Abxaziyada yenə silahlı quldurluq baş verib, bu dəfə Rusiyadan köçənlərə qarşı
İyulun 31-ə keçən gecə Abxaziyanın Qudaut rayonunda məskunlaşan rusiyalı ailəyə hücum olub, xəsarət alan üç nəfərdən biri kəllə-beyin silkələnməsi və yanıqlarla xəstəxanaya yerləşdirilib.
Ər və arvad Anatoli İvanov və Valentina Bıkovets may ayında Sankt-Peterburqdan həmişəlik Xipsta qəsəbəsinə köçüblər. Onlar deyirlər ki, o vaxtdan bəri üç dəfə onların evinə girməyə çalışıblar, hər dəfə cəhdləri baş tutmayıb. Zərəçəkənlərin sözlərinə görə, onlara qarşı silahlı hücum iyulun 31-də gecə saat 02:00-03:00 aralığında baş verib.
“İtlərin hürdüyünü eşitdim, həyətə çıxdım görüm ki, kim gəlib. O, mənim saçımdan tutdu, yerə yıxdı, dizini kürəyimə qoydu. Mən qısdırdım, o isə indi məni öldürəcəyi ilə hədələdi”, – Valentina Bıkovets “Kavkazskiy uzel”in müxbirinə danışıb.
Onun sözlərinə görə, sonra canilərdən biri onu evə aparıb, həyat yoldaşı və onlara qonaq gələn yaxın qohumu Vadim Luqin də orada olub.
“Silahın qundağı ilə başıma vururdular, bədənimi ütü ilə yandırırdılar, tapançanı üstümə tuşlayırdılar. Dedim ki, hər şeyi götürün. Tapançanın qundağı ilə vurdular, huşumu itirdim, sonra özümə gəldim, məni o biri otağa apardılar. Uzun müddət, təxminən qırx dəqiqə mənə işgəncə verdilər”, – zərərçəkən danışıb.
“Onlar mənə çox əzab verdilər, başıma torba keçirdilər. Onlara dedim ki, evi kreditə almışıq. Amma onlar əl çəkmirdilər” – Valentina Bıkovetsin əri Anatoli İvanov deyir.
Zərərçəkənlərin danışdıqlarına görə, quldurlar üç nəfər olub – ikisi avtomatla, biri tapança ilə. Quldurlardan biri içində pul olan çantanı tapdı. Amma dedi ki, bu azdır, yenə də pul tələb edirdi. Zərərçəkənlər qeyd ediblər ki, quldurlardan biri digərini “Timur” deyə çağırıb.
Canilər Renault markalı avtomobili aparıblar, amma əvvəlcə pul tapmaq ümidilə oturacaqlarını kəsiblər, sonra da çıxıb gediblər. Daha sonra qaçırılmış maşın tapılıb.
Digərlərindən daha çox ziyan çəkən Valentina Bıkovets hazırda Qudaut xəstəxanasındadır. Müalicə həkimi nal Abaşidzenin sözlərinə görə, orta ağır, stabildir.
“Qapalı kəllə-beyin travması alıb, beyni silkələnib, başında və onurğasında çoxlu çapıqlar var, aşağı və yuxarı ətraflarında birinci dərəcəli yanıqlar var, onurğanın bel fəqərəsi zədələnib”, – o, “Kavkazskiy uzel”in müxbirinə bildirib.
Daha əvvəl JAMnews iyulun 11-də Abxaziyanın Qudaut rayonunda rusiyalı turistlərə qarşı silahlı quldurluq hadisəsinin baş verdiyi haqda yazmışdı, onlardan biri qətlə yetirilmişdi. Həmin cinayətdə iştirakda şübhəli bilinən hər iki şəxs yaxalanıb, onlara qarşı cinayət məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb. Bu haqda Abxaziya Baş Prokurorluğu məlumat verib.
Hadisənin mediada rezonans doğurması Abxaziyanın turistik imicinə xələl gətirib və büdcə gəlirlərinin 10 faizini formalaşdıran bu sahəyə ciddi təsir göstərib. Turizm agentliklərindən JAMnews-a bildiriblər ki, artıq putyovka alan adamlar onları geri qaytarırlar.
Rusiya səfirliyi respublikada kriminogen vəziyyətin pisləşməsi səbəbilə rusiyalı turistlərə ehtiyatlı olmağı tövsiyə edib.
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdir, JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.