Afrika günündə Bakıda məişət texnikası mağazalar şəbəkəsi qara rəngli mallara endirim elan edib
Sosial şəbəkələrin Azərbaycan seqmentində yerli məişət texnikası mağazalar şəbəkələrindən birinin reklam kampaniyası qəzəb dalğasına səbəb olub. Məsələ burasındadır ki, şəbəkə mayın 25-də – bütün dünyada qeyd olunan Afrika Günündə qara rəngli mallara endirim elan edib. Ekspertlər və sadə sosial şəbəkə istifadəçiləri bu reklamın rasizmin bariz nümunəsi olduğu ilə bağlı yekdil fikirdədirlər.
- Azərbaycanda feminizm olduğu kimi
- Nigeriyalı tələbələr Gürcüstanda irqçilik və dostluq haqda. Video
- İrqçi zarafatına görə azərbaycanlı idman şərhçisi bir aylıq işdən uzaqlaşdırılıb
Nə baş verib?
Maxi.az məişət texnikası mağazalar şəbəkəsinin reklamında deyilir:
Kampaniyanın üzü Kuba mənşəli Azərbaycan vətəndaşı, keçmiş teleaparıcı Xoce Bernardodur.
Reklamın özü və bannerlərdə Xose Bernardonun əksinin olması sosial şəbəkələrin Azərbaycan seqmentində qəzəb dalğasına səbəb olub.
Bir neçə saat sonra şirkət Facebook səhifəsindən reklam postunu silib. Mağazalar şəbəkəsinin YouTube kanalından da reklam video-çarxı yoxa çıxıb.
Şərhlər
“Bu, reklam deyil. Əsl rasizmdir, cinayətdir. Eyni zamanda şirkət adına böyük biabırçılıqdır”, “Maxi.az, sizin yerinizə utanıram”, – sosial şəbəkə istifadəçiləri yazır.
Başqa cür düşünənlər də var. Məsələn, istifadəçilərdən biri yazır ki, “şirkətin təxribatçı reklamlar bu mağazalar şəbəkəsini fərqləndirən xüsusiyyətə çevrilib. Necə deyərlər, qara piar da piardır”.
Marketinq üzrə ekspert Vüqar Baba JAMnews-a müsahibəsində qeyd edib ki, Afrikanın Azadlıq Gününü qara rəngli məhsullara endirim elan edərək qeyd etmək düzgün deyil:
“Rəng fərqliliyinin, bioloji, irqi xüsusiyyətlərdəki fərqliliyin qabardılması yolverilməzdir. Bu, rasizimdir. Heç bir müzakirəsiz yolverilməz haldır. Təəssüflə qarşılayıram”.
Ekspertin sözlərinə görə, burada məntiqi ziddiyyət də var.
“Bu mağazalar şəbəkəsinin satdığı malların böyük əksəriyyəti Avropa ölkələrinin məhsuludur. Afrikanın Avropa müstəmləkəçiliyindən azad olduğu bir gündə Avropa məhsullarına güzəşt kampaniyası tətbiq etmək, onların satışını stimullaşdırmaq özü də ironiya, təhqir, qərəz kimi başa düşülə bilər”, – o deyib.
“Mağazalar şəbəkəsinin reklamlarını izləyəndə qlobal dəyərlərdən xəbərsizlik sezirəm. Görünür ki, marketinq şöbəsinin, reklam hazırlayanların, kreativ komandanın müasir ümumbəşəri dəyərlərdən – insan haqlarından, qadın haqlarından və sairə ümumiyyətlə xəbəri yoxdur”, – Baba əlavə edib.
“Qadınlar üçün sürpriz”
Həmin mağazalar şəbəkəsi iki ay əvvəl 8 Mart Beynəlxalq Qadınlar Günündə də “fərqlənməyi” bacarmışdı. O zaman şirkətin reklam çarxında qadınlar evin qulluqçusu kimi təqdim olunmuşdu.
Bu reklam da böyük narazılıq dalğası yaratmışdı.