Acariyada abxaz dili sinifləri açılıb. Batuminin iki məktəbində bu sinifləri Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili və Acariyanın hökumət başçısı Zurab Pataradze açıb.
Abxaz dili müəllimlərinin bir qrupu Batumidə, daha iki qrupu isə 250-dən çox abxaz və qarışıq abxaz-gürcü ailəsinin yaşadığı Peteriya kəndində işləyəcək. Dövlət nazirinin Aparatından verilən məlumata görə, abxaz dili dərsləri həftədə dörd dəfə keçiləcək və hər yaşda dinləyicilər üçün nəzərdə tutulacaq.
“Bizim başlıca vəzifəmiz abxaz dilinin, mədəniyyətinin və eyniyyətinin qorunub saxlanmasıdır. Abxaz dili gürcü dili ilə bahəm dövlət dilidir və gələcəkdə biz bu istiqamətdə daha çox tədbirlər görəcəyik”, – dövlət naziri Ketevan Tsixelaşvili bildirib.
Gürcüstanın Xalq Müdafiəçisi Acariyada abxaz dili siniflərinin açılması tövsiyəsilə dəfələrlə hökumətə müraciət edib. Daha əvvəl Tbilisidə fəaliyyət göstərən Abxaziya Muxtar Respublikasının qərarı ilə abxaz dili sinifləri Tbilisi, Zuqdidi və Senaki şəhərlərinin dörd məktəbində açılmışdı.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və baxışlarını ifadə edir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə bilər.