ABŞ-nin vitse-prezidentinin Ermənistana səfəri "tarixi" adlandırıldı: nəticələr haqqında ətraflı
ABŞ-nin vitse-prezidentinin Yerevana səfəri
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana rəsmi səfəri başlayıb. O, Yerevana həyat yoldaşı Uşa Vens və uşaqları ilə birlikdə gəlib. Məlumata görə, fevralın 10-da Azərbaycana səfər edəcək.
Cey Di Vens indiyədək Ermənistana səfər etmiş ən yüksək rütbəli ABŞ rəsmisidir. Ondan əvvəl, 2022-ci ilin sentyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Yerevana səfər etmişdi.
İkitərəfli görüşdən, eləcə də geniş tərkibdə aparılan danışıqlardan sonra tərəflər əldə olunan razılaşmalar barədə açıqlama veriblər. Paşinyan və Vens, xüsusilə, nüvə enerjisindən dinc məqsədlərlə istifadə ilə bağlı “123” sazişi üzrə danışıqların başa çatdığını, həmçinin Ermənistanın ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları alacağını bildiriblər.
“Biz Ermənistana 11 milyon dollar dəyərində kəşfiyyat pilotsuz uçuş aparatlarının satışını təsdiqlədik. Biz əminik ki, qurulmalı olan sülh dayanıqlı olacaq”, – deyə Vens bildirib.
Nikol Paşinyan isə öz növbəsində V-BAT pilotsuz uçuş aparatlarının artıq effektivliyini sübut etdiyini vurğulayıb. O əlavə edib ki, bu aparatların Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Baş nazirin sözlərinə görə, ABŞ və Ermənistan digər istiqamətlərdə də qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirməyi planlaşdırır. Söhbət “əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin hasilatı və tədarükü”ndən gedir.
ABŞ-nin Ermənistandakı səfirliyi Vensin səfərini iki ölkə arasında tərəfdaşlıqda “dönüş nöqtəsi” kimi xarakterizə edib.
Erməni analitiklər Vensin səfərini həm siyasi, həm də iqtisadi aspektləri əhatə edən tarixi səfər adlandırıblar. İqtisadi məsələlərə gəldikdə isə, əsas razılaşmalar hələ 2025-ci ilin avqustunda əldə olunub. Həmin vaxt Vaşinqtonda aşağıdakı sahələr üzrə əməkdaşlıq haqqında memorandumlar imzalanıb:
- süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar,
- mülki atom energetikası,
- regional kommunikasiyaların blokdan çıxarılması layihəsinin təşviqi.
Səfər ərəfəsində bir çoxları Vensin məhz “Tramp Marşrutu” layihəsinin açılış mərasimində iştirak etmək üçün gələcəyini düşünürdü. Gözlənilən səfər detalları açıqlanmasa da, nə ABŞ-nin vitse-prezidenti, nə də Ermənistanın baş naziri danışıqlardan sonra belə bir imkan barədə danışıb.
“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (Trump route for international peace and prosperity — TRIPP) Azərbaycanı onun muxtariyyəti olan Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirəcək yoldur. Avqustun 8-də Vaşinqtonda tərəflər yolun Ermənistanın suveren nəzarəti altında olacağı, ABŞ-nin isə blokdan çıxarma prosesinə biznes tərəfdaşı kimi qoşulacağı barədə razılığa gələ biliblər. Bu baxımdan layihə vasitəçinin adına uyğun olaraq “Tramp Marşrutu” adlandırılıb.
“ABŞ-nin vitse-prezidentinin Ermənistan-İran sərhədinə səfəri [TRIPP-in keçəcəyi əraziyə yaxın] gərginliyi artıra bilər. Ən əsası isə burada təhlükəsizlik məsələləri ortaya çıxır. Düşünürəm ki, heç bir açılış mərasimi olmayacaq”, – deyə “Respublika” Partiyasının lideri Aram Sarqsyan bildirib.
Xəbər dərc olunduğu vaxta qədər səfər və əldə olunmuş razılaşmalarla bağlı məlum olanlar bunlardır.
- “Ermənistan sıxışdırılıb çıxarıldığı areala qayıdır”: Sülh Şurasına üzvlük barədə fikirlər
- TRIPP layihəsində ABŞ-ın payı 74 faiz təşkil edəcək: Yerevan və Vaşinqtonun birgə bəyanatı
- Rəy: “Ermənistan Rusiyanın TRIPP layihəsində iştirak edə bilməyəcəyinə işarə edir”
Paşinyan və Vens atom energetikası sahəsində əməkdaşlıq haqqında sənəd imzalayıblar
Tərəflər Ermənistan və ABŞ hökumətləri arasında mülki atom energetikası sahəsində əməkdaşlığa dair “123” sazişi üzrə danışıqların başa çatdığını bəyan ediblər.
“Bu saziş Ermənistan və ABŞ arasında enerji tərəfdaşlığının dərinləşdirilməsində yeni səhifə açacaq. O, Ermənistanın enerji resurslarının şaxələndirilməsinə, təhlükəsiz və innovativ texnologiyaların tətbiqinə töhfə verəcək”, – deyə Paşinyan vurğulayıb.
ABŞ-nin vitse-prezidentinin sözlərinə görə, “123” sazişi Amerika və erməni şirkətləri üçün gələcək layihələrə yol açacaq, çoxsaylı iş yerləri yaradacaq, enerji təhlükəsizliyi və sabitliyi təmin edəcək.
“Bu o deməkdir ki, kiçik modul reaktorlar, yəni Amerika texnologiyaları bu ölkəyə gələcək”, – deyə Vens bildirib.
Vens əlavə edib ki, ABŞ bu cür texnologiyaları başqa ölkəyə ixrac etmək üçün nadir hallarda özünü kifayət qədər əmin hiss edir.
Ermənistan hökuməti hazırda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının enerji blokunun əvəzlənməsi üçün kiçik modul reaktorlar inşa etməyi planlaşdırır.
Bir neçə gün əvvəl ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirmişdi ki, müxtəlif ölkələrdə, o cümlədən Avropa ölkələrində, Çində və ABŞ-da modul atom elektrik stansiyalarının tikintisi yekun mərhələyə yaxınlaşır. Onun sözlərinə görə, Yerevan bu stansiyaların sınaqdan keçirilməsindən sonra, 2027-ci ildə yekun qərar qəbul edəcək.
Hazırda layihənin hansı ölkə ilə birgə həyata keçiriləcəyi barədə də qərar yoxdur. Lakin daha əvvəl, 2024-cü ildə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı məhz ABŞ-la konkret danışıqlar aparıldığını bildirmişdi.
“Ermənistana səfər etmiş ilk ABŞ vitse-prezidenti olmaqdan qürur duyuram”
“Bu gün burada baş verənlər tarixi əhəmiyyət daşıyır. Ermənistana səfər etmiş ilk ABŞ vitse-prezidenti olmaqdan qürur duyuram”, – deyə Vens bildirib.
O vurğulayıb ki, Ermənistan və ABŞ birlikdə təkcə sülhü deyil, həm də rifahı qurur. Vitse-prezident bu gündən etibarən ölkələr arasında tərəfdaşlığın yeni mərhələsinin başladığını elan edib.
Vens, xüsusilə, Ermənistanın NVIDIA şirkətindən yeni nəsil qrafik prosessorlar almasına toxunub. O qeyd edib ki, bu sahədə dünya lideri olan şirkətin məhsullarına çıxış, Ermənistandan fərqli olaraq, dünyanın əksər ölkələri üçün mümkün deyil.
Vens “Tramp Marşrutu” layihəsinin icrasına da toxunub. Onun sözlərinə görə, bu layihə Ermənistanla qonşu ölkələr arasında misilsiz əlaqə yaradacaq.
“Beynəlxalq ticarət, tranzit və enerji axınları üçün yeni bir dünya açılacaq”.
“Ermənistan və ABŞ arasında münasibətlər pik nöqtəsindədir”
Ermənistanın baş naziri Yerevanın Vaşinqtonla münasibətlərinin “indiyədək olmadığı qədər möhkəm” olduğunu, lakin gələcək inkişaf üçün böyük potensiala malik olduğunu bildirib.
“Bu gün biz ən yüksək səviyyədəyik, lakin nəzərdə tutulan gündəliyin icrası əməkdaşlığımızın miqyasını dəfələrlə genişləndirəcək”.
Paşinyanın sözlərinə görə, Vensin Yerevana səfəri Cənubi Qafqazda formalaşmış misilsiz vəziyyət fonunda baş tutur. Söhbət bölgədə bərqərar olmuş sülh və sabitlikdən gedir.
“Səfər Ermənistanla ABŞ arasında sülhün institusionallaşdırılması və strateji tərəfdaşlığın genişləndirilməsi yolunda əsas addımdır”.
O vurğulayıb ki, Venslə aşağıdakı məsələlər müzakirə olunub:
- regionun tam şəkildə blokdan çıxarılması perspektivləri,
- Ermənistan-ABŞ münasibətlərində, xüsusilə süni intellekt və innovativ texnologiyalar sahəsində əldə olunan nailiyyətlər,
- “Tramp Marşrutu” layihəsinin ardıcıl icrası.
“Bu proqram [TRIPP] sülh baxımından ciddi dividendlərlə yanaşı, Qərblə Şərq arasında maneəsiz əlaqəni təşviq edərək regional və qlobal əhəmiyyət də daşıyacaq”, – deyə Paşinyan vurğulayıb.
Bakıda saxlanılan ermənilərin azadlığa buraxılması tələbi ilə aksiya
ABŞ-nin vitse-prezidentinin Ermənistanın baş naziri ilə görüşünün keçirildiyi prezident iqamətgahının qarşısında Qarabağ ermənilərinin aksiyası baş tutub. Onlar Bakı hərbi məhkəməsi tərəfindən uzunmüddətli həbs cəzalarına, o cümlədən ömürlük həbsə məhkum edilmiş həmvətənlərinin fotoları ilə aksiya keçiriblər. Aksiya iştirakçıları “Erməni xristian girovları azad edilsin” şüarları səsləndiriblər.
“Əsir məsələsi siyasi alver mövzusu deyil. Bu, əsas insan hüquqları və ləyaqət məsələsidir”, – deyə aksiya iştirakçıları bildiriblər.

Ermənistanın yeraltı sərvətlərinə maraqla bağlı xarici işlər nazirinin müavininin izahı
Vensin səfəri ərəfəsində xarici işlər nazirinin müavini Vaqan Kostanyan bildirib ki, səfərin yekunları üzrə süni intellekt və yarımkeçiricilər, eləcə də atom energetikası sahələrinə dair açıqlamalar gözlənilir. Onun sözlərinə görə, bunlar 2025-ci il avqustun 8-də Vaşinqtonda razılaşdırılmış məsələlərdir. Bununla yanaşı, o qeyd edib ki, yeni gündəlik də mövcuddur.
“Yeni əməkdaşlıq sahələri müəyyənləşdirilir, həm təhlükəsizlik, həm də kritik əhəmiyyətli faydalı qazıntılar sahəsində”.
Kostanyan, xüsusilə, Vaşinqton üçün “həyati əhəmiyyət daşıyan faydalı qazıntılar” sahəsində mümkün əməkdaşlıqdan danışıb. O vurğulayıb ki, söhbət təkcə misdən getmir.
“Bu faydalı qazıntılardan hansılarının bizim yeraltı sərvətlərimizdə mövcud olduğunu anlamaq üçün tədqiqatlar aparmalıyıq. Ümid edirik ki, amerikalı tərəfdaşlar öz məlumat bazalarını təqdim etməklə, eləcə də əlavə araşdırmalar vasitəsilə ölkədə mövcud imkanların müəyyənləşdirilməsində bizə kömək edəcəklər”.
ABŞ Geoloji Xidməti ABŞ-nin milli və iqtisadi təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan 50 mineral ilə maraqlandığını açıqlayıb. Onların sırasında külək turbinlərindən tutmuş smartfonlara qədər demək olar ki, bütün sahələrdə istifadə olunan 17 nadir torpaq elementi də var.
Şərh
Politoloq Robert Gevondyan bildirib:
“Azərbaycanda narazılıq müşahidə olunur. Mən bunu həm ekspertlər, həm də jurnalistlər səviyyəsində görmüşəm.
Azərbaycanlıları narahat edən məqam Ermənistanın yarımkeçiricilərin istehsalı və atom energetikasının inkişafı ilə bağlı strateji razılaşmalar əldə etməsidir. Bunun əvəzində isə Azərbaycan müəyyən mallar, o cümlədən hərbi təyinatlı məhsullar alır. Bununla belə, Azərbaycanda hesab edirlər ki, bu, Ermənistanın əldə etdikləri ilə müqayisədə kifayət deyil.
Bu narazılıq başadüşüləndir, çünki istehsalın qurulması, atom elektrik stansiyasının tikintisi və sair strateji inkişafı nəzərdə tutur, hansısa malların tədarükü isə müəyyən müddət üçün hesablanmış prosesdir”.
ABŞ-nin vitse-prezidentinin Yerevana səfəri