Abxaziyanın əsas biznesi – turizm necə qurulub?
Turizm biznesi Abxaziyada ən populyar qazanc vasitələrindən biridir.
Otellər və turist kompleksləri həyatın yaxşı görünən bir tərəfidir.
Turizmin digər tərəfi üzdə olmasa da, daha çox insanı cəlb edir. Hətta demək olar ki, Abxaziyanın bütün sakinləri bu və ya digər dərəcədə turizm sahəsi ilə bağlıdır: çoxları gələn qonaqlara qalmağa yer kirayə verir, kimi turistlər üçün ekskursiya təşkil edir, bəziləri isə onlara taksi xidməti göstərir.
“Özəl sektor” adlanan sahədə həyat keyfiyyəti yüksək deyil, çox vaxt “sahibə” adlandırılan iş adamları menecmentlə bağlı o qədər də məlumatlı deyillər. Amma bu “özəl sektorun” turistlər arasında populyar olmasına maneçilik törətmir.
Biz də elə bu haqda danışırıq.
Nadejdanın ailə evi
Nadejda Çamaquanın Suxumdakı evində çoxsaylı qohumları yaşayır. Yayda orada daha da tünlük olur: Nadejdanın doğmalarına turistlər də qoşulur, ev sahibəsi onları iki əlavə otağa yerləşdirir. Səhər yeməyini, nahar və şam yeməyini çox vaxt hamısı bir yerdə yeyir.
“Biz unuduruq ki, qalmaq üçün pul vermişik”, – Ulyanovskdan gələn turist Olqa Almayeva deyir – “Bizi artıq altı ildir ki, bu evdə doğma kimi qarşılayırlar”.
Olqa deyir ki, onun ailəsi otel istirahətini sevmir, çünki orada “səmimilik və sadəlik yoxdur”, onlar isə Abxaziyaya məhz bunun üçün gəlirlər.
“Daha əvvəl istirahət etməyi sevdiyimiz Soçi, Gelencik, Anapada özəl sektor praktiki olaraq yoxa çıxıb, elə dəniz də orada buradakı kimi təmiz deyil”, – Olqa deyir.
Qaz plitəsi həyətdədir, duşa dəhlizi ötüb getmək lazımdır, üstəlik iki otağa bir dənədir, internet yoxdur – burada məhz bu cür istirahət həvəskarları lazımdır.
Onlar yaşayış yeri haqda tanışlarından xəbər tuturlar. Nadejdanın evindəki otağı Booking-də bron eləmək mümkün deyil, onun Instegram-da və ya başqa sosial şəbəkədə akkauntu yoxdur.
Reklamın yeganə vasitəsi “simsiz teleqrafdır”.
Yarıçılpaq turistlər və “özəl sektorun”problemləri
“Yaya nifrət edirəm” – Nadejdanın qonşularından biri deyir.
Onun evində də ailəsinin istirahət edənlərə kirayə verdiyi otaqlar var. Yaya isə istiyə görə nifrət etmir, ona görə zəhləsi gedir ki, şəhərdə bu vaxt onun dediyi kimi “yarıçılpaq turistlər” dolaşır.
“Bizim bəzi kişilər çimərliklərdə itib-batır. Turist qadınların çoxu özünü apara bilmir, kişilərin diqqəti onların xoşuna gəlir. Fikirləşirlər ki, gözəl olduqları üçün onlara diqqət göstərirlər və anlamırlar ki, bizim oğlanları cəlb edən onların əlçatımlı olmasıdır”, – qonşu qadın deyir (o adını açıqlamaq istəmədi).
Gəlirləri Abxaziyaya istirahətə gələnlərdən çıxan bir çox iş adamları ilə söhbətdən belə təəssürat yarandı ki, “Qonaq həmişə haqlıdır” şüarı onlarda populyar deyil. Burada əksinə daha çox keçərlidir.
Bütün qışı dolanmaq üçün mümkün qədər çox pul qazanmaq imkanı verən turist mövsümünü hər il gözləyən bir çox qonaq evlərinin sahibləri, taksi sürücüləri və ofisiantlar turistlər haqda dözməli olduqları naxoş hal kimi danışırlar.
“Biz payızda qardaşımın toyunu edəcəyik”, – dəniz kənarındakı evinin otaqlarını istirahətə gələnlərə kirayəyə verən bu cür iş adamlarından biri danışır (adının çəkilməsini istəmədi). – “Buna görə də yolumuzun sutka boyu çimərlik geyimli, əllərində şişirmə döşək və qarpızla ora-bura gedib-gələn turistlərlə dolu olmasına dözmək məcburiyyətindəyik”.
Nadejda Çamaqua qonaqları haqda isti danışsa da, turistlərdən o da çox vaxt problem kimi söz açır. Xüsusən də turist qadınlar haqda. O bu vəziyyətdən özünəməxsus çıxış yolu tapıb:
“Biz dərhal gənc qadınları yerli oğlanlarla ünsiyyətin səbəbi və nəticələri ilə bağlı xəbərdar edirik”.
Nadejda danışır ki, bir dəfə onun evində otaq tutan qızın dalınca yerli oğlanlar gecə vaxtı maşınla gəliblər:
“Pəncərənin altında həyasızca siqnallayırdılar, yatağımdan qalxıb, küçəyə çıxmalı və oğlanlara başa salmalı oldum ki, belə eləmək olmaz”.
Başqa insidentlər də olub.
“Bir dəfə qonaqlarımızı soymuşdular. Oğruları tapa bildik, onlar oğurladıqlarını geri qaytardılar, amma bu insanların axtarışına və onlarla ünsiyyətə nə qədər əsəb xərclədik! Milisə müraciət etmədik, onlarsız daha tez olur”, – Nadejda Çamaqua danışır.
Abxaziya Turizm İttifaaqının sədri Anna Kalyaqina deyir ki, insanların biznesdə bacarıqsızlığı və çox vaxt bu işi öyrənmək istəməməyi “özəl sektorun” əsas problemlərindən biridir.
“İnsanlar öz gəlirlərini turistlər üzərində qurur və anlamırlar ki, bu biznesdir və onun öz qanunları, tələbləri var. Bu gün Abxaziyada insanlar real pulu faktiki olaraq yalnız turistlər sayəsində qazanır. Amma bunu sadə insanlara necə başa salaq, bilmirəm”, – Kalyaqina deyir.
İstirahət edənlərə otaq kirayə verən Abxaziya sakinləri həqiqətən də JAMnews-la söhbət zamanı dəfələrlə vurğulayıblar ki, özlərini biznesmen hesab etmirlər.
“Biz qonaqlarımızla yeməyimizi, evimizi bölüşürük və onlara ödədiklərindən daha çox şey veririk. Bizim onlarla bölüşdüyümüz diqqətimiz və mədəniyyətimiz otağın qiymətindən daha bahadır. Təəssüf ki, insanlar daha bunu dəyərləndirmir”, – Nadejda Çamaquaya işlərdə yardım edən oğlu Alyas deyir.
Turizmin “özəl sektorunda” standartları necə yüksəltmək olar?
Son üç ildə Abxaziyada ümumilikdə istirahət edənlərin sayı azalıb – həm otellərdə, həm də özəl sektorda.
Anna Kalyaqina deyir ki, otellər üzrə bunu statistika təsdiqləyir, özəl qonaq evlərində isə yalnız şəxsi müşahidələr.
“ ‘Özəl sektor’ üzrə hər hansı müqayisəli göstəricilər əldə etmək çətindir. İnsanlar vergilərdən qənaət edir, buna görə də öz evlərində istirahət edənləri qəbul etdiklərini çox nadir hallarda açıq bildirirlər”. – o deyir.
Bu gün Abxaziyada ümumilikdə 23 min nəfərlik 360 mehmanxana rəsmi qeydiyyatdan keçib. 2017-ci ildə onlar 103 min turist qəbul edib. 2018-ci il üzrə ilkin məlumatlar 67 min nəfərdir.
Rəsmi strukturlar fəal şəkildə belə qonaq evlərinin və ya mini-otellərin fəaliyyəti üçün sahiblərinin mütləq lisenziya alması sisteminin tətbiqi haqda danışırlar. Amma mövsüm artıq sona çatıb. Görünür ki, bu, artıq 2019-cu ilin yayı üçün qarşıya qoyulan məsələ olacaq.