Gürcüstanın Ali Məhkəməsinin binası önündə səkkiz siyasi partiya təmsilçisinin, tələbələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə söz azadlığının müdafiəsi tələbilə etiraz aksiyası keçirilib.
Müxalif “Vahid Milli Hərəkat” üzvü Nika Meliyanın bildirdiyi kimi, Ali Məhkəmə hakimiyyətin təzyiqi altında “Rustavi-2” müxalif tele-şirkətə qarşı (şirkəti əvvəlki sahibi Kibar Xalvaşinin mülkiyyətinə vermək haqda) qərar çıxarmaq niyyətindədir. Aksiya təşkilatçılarının sözlərinə görə, Gürcüstanda söz azadlığı təhlükə altındadır və məhkəmə “Rustavi-2” ilə bağlı ədalətsiz qərar çıxararsa, aksiyalar permanent xarakter alacaq.
“KİV-ə qarşı hücuma yox”, – bu gün “Avropa Gürcüstanı” fraksiyasının deputatları parlamentin iclas zalında bu sözlərin yazıldığı banner asıblar. Bu da müxalif deputatlarla parlamentdə çoxluq təmsilçiləri arasında sözlü münaqişəyə səbəb olub.
“Avropa Gürcüstanı” fraksiyasından olan deputat Elene Xoştariyanın sözlərinə görə, bu, etiraz formasıdır və bu gün Gürcüstan KİV-də gedən proseslərə etiraz edən insanlarla həmrəylik nümayişidir.
Əsas müxalif telekanal olan “Rustavi-2” ətrafında məhkəmə çəkişməsi artıq ikinci ildir ki, davam edir. Televiziya şirkətinin əvvəlki sahibi Kibar Xalvaşi onun geri qaytarılmasını tələb edir, çünki şirkəti əvvəlki hakimiyyətin təzyiqi altında satmağa məcbur olub.
İyunda Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin televiziya şirkətinin Xalvaşiyə geri qaytarılması haqda qərarını qüvvədə saxlayıb. “Rustavi-2”-nin vəkilləri bu qərardan Ali Məhkəməyə şikayət veriblər.
Tele-şirkətin işi üzrə Ali Məhkəmənin qərarının fevralın 15-də açıqlanacağı gözlənilir.