ABŞ prezidenti Baltika ölkələrinə hərbi dəstək və Amerika qazı vəd edib
Paylaşmaq
Paylaşmaq
ABŞ prezidenti Donald Tramp Latviya, Litva və Estoniya prezidentləri Raymonds Veyonis, Daley Qribauskayte və Kersti Kalyulaydla görüşüb və mətbuat konfransı keçirib, The New York Times xəbər verir.
Baltikyanı ölkələrin başçıları Vaşinqtonda Rusiya təhlükəsi və onunla mübarizə metodlarını müzakirə etmək niyyətində idi. Dalya Qribauskayte sammitdən bir neçə gün əvvəl Litva KİV-nə müsahibəsində bildirib:
“Ümid edirəm ki, ABŞ və digər müttəfiqlərimiz Baltik ölkələri üzərindəki hava məkanının müdafiəyə ehtiyacı olduğunu anlayırlar. Amerika qoşunlarının bizim ölkələrimizdə olması vacibdir”.
Baltikyanı ölkələrin Rusiyanın potensial təcavüzü ilə bağlı qorxuları 2014-cü ildə Rusiyanın Krımı ilhaqından və Ukraynanın şərqində müharibə başlatmasından sonra yaranıb. 2016-cı ildə qəbul edilən razılaşmaya əsasən NATO Baltikyanı ərazilərdə daimi əsasda mövcud olmalıdır. Bu, Kanada, Böyük Britaniya, Almaniya və ABŞ-ın dörd min əsgəri deməkdir.
Ekspertlər gözləyirdilər ki, Vaşinqtondakı görüşdə söhbət Baltikyanı ölkələrdə NATO qoşunlarının sayının artırılmasından gedəcək. Baltikyanı ölkələrin liderləri isə bu mövzunu qaldırmayıblar.
Donald Tramp vurğulayıb ki, NATO-ya üzv ölkələrin öz ÜDM-dən iki faizi alyansa ödəməli olduğu haqda qaydaya riayət etdikləri üçün Latviya, Litva və Estoniyaya minnətdardır.
Görüşün yekularından biri ABŞ-ın Baltikyanı ölkələrə sursat almaq üçün 100 milyon dollar, hərbçilərə təlim keçilməsi üçün isə 70 milyon dollar ayıracağına dair razılaşma olub.
Litva prezidenti Dalya Qribauskayte bəyan edib ki, sammit zamanı ölkəsinin Amerika qazı ilə təchizatı haqda iki saziş imzalanıb. Bu, Litvanın Rusiya qazından asılılığını azaldacaq.