Abxaziyada sosial şəbəkələri qadağan edə bilərlər
“Facebook”un Abxaziya seqmenti 2014-cü ilin may ayında baş verən siyasi hadisələrdən sonra sürətlə anonim istifadəçilərlə doldu. Anonimlər getdikcə daha çox “qrup” yaradır, əsasən, hakimiyyətin siyasətini sərt tənqid edirlər – amma məsələ bunda deyil, məsələ ondadır ki, uydurma adlar altında insanlar ifadələrində və təhdidlərdə çəkinmirlər.
Anonim məsələsi Abxaziyada artıq dəfələrlə qaldırılıb. Onların yazılarında təhqir olunan insanlar istifadəçilərin real simalarını açmağı tələb edirdi. Sosial şəbəkələrdə başqa adlarla qeydiyyatdan keçməyi qadağan etməyin üsullarını tapmaqla bağlı təkliflər də gəlirdi.
İndi isə söhbət sosial şəbəkələrin özlərinə qadağadan gedir. Bu təşəbbüslə eyni zamanda bir neçə deputat çıxış edib. Məsələni Suxum rayonunun sakinləri ilə görüşü zamanı Abxaziya prezidenti Raul Xadjimba da şərh edib.
“Fərqli cür təqdim olunmağıma artıq çoxdan alışmışam. Amma bunlar münasibət qurduğumuz dövlət rəhbərlərinə qarşı ediləndə, onlar təhqir olunanda, alçaldılanda – bax bu, abxaz xalqı üçün rüsvayçılıqdır.
Biz demək olar ki, məhdudiyyətsiz bir-birimizi təhqir edirik, çoxları da mənə sosial şəbəkələri bağlamaq xahişiylə müraciət edir. Məsələni həll etməyə imkan verən qərar qəbul ediləcək”, – deyə Xadjimba bildirib.
Bu bəyanat sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Prezidentlə razılaşanlar və sosial şəbəkələri bloklamaq ideyasını kəskin şəkildə pisləyənlər hazırda təxminən yarı-yarıyadır.
“Prezident Xadjimba qəribə bir təklif edib. [Belə alınır ki,] o sosial şəbəkələri bağlamalı olduğumuzu deyib, ya da [biz] ev-ev gəzib, insanları döyməli olacağıq. Bəlkə özümüz seçim edək: “Facebook”u bağlamaq üçün imza toplamağa başlayaq və ya döyülək?”.
“Əlbəttə, sosial şəbəkələri bağlamaq olmaz. Cəmiyyətdə qəsdən dezinformasiya yayan insanları məsuliyyətə cəlb etmək isə mütləq lazımdır. Bəli, bu, işdir, yeni çağırışdır, amma onu mütləq yerinə yetirmək lazımdır”.