ABŞ Ukrayna ilə 2018-ci ilə qədər qüvvədə olan gömrüksüz ticarət rejimini müvəqqəti olaraq dayandırır, Vaşinqtonda hesab edirlər ki, Ukrayna müəllif hüquqlarını qorumur.
Bu haqda Hromadske BBC-nin Ukrayna xidmətinə istinadən bildirir.
2017-ci ilin aprelində ABŞ-ın Ticarət Nümayəndəsinin Ofisi dünyada müəllif hüquqları ilə bağlı vəziyyətə həsr olunmuş 301-ci Xüsusi illik hesabatını dərc edib. Bu hesabatda Ukrayna yenə də qurumun müşahidə altında saxladığı prioritet ölkələr sırasına daxil olub.
Adları bu siyahıya düşən digər ölkələr sırasında Rusiya, Çin, Hindistan, Venesuela, Tayland, Əlcəzair, Argentina, Çili, Küveyt və İndoneziya da var.
Hesabatda deyilir ki, Ukrayna bir neçə səbəbdən prioritet müşahidə qrupuna daxildir.
Səbəblərdən biri Amerika lisenziyaları üzrə royalti ödənişləri ilə məşğul olan müəllif hüququnun kollektiv şəkildə idarə olunmasının administrasiya sisteminin qeyri-şəffaf olmasıdır.
İkinci səbəb Ukrayna dövlət müəssisələrində pirat proqram təminatından istifadə edilməsidir.
Üçüncü isə internet-piratçılıqla mübarizə üzrə effektiv tədbirlər sisteminin olmamasıdır.
ABŞ prezidenti Donald Tramp Amerika Konqresinə məktub göndərib. Məktubda xatırladılır ki, gömrüksüz ticarətin əsas şərtlərindən biri intellektual mülkiyyət hüququnun qorunmasıdır.
Qeyd olunur ki, imtiyazlar 4 ay müddətinə – Ukrayna intellektual mülkiyyət hüququnun qorunması sistemini əhəmiyyətli dərəcədə yaxşılaşdırana qədər dayandırılacaq.
2015-ci ildə Ukrayna ABŞ-ın Baş İmtiyazlar Sistemi Proqramının bərpası çərçivəsində 2015-ci il 29 iyuldan 2017-ci il 31 dekabra qədər ABŞ-a 5 minə yaxın adda malı gömrük rüsumundan kənar keçirmək icazəsi əldə etmişdi.