Abxaziyada rusiyalı gürcü opera müğənnisinin konserti qalmaqalla bitib
Rusiya vətəndaşı olan gürcü opera müğənnisi Georgi Todua Abxaziyanın Qal şəhərində gürcü icması üçün konsert verib. Tamaşaçılar onu heyrətlə izləyib – belə hadisələr əyalət şəhərində çox nadir baş verir. Üstəlik gənc ifaçı Rusiyanın Sankt-Peterburqda yerləşən məşhur Mariinski teatrı nəzdindəki akademiyanın solistlərindən biridir.
Amma Toduanın konsertdən sonra Gürcüstanın Livepress.ge internet nəşrinə verdiyi müsahibəsi xəbərlər üçün daha böyük mövzu olub.
Todua bildirib ki, onun ailəsi Qal şəhərindəndir və indi burada onun çoxlu qohumları yaşayır. O özü də uşaqlıqda bir neçə il bu şəhərdə yaşayıb, daha sonra Rusiyaya, Sankt-Peterburqa köçüb.
Atası sona qədər Qalda qalıb, elə oradaca vəfat edib və dəfn olunub. Todua jurnalistlərə danışıb ki, hələ ölümündən əvvəl atasına söz verib ki, yerli sakinlər üçün konsert təşkil edəcək.
Davamında isə bunları deyib:
“Buraya gələnə qədər mənim öz şərtlərim vardı, bu, mənim üçün öz doğma torpağıma, evimə səfərdir, daha hansısa Abxaziya respublikasına yox”.
“Mən Abxaziya tərəfinin heç bir vəzifəli şəxsi ilə tanış deyiləm, heç onlarla tanış olmaq istəyim də olmayıb”.
“Hər vəchlə çalışıram ki, onlarla ünsiyyətə girməyim”.
“Konsert başlayana qədər onlar mənə dedilər ki, vəzifəli şəxslərlə görüş olmalıdır, amma mən imtina etdim”.
“Qaliyə səfər zamanı mənə Suxumidə də konsert vermək təklif olundu, amma mən imtina etdim. Siyasət mənim işim deyil, amma Suxumidə yalnız o vaxt konsert verərəm ki, ora layiqli şəkildə gələ bilim. Gürcüstanın bütün qalan hissəsi kimi mən öz evimi də ziyarət etmək istəyirəm”.
Bu deyilənlər Abxaziyada böyük qalmaqala səbəb olub. Qal administrasiyasının rəhbəri vəziyyətdən çıxmaq üçün xüsusi mətbuat konfransı təşkil edib və bütün aparıcı abxaz jurnalistlər orada iştirak edib. Müxalifət isə növbəti dəfə Abxaziya prezidentinin istefasını tələb edib.
Suxumda KİV İşçiləri Assosiasiyasının təcili təşkil etdiyi jurnalistlərlə görüşü zamanı onların suallarını cavablandıran Qal administrasiyasının rəhbəri Timur Nadariya Georgi Toduanı təxribatçı adlandırıb və bildirib ki, “indən belə onun Abxaziyaya yolu bağlıdır”.
“Todua daha əvvəl Rusiya pasportu ilə Abxaziyaya dəfələrlə gəlib və biz dahi Qerqiyevin rəhbərlik etdiyi Mariinski teatrından gələn adamın Qalda opera ariyaları oxumasında pis heç nə görmədik”, – Nadariya bildirib.
Jurnalistlər qarşısında Qal administrasiyasının mədəniyyət şöbəsinin rəhbəri Vadim Exvaya da hesabat verməli olub.
“Todua əvvəlcədən mənə repertuarı təqdim etmişdi və onun yeganə xahişi meqrel dilində bir mahnı ifa etməsi ilə bağlı olub. Minqrel mahnıları da bizdə qadağan deyil axı. İfası zamanı və ya ifadan sonra Todua tamaşaçılarla heç bir siyasi söhbət aparmayıb. O, Qal televiziyasına da müsahibə verib, orada belə bir şey danışmayıb. Konsertin bütün təşkilatçıları onun sonradan jurnalistlərə dediklərinə mat qalıblar”, – Exvaya deyib.
Qal administrasiyasının rəhbərliyi Georgi Toduanın Abxaziyaya Soçidən Psou nəzarət-keçid məntəqəsindən keçərək gəldiyini vurğulayıb və bildirib ki, məhz bu onların “yetəri qədər ayıq-sayıq” olmamasına səbəb olub.
“Axı Gürcüstanda Abxaziyaya Rusiyadan Psou vasitəsilə [yəni Gürcüstan ərazisindən yan keçməklə] gəlməyi qadağan edən qanun qəbul edilib”, – Timur Nadariya xatırladıb.
https://youtu.be/s6W4VRFb7Iw
O söz verib ki, Mariinski teatrının rəhbərliyinə və RF Mədəniyyət Nazirliyinə rəsmi etiraz məktubu yazacaq, həmçinin Abxaziya XİN-ə Rusiya XİN-ə nota göndərməsini təklif edəcək.
Amma Abxaziyanın ən iri müxalif təşkilatı olan, 1990-cı illər gürcü-abxaz müharibəsi veteranlarını birləşdirən “Amtsaxara” partiyası bununla qane olmayıb.
Partiya bəyan edib ki, Qal rayonunun administrasiya rəhbəri və Abxaziya mədəniyyət naziri milli maraqlara xəyanətdə günahkardır və onlar cəzasız qalmamalıdırlar.
“Biz bir daha əmin olduq ki, prezident Xajimbanın vaxtından əvvəl istefası haqda tələbimiz kifayət qədər əsaslı və qanunidir. Və biz bu tələbdən geri çəkilməyəcəyik”, – “Amtsaxara”nın bəyanatında deyilir.