ABŞ səfirliyinin əməkdaşları Bakıda ermənilərlə bağlı məhkəmə proseslərini izləyirlər
ABŞ Azərbaycanda ermənilərin məhkəmələrini izləyir
Erməni hüquq müdafiəçiləri uzun müddətdir ki, Azərbaycan həbsxanalarında saxlanılan ermənilərin acınacaqlı vəziyyəti barədə beynəlxalq ictimaiyyəti xəbərdar edirlər. Bildirilir ki, onlar “tam təcrid” şəraitində saxlanılır, saxlanma şəraiti və sağlamlıq vəziyyətləri haqqında məlumat almaq mümkünsüzdür. Sentyabr ayından etibarən onlarla əlaqəsi olan yeganə beynəlxalq təşkilat – Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakıda fəaliyyətini dayandırıb. BQXK əməkdaşlarının məhbuslarla son görüşü iyun ayında baş tutub.
Bununla belə, ABŞ Dövlət Departamentinin qanunvericilik məsələləri üzrə nümayəndəsi Pol Gulyananone bir neçə gün əvvəl bildirib ki, “ABŞ səfirliyinin əməkdaşları imkan daxilində Bakıda keçirilən məhkəmə iclaslarında iştirak edirlər.” Bunun necə təşkil olunduğu məlum deyil, çünki məhkəmə prosesləri beynəlxalq təşkilatlar və media üçün qapalı keçirilir.
Erməni hüquq müdafiəçisi Siranuş Saakyan hesab edir ki, səfirlik nümayəndələri yalnız Azərbaycan hakimiyyətinin icazə verdiyi iclaslarda iştirak edə bilirlər. Onun sözlərinə görə, bu şəraitdə tam monitorinq aparmaq mümkün deyil.
Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo BMT-nin ermənilərlə bağlı Azərbaycanda keçirilən məhkəmə proseslərinə dair təqdim etdiyi rəylərin qərəzsizliyinə şübhə ilə yanaşıb. Xüsusilə, 2025-ci il fevralın 17-də BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupu (UNWGAD) keçmiş qondarma “Qarabağ Respublikası”nın dövlət naziri Ruben Vardanyanla bağlı qərarını dərc edib və həmin qərarda “Vardanyanın Azərbaycan tərəfindən saxlanılmasının əsassız olmadığı” qeyd edilib.
“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun ekspert rəyi əsl mənzərəni, maraqlar toqquşmasının mövcudluğunu üzə çıxarır. Hazırkı işçi qrupunun sədri Hanna Yudkivska Ukraynada SOCAR dövlət neft şirkətinin maraqlarını təmsil edən Equity Law Firm hüquq şirkətinin tərəfdaşıdır”, – deyə Free Armenian Hostages platforması xəbər verir.
Azərbaycan öz həbsxanalarında 23 erməninin saxlanıldığını rəsmi olaraq təsdiqləyib. Onların arasında tanınmamış Qarabağ Respublikasının keçmiş hərbi-siyasi rəhbərliyi də var. Onlarla bağlı məhkəmə prosesi artıq 8 aydır ki, davam edir. İşlər Bakı Hərbi Məhkəməsində baxılır. Erməni məhbuslara ağır cinayətlərdə ittiham irəli sürülüb və onlara ömürlük həbs cəzası verilə bilər. Erməni hüquq müdafiəçiləri bildirirlər ki, “ermənilər Bakıda uydurma ittihamlarla mühakimə olunurlar”, məhkəmə prosesini isə “fars” adlandırırlar.
- Simonyanın Bakıya, Muradovun Yerevana səfəri: münasibətlərdə yeni mərhələ?
- “Əliyev ABŞ-da keçirilən görüşdən sonra “dəhliz”dən danışır və Ermənistan cəmiyyətini “xəstə” adlandırır” – Yerevandan şərh
- Paraflanan sülh sazişi Qarabağ münaqişəsinin yeni mərhələsi hesab edilə bilər?
Vaşinqton alternativ məlumat əldə etməyə çalışır
ABŞ səfirliyinin əməkdaşlarının Bakıda keçirilən məhkəmə iclaslarında iştirak etdikləri barədə məlumatı Amerika Erməni Milli Komitəsi (ANCA) yayıb. Təşkilat bu məlumatı Dövlət Departamentinə verdiyi sorğuya cavab olaraq aldığı məktuba istinadən açıqlayıb. 2025-ci il sentyabrın 25-nə aid məktubda qeyd olunur ki, ABŞ ermənilərlə bağlı məhkəmə proseslərini diqqətlə izləyir.
Hüquq müdafiəçisi və Avropa İnsan Haqları Məhkəməsində erməni məhbusların maraqlarını təmsil edən Siranuş Saakyan hesab edir ki, səfirlik nümayəndələrinin tam məlumat əldə etmək imkanı yoxdur, çünki onlar bütün məhkəmə iclaslarında iştirak edə bilmirlər:
“Amerikalılar insan hüquqlarının kobud şəkildə pozulduğu bu məhkəmə prosesləri haqqında alternativ məlumat almağa da çalışırlar. Bunun üçün onlar, o cümlədən, məhbusların qohumları və vəkilləri ilə əlaqə saxlayırlar”.
Saakyan hesab edir ki, ABŞ hökuməti ermənilərin məhkəmə prosesləri zamanı baş verən pozuntular barədə tam mənzərəni formalaşdırmaq niyyətindədir ki, onların azadlığa buraxılması məsələsində öz rolunu müəyyənləşdirə bilsin:
“Vaşinqton üçün bu məhkəmə proseslərinin insan hüquqları standartlarına, ədalətli məhkəmə araşdırması hüququna nə dərəcədə uyğun gəldiyi və müşahidələr zamanı hansı pozuntuların qeydə alındığı barədə ictimai qiymətləndirmə formalaşdırmaq vacibdir.”
“Ədalət seçmə xarakter daşıya bilməz”
Free Armenian Hostages platformasının məlumatına görə, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okampo BMT-nin işçi qrupunun qərəzsizliyinə “ciddi şübhələr” yaradan pozuntuları aşkar edib. Nəşrin məlumatına əsasən, SOCAR ilə BMT komissiyasının sədri arasındakı əlaqə “Azərbaycanla birbaşa maliyyə əlaqəsi”dir.
Platforma xatırladır ki, BMT-nin qaydaları maraqlar toqquşması yarandığı halda tam müstəqillik və özünü prosesdən kənarlaşdırma tələb edir, lakin Hanna Yudkivska:
– SOCAR-la əlaqəsi barədə məlumat verməyib,
– özünü prosesdən kənarlaşdırmayıb,
– Ruben Vardanyanın işi üzrə 46/2024 saylı rəylə bağlı qərarın qəbulunda iştirak edib.
Beləliklə, BMT-nin Etik Davranış Məcəlləsi, təşkilat əməkdaşları üçün maraqlar toqquşması ilə bağlı müddəalar və komissiyanın iş üsulları pozulub:
“Bütün bunlar 46/2024 saylı rəyin qərəzsizliyinə şübhə yaradır. Birləşmiş Millətlər Təşkilatı bu işi dərhal yenidən nəzərdən keçirməlidir. Qərəzsizlik seçmə prinsip ola bilməz, o, ədalətin əsasını təşkil edir.”
Free Armenian Hostages bildirir ki, komissiya sədrinin həyat yoldaşı azərbaycan əsilli ukraynalı siyasətçidir və korrupsiyada ittiham olunur. Onun da “Azərbaycanla sıx əlaqələri” var.
ABŞ Azərbaycanda ermənilərin məhkəmələrini izləyir