AİHM Tbilisinin təqdim etdiyi namizədləri rədd edib
Avropa İnsan Haqları Məhkəməsi hakim vəzifəsində Tbilisinin təqdim etdiyi namizədləri rədd edib. AİHM-nin hakimlərin seçimi üzrə Komitəsi üç namizəddən heç birini dəstəkləməyib. Bu o deməkdir ki, Gürcüstanda bu vəzifəyə yenidən müsabiqə keçirilməlidir.
Müxalifətin fikrincə, bu qərarın səbəbi namizədlərin səriştəsizliyi olub. Müxalifətçilər namizədlərin rədd edilməsini Gürcüstan hökumətinin məğlubiyyəti adlandırıblar. Onlar hesab edirlər ki, bu, ölkənin maraqlarına ciddi xələl gətirib.
Hakimiyyət təmsilçiləri bildirirlər ki, namizədlərin rədd edilməsi məyusedici hadisədir, amma Gürcüstan bu sarıdan istisna deyil, belə qərarlar digər ölkələrlə bağlı da qəbul edilir.
Ədliyyə naziri namizədlərin rədd edilməsində müxalifəti və ombudsmanı günahlandırır.
“Çox kədərlidir ki, namizədlər siyahısının vətənə qaytarılması “Milli Hərəkat” tərəfindən sevinclə qarşılanıb. Ombudsman da bu siyahının əleyhinə fəaliyyət göstərirdi, o, bu yaxınlarda Strasburqa gedib digər ölkələri bu siyahını dəstəkləməməyə çağırmışdı.Vəkillər Assosiasiyasının rəhbəri də bu istiqamətdə çalışırdı”, – Teya Tsulukiyani bildirib.
Nazirin sözlərinə görə, o, AİHM-nin hakimi vəzifəsinə yeni müsabiqənin necə hazırlanacağını hələ ki bilmir. Namizədlərin yeni siyahısı çox güman ki, bu il ərzində hazırlanacaq.
Gürcüstandan AİHM-nin hakimi vəzifəsinə Ali Ədliyyə Şurasının üzvü Yeva Qotsiridze, Ədliyyə nazirinin müavini Sandro Baramidze və AİHM-nin hüquqşünası Georgi Badaşvilinin namizədliyi təqdim olunmuşdu. Namizədlərdən biri hakim olmalı idi.
AİHM-nin Gürcüstandan olan hakimi Nana Tsotsoriyanın səlahiyyət müddəti bu ayın sonunda bitir.