Ağır xəstə olan Gəncə məhbusu həbsxanada vəfat edib
Ötən ilin iyulunda Gəncə iğtişaşlarında ittiham olunaraq həbs edilən Aydın Qurbanov həbsxana xəstəxanasında mədə xərçəngindən vəfat edib. Qurbanovun həyat yoldaşı deyir ki, həbsxanada onu normal müayinə etməyiblər və ağır xəstə kimi həbsdən buraxmaq istəməyiblər.
• Gəncə hadisələrinin xronikası
• Azərbaycanda siyasi məhbusların əfv olunması: bu nə deməkdir və nəyi dəyişəcək?
• Neft Akademiyasında terror aktından 10 il ötür – şahidlər danışır
“Gəncə işinin” təfərrüatları
2018-ci ilin iyulunda Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd baş verib. Yerli sakin Yunis Səfərov Vəliyevə və mühafizəçisinə atəş açıb. Hər ikisi yaralansa da, sağ qalıb, Səfərov həbs edilib.
Hadisədən bir həftə sonra Gənşə şəhər İcra Hakimiyyəti binasının qarşısında Yunis Səfərovun müdafiəsinə həsr olunan etiraz aksiyası keçirilib. Aksiyaya təxminən 200 nəfər toplaşıb. İştirakçılar və polis arasında toqquşma baş verib, iki polis zabiti həlak olub.
Polislərin qətlində şübhəli bilinənlərdən biri bir neçə gün sonra saxlanılan zaman həlak olub, digəri həbs edilib.
2019-cu ilin martında 14 nəfər kütləvi iğtişaşların təşkili və polisə müqavimətdə ittiham olunaraq müxtəlif müddətə azadlıqdan məhrum olunublar.
2019-cu ilin aprelində həbs olunanların doğmaları bir neçə etiraz aksiyası keçiriblər, amma bu, heç bir nəticə verməyib.
Aydın Qurbanovun həbsi və ölümü
Aydın Qurbanov 2018-ci ilin avqustunda Gəncədə terror aktı üçün nəzərdə tutulan qanunsuz silah dövriyyəsində ittiham olunub. O, özü ittihamları rədd edib.
Qurbanov mədə xərçəngindən əziyyət çəkib. Həyat yoldaşının sözlərinə görə, Qurbanovun vəziyyəti ağırlaşsa da, onu uzun müddət müayinədən keçirməyiblər və xəstəlik daha da kəskinləşib – qadın “Kavkazskiy uzel” portalına danışıb.
Qanun ağır xəstələrin həbsdən azad edilməsinə və ya onlar haqda qətimkan tədbirinin dəyişdirilməsinə imkan verir. Doğmaları Aydın Qurbanovun sağalmaz xəstə kimi azad olunmasını dəfələrlə xahiş etsələr də, onların xahişi hər dəfə rədd edilib.
İyulun 8-də Qurbanov komaya düşüb, iki gün sonra isə vəfat edib.
Onun ölümü ilə bağlı heç bir rəsmi açıqlama səslənməyib.