Abxaziyada teatr təfriqəsi
Abxaziyanın əsas teatrının rəhbərliyi və kollektivi ikiyə parçalanıb. Parçalanmaya truppanın bir hissəsinin Rusiyada iki festivala getməsi səbəb olub. Bədii rəhbər və aktyorlar festivallardan mükafatlarla qayıdıb, amma bu uğur müdiriyyəti heç də sevindirməyib və o, respublika hökumətindən kollektivin bir hissəsinin özbaşınalığı ilə bağlı ölçü götürməsini xahiş edib.
Münaqişə Bladiqafqazda keçirilən (20-24 fevral) “Sərhədsiz səhnə” beynəlxalq teatr festivalına dəvətdən sonra başlayıb. Teatrın direktoru bildirib ki, festivala rəsmən S.Y.Çanba adına Abxaziya Dövlət Dram Teatrı rejissor Mədinə Arqunun quruluş verdiyi “Bernarda Albanın evi” tamaşası ilə dəvət olunub. Amma məlum olub ki, teatrın bədii rəhbəri Valeri Koveyə eyni festivala dəvət gəlib, amma başqa bir tamaşa ilə – Mrojekin pyesi əsasında Kovenin özünün quruluş verdiyi “Piyada” tamaşası ilə.
Teatr müdiriyyəti bildirir ki, “eyni festivala iki müxtəlif dəvət ətrafında teatrda meydana gəlmiş qeyri-standart vəziyyətlə bağlı” məsələ Abxaziya rəhbərliyinə gedib çatıb. Respublika rəhbərliyi də Çanba adına teatrın “Sərhədsiz səhnə” festivalında iştirak etməyəcəyi haqda qərar qəbul edib. Festivala göndərmək üçün iki tamaşadan birini seçməyə hətta Mədəniyyət Nazirliyi də nail ola bilməyib və hökumət ümumiyyətlə festivala getmək qərarı verməli olub.
Amma bədii rəhbər Valeri Kove sponsor tapıb və müstəqil şəkildə truppanın bir hissəsini Vladiqafqaza aparıb. Üstəlik “Piyada” tamaşası digər beynəlxalq teatr festivalında – Nalçikdə fevralın 24-27-də keçirilən “Cənub səhnəsi” festivalında da iştirak edib.
Müdiriyyət bildirib ki, bununla da “teatrın tamaşa və məşqlərinin rəsmi qrafiki pozulub”. Teatrın müdiriyyəti baş verənlərə müvafiq qiymət verilməsi üçün respublika rəhbərliyinə müraciət edib.
Müdiriyyət və bədii şura Koveni teatrda təfriqə salmaqda günahlandırır.
Bununla belə Valeri Kovenin quruluş verdiyi tamaşa bir neçə mükafata layiq görülüb. “Piyada” tamaşası “Cənub səhnəsi” festivalının Qran-prisini də qazanıb.
Kovenin özü münaqişəni heç cürə şərh etmir, onun əvəzinə teatrın aparıcı aktyoru Kesou Xaqba açıqlama verib: “Teatrı postsovet məkanının ən yaxşı rejissorlarından biri olan Valeri Kovanın ustalıq səviyyəsinə yüksəltmək əvəzinə, biz Kovenin özünü bizim səviyyəmizə endirməyə çalışırıq”.