ABŞ prezidentinin hakimiyyətdən uzaqlaşdırılması ilkin mərhələdə təsdiqlənib – bəs nəyə görə hamı onun vaxtından əvvəl getməyəcəyinə əmindir?
ABŞ Konqresinin aşağı palatası dekabrın 18-də impiçmentə – ABŞ prezidentinin iki ittihama görə hakimiyyətdən kənarlaşdırılmasına səs verib: Ukraynaya təzyiq edilərkən hakimiyyətdən sui-istifadə və Konqresin araşdırmasına əngəl törədilməsi. Bu barədə CNN məlumat yayıb.
Lakin ekspertlər deyirlər ki, qərar hələ çətin ki Donald Trampın 2020-ci ilə təyin edilmiş prezident seçkilərinə qədər vəzifəsindən getməsi mənasını versin. Yekun qərarı ABŞ Senatı qəbul etməlidir, orada isə çoxluq Trampın partiyasının – Respublikaçılar partiyasının nümayəndələrinə məxsusdur.
Bundan əlavə, bir çox şərhçilər belə hesab edirlər ki, impiçmentlə bağlı bütün bu əhvalat, ola bilsin ki, Trampın 2020-ci ilin prezident seçkilərində qələbə şanslarını artırır, belə ki, onun tərəfdarlarını birləşdirir.
• Şərh. Niyə Tramp heç kimə etibar etmir?
• Ukrayna Trampın şantajının qurbanıdırmı? Amerikalı diplomatın söz açdığı beş mühüm məqam
Donald Trampı nədə ittiham edirlər
Prezident iki maddə üzrə ittiham olunur – vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin işinə əngəl törədilməsi.
1-ci ittiham
Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırıb – onun bərpasının əvəzində Ukrayna prezidenti Vladimir Zelenskidən çox israrla 2020-ci ilin prezident seçkilərində rəqibi ola biləcək keçmiş vitse-prezident Co Baydenin oölunun bu ölkədəki fəaliyyətinin araşdırılmasını tələb edib.
2-ci ittiham
Bunun üzə çıxmasından və işin Konqresdə araşdırılmağa başlamasından sonra Tramp Ağ Evin əməkdaşlarına Konqreslə əməkdaşlığı və onlara təqdim olunmuş bildirişlərə əsasən müzakirələrə qatılmağı qadağan edib.
İttihamın hər iki bəndi üzrə nümayəndələr palatasının üzvlərinin əksəriyyəti Trampı təqsirli biliblər.
Vacib şahidlər nə deyir
Bir neçə yüksək rütbəli diplomat, o cümlədən ABŞ-ın Ukraynadakı keçmiş və fəaliyyətdə olan səfirləri Ağ Evin qadağasına məhəl qoymadan Nümayəndələr palatasındakı dinləmələrdə çıxış ediblər.
Onların hamısı bildirib ki, prezident Tramp ənənəvi diplomatik kommunikasiyalardan yan keçməklə Ukrayna hakimiyyəti ilə qeyri-rəsmi qarşılıqlı əlaqə kanalı qurub.
Şahidlərin sözlərinə görə, Donald Trampın məqsədi Ukrayna prezidentini ABŞ-ın keçmiş vitse-prezidenti Baydenin oğlu barəsində araşdırmanın başlanmasını publik elan etməyə məcbur etmək olub.
Təzyiq aləti kimi ABŞ prezidenti Ukraynaya 300 milyon dollar həcmində Amerika hərbi yardımının təqdim olunmasını dayandırıb. Yardım yalnız qalmaqal qopandan sonra bərpa olunub.
Daha sonra nə olacaq
Güman ki, artıq 2020-ci ilin yanvarında impiçment məsələsinə Konqresin yuxarı palatasında – Senatda baxılacaq. Burada çoxluq respublikaçılara (Trampın partiyası) məxsusdur və onlar artıq bəyan ediblər ki, müsbət qərarın qəbul edilməsinə müqavimət göstərəcəklər.
Beləliklə, Tramp Endrü Ceksondan və Bill Klintondan sonra üçüncü prezident olacaq ki, barəsində nümayəndələr palatasında impiçment qərarı çıxarılıb, lakin Senat bu qərarı dəstəkləməyib.
Fəqət müşahidəçilərin çoxu belə bir fikrə meyl edirlər ki, demokratlar Konqresdə öz şanslarını real dəyərləndiriblər. Onlar Senatın impiçmentlə razılaşacağını gözləmirdilər.
Onların başlıca məqsədi Trampın 2020-ci ildə yenidən seçilmək üçün şanslarını maksimal dərəcədə zəiflətmək idi – bir çox ekspertlər bu cür düşünür.
Lakin başqa mövqe də var – impiçmentlə bağlı qalmaqal, ola bilsin ki, onun növbəti seçkilərdəki mövqeyini yalnız möhkəmləndirir.