“Alaniya dövləti” ətrafında tarixi mübahisə - Qaraçayla Konqresi Cənubi Osetiyanın adının dəyişdirilməsinə qarşıdır
Paylaşmaq
Paylaşmaq
Qaraçay xalqının Konqresi Rusiya XİN-dən xahiş edib ki, Cənubi Osetiyanın adının dəyişdirilərək Alaniya adlandırılmasına imkan verməsin, çünki bu, “Rusiya xalqları və regionlarının real tarixi faktlarına ziddir”.
Qaraçay xalqının Konqresi öz müraciətini RF Xarici İşlər naziri Sergey Lavrova ünvanlayıb, – “Kavkazski uzel” xəbər verir.Müraciət müəllifləri qeyd edirlər ki, Alaniya bir sıra hazırkı regionu – Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Qabardin-Balkar , Qaraçay-Çərkəz, Stavropol vilayəti və Krasnodar vilayətinin bir hissəsi – əhatə edən Şimali Qafqazın ilk dövlətidir.
Beləliklə, müraciət müəlliflərinin fikrincə, “tarixi Alaniya Şimali Qafqazın bir çox köklü xalqının əcdadlarının yaşadığı dövlətdir”. Bundan başqa, “alan” etnoniminin son daşıyıcısı qaraçay-balkar xalqıdır, – Konqres xatırladır. “Buna görə də “Alaniya” adının özbaşına və birtərəfli mənimsənilməsi Rusiya Federasiyası xalqlarının tarixi irsinə rəsmi iddia kimi dəyərləndirilməlidir ki, bu da gələcəkdə ölkəmizin müvafiq ərazilərinə qarşı da iddiaya çevrilə bilər”, – müraciətdə deyilir.
Konqres nümayəndələri Rusiya xarici siyasət idarəsi rəhbərindən bu məsələyə qarışmasını və “Rusiyanın bu ad dəyişikliyini tanımaması üçün səyini əsirgəməməyi” xahiş edirlər.
“Cənubi Osetiya Respublikası”nın “Cənubi Osetiya Respublikası – Alaniya Dövləti” ilə əvəzlənməsinə dair referendum aprelin 9-a təyin edilib və prezident seçkiləri ilə eyni vaxtda baş tutacaq.
Gürcüstan prezidenti və baş naziri referendumu qanunsuz adlandırıb və reaksiya vermələri üçün beynəlxalq aləmə müraciət ediblər.
Alaniya köçəri irandilli alan tayfaları və yerli Qafqaz tayfaları tərəfindən yaradılmış orta əsr dövlətidir. Bu dövlət I minillikdən XIV əsrin ortalarına qədər mövcud olub. Qədim Alaniyanın tarixi irsinə osetinlərdən başqa Şimali Qafqazın digər xalqları da iddia edir.
Hazırda Alaniya adı yalnız bir respublikanın adında istifadə olunur – Şimali Osetiya-Alaniya.