Abxaz müharibəsi zamanı itkin düşmüş hesab edilən 25 nəfərin nəşi identifikasiya edilib və Tbilisiyə gətirilib. Bu haqda bu gün brifinqdə zorakılıqla köçürülmüş şəxslərin qaçqınların və onların yerləşdirilməsi məsələləri üzrə nazir Sozar Subari bildirib.
İdentifikasiya olunmuş nəşlərin arasında Suxumi şəhərinin meri Quram Qabiskiriya, İrakli Alasaniyanın atası, dövlət təhlükəsizliyi polkovniki Mamiya Alasaniya da var.
“Bu 25 nəfərin hamısı qəhrəmandır. Onların arasında döyüşçülər, Gürcüstanın bütövlüyünü və müstəqilliyini son ana qədər qoruyan insanlar var”, – brifinqdə Sozar Subari deyib.
O, bu işdə göstərdiyi yardıma görə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə və Abxaziya tərəfindən axtarışlarda iştirak edən şəxslərə minnətdarlığını bildirib:
“Abxaziya tərəfi prosesin dinamik və pozitiv keçməsi üçün əlindən gələni edir”, – Subari bəyan edib.
Brifinqdə qeyd olunub ki, son bir il ərzində Abxaziya ərazisində 91 nəfərin meyiti aşkarlanıb. Hazırda onlardan 25-i identifikasiya edilib. Sozar Subarinin sözlərinə görə, itkin düşmüş hesab edilən şəxslərin identifikasiya prosesi davam edir.
2010-cu ildə Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə ikitərəfli koordinasiya qrupu yaradılıb, bu qrup 1992-1993-cü illər gürcü-abxaz münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin məsələsi ilə məşğul olur. Danışıqların sonucu olaraq Babuşerada qardaşlıq qərirstanlığının açılması və meyitlərin eksqumasiya edilməsi qərarı qəbul olunub.
2010-cu ildən bu günə qədər münaqişə nəticəsində Abxaziyada itkin düşmüş hesab edilən 325 nəfərin nəşi tapılıb, onlardan 126 nəfərinin (yuxarıda sözü gedən 25 nəfər də daxil olmaqla) şəxsiyyəti müəyyən edilib. Qalanlarının şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.
1990-cı illər münaqişələri və 2008-ci il avqust müharibəsi zamanı 2400 nəfərdən çox adam itkin düşmüş hesab edilir.
Abxaziyada silahlı münaqişə 1992-ci il avqustun 14-də başlayıb, 13 ay və 13 gündən sonra 1993-cü il sentyabrın 27-də Gürcüstan silahlı qüvvələrinin məğlubiyyəti ilə başa çatıb. Dəqiqləşdirilməmiş məlumata əsasən silahlı münaqişənin qurbanları 13 min insan olub. 300 min nəfərə yaxın adam Abxaziyadan zorla köçürülüb.
Mətndə istifadə olunmuş terminlər, toponimlər, həmçinin məzmun ideyası JAMnews və ayrı-ayrı müəlliflərinin mövqeyi ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış ifadə edən və ya başqa səbəbdən etik hesab olunmayan şərhləri silmək haqqını özündə saxlayır.