavadov da eyni fikirdədir. Onun sözlərinə görə, Kərimliyə qarşı irəli sürülən ittihamlara dair sübutlar mövcud deyil.
Bütün bunlara baxmayaraq, məhkəmə Pünhan Kərimlini təqsirli bilib və 6 il müddətində azadlıqdan məhrum edib. Daha əvvəl prokuror onun üçün 7.5 il həbs cəzası istəmişdi. Müdafiə tərəfi məhkəmə hökmündən apellyasiya şikayəti vermək niyyətindədir.
Aktivistin atası Vahid Kərimov da cinayət işinin uydurma olduğunu bildirib.
“Oğlum vergi departamentindən çıxarkən saxlanılıb. O, cibində narkotiklə ora gedə bilərdi? Bu, yalan ittihamdır. Narkotikləri onun cibinə atıblar. Mənim oğlumu Azərbaycanda siyasi məhbuslara dəstək aksiyalarında iştirakına və hakimiyyəti tənqid etdiyinə görə təqib edirlər.
Siyasi fəaliyyətinə görə ona 10 il iş versəydilər heyflənməzdim, amma narkotik ittihamlarını qəbul etmirəm”, – deyə məhkumun atası “Turan” agentliyinə bildirib.
Almaniya Azərbaycan vətəndaşlarını niyə Azərbaycana qaytarır?
2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında qanunsuz yaşayan şəxslərin readmissyası (qaytarılması) haqqında saziş imzalanıb.
Bu sazişə əsasən, sənəddə göstərilmiş ölkələrə daxil olmaq, qalmaq və yaşamaq tələblərinə uyğun gəlməyən şəxslər readmissiyaya məruz qalır. Saziş bu şəxslərin identifikasiyası və təhlükəsiz şəkildə vətənə qaytarılmasını nəzərdə tutur.
Azərbaycanın Miqrasiya Xidmətinin məlumatına görə, ancaq 2021-ci ildə Azərbaycana 420 nəfər qaytarılıb. Onlardan 39 nəfəri Almaniyadan deportasiya olunanlardır. Bu arada həmin 2021-ci ildə readmissiya üçün 440 sorğu göndərilib.
2021-ci ildə Aİ ölkələrindən deportasiya olunanların sayı 2020-ci illə müqayisədə 2,9 faiz çox olub.
Readmissiya sazişi qüvvəyə minəndən Avropa İttifaqı ölkələrindən Azərbaycana 2013 nəfər deportasiya olunub. 4160 nəfərin readmissiyası ilə bağlı sorğuya müsbət cavab alınıb. Daha 2147 nəfərin deportasiyası nəzərdə tutulur.
Almaniya və Azərbaycan hökumətləri arasında sövdələşmə?
Hazırda Almaniyada olan azərbaycanlı siyasi mühacirlər hesab edirlər ki, bütün bu “deportasiya-həbs” halları Almaniya və Azərbaycan hökumətləri arasındakı sövdələşmənin nəticəsidir.
“Almaniya höküməti azərbaycanlı siyasi mühacirləri Əliyevə hədiyyə verməkdə davam edir. Bakıdan göndərilən siyahı əsasında deportlar həyata keçirilir. Bundan əvvəl Bakıya qayıdan 5 siyasi mühacirin artıq həbs edilməsinə baxmayaraq, bu gecə yenə siyasi mühacirləri deport ediblər. Almaniyanın indiki höküməti rüşvət qarşılığında hər birimizi satmağa hazırdır. Beynəlxalq təşkilatlar da israrla susur”, – Əfqan Muxtarlı bildirib.