Abxaziyada müxalifət prezidentin istefasını tələb edir
Abxaziya müxalifəti prezident Raul Xajimbaya könüllü şəkildə istefaya getməyi təklif edib.
Bu qərar ən nüfuzlu müxalif təşkilatın – 1990-cı illər gürcü-abxaz müharibəsi veteranlarının yaratdığı “Amtsaxara” partiyasının qurultayında qəbul edilib.
“Amtsxara” partiyasının 10-cu qurultayının nümayəndələri Raul Xajimbanı “prezident kimi səriştəsiz”, onun bu vəzifədə fəaliyyətini isə “dövlətçilik üçün təhlükəli” kimi dəyərləndiriblər. Bununla bağlı olaraq onlar prezidentə müraciət edərək ona könüllü şəkildə səlahiyyətlərini vaxtından əvvəl təhvil verməsini, “xalqın taleyi ilə bağlı real məsuliyyət nümayiş etdirməsini” təklif etmək qərarı qəbul ediblər.
Müxalifətin prezidentə qarşı iradlarının siyahısı yetəri qədər uzundur – respublikanı sosial-iqtisadi böhrandan çıxara bilməməsindən tutmuş, cinayətkarlığın qarşısını alıb, korrupsiya ilə mübarizə aparmaq iqtidarında olmamasına qədər.
Bundan başqa Raul Xajimbaya vəd etdiyi islahatların həyata keçirilməməsini və hökumət daxilindəki kadr qarışıqlığını da irad tuturlar:
“Dörd il müddətində iqtidarda olan ölkə rəhbərliyi işə yarayan idarə edicilər komandasını formalaşdıra bilməyib, bitməyən hökumət dəyişikliyi respublikanı silkələyir. Ölkədəki ümumi vəziyyət prezidentin öz səlahiyyətlərini səmərəli həyata keçirə bilmədiyindən xəbər verir”.
Qurultayın yekun qətnaməsində prezidentə faktiki olaraq mümkün inqilabla bağlı xəbərdarlıq ediblər:
“Raul Xajimba istefaya getməkdən mtina edərsə …müxalif qüvvələr bütün ölkə üzrə qanuni aksiyaların təşkili istiqamətində kompleks tədbirlərin hazırlığına başlamalı olacaq”.
Xajimbanın prezidentlik müddəti 2019-cu ilin sentyabrında bitməlidir.