ABŞ-nin FARA qanunu ilə Gürcüstanın "xarici agentlər" haqqında qanunu arasındakı fərqlər – hüquqşünas izahı ilə
Gürcüstandakı “xarici agentlər” qanununun FARA-dan fərqi
“Amerikanın Xarici Agentlərin Qeydiyyatı Haqqında Qanunu (FARA) öz nizamnamə məqsədlərinə və prinsiplərinə uyğun fəaliyyət göstərən müstəqil qeyri-hökumət və media təşkilatlarına şamil edilmir”, – deyə Open Society Foundations hüquqşünası Saba Braçveli Gürcüstandakı “xarici agentlər” haqqında qanun ilə FARA arasındakı fərqləri izah edərkən vurğulayıb.
2025-ci il martın 18-də Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Amerika FARA qanununa bənzər qanun layihəsini qəbul edib. Qanun layihəsi Gürcüstan versiyasında “Xarici agentlərin qeydiyyatı haqqında qanun” adlanır.
Braçveli vurğulayır ki, “Gürcü Arzusu” FARA-nın mətnini olduğu kimi tərcümə etsə də, bu iki qanun arasında mühüm fərqlər var:
“Hər hansı qanun, o cümlədən FARA da, sadəcə söz yığını deyil. Əsas məsələ icraçı və şərh edən qurumların qanuna necə tövsif verməsidir. “Gürcü Arzusu” Amerika qanunundakı ifadələri dəyişdirmədən saxlayıb, lakin Ədliyyə Nazirliyinin tətbiq etdiyi anlayışları, məzmunu və praktikanı tamamilə dəyişib”.
Hüquqşünas əlavə edir ki, ABŞ-da xarici agentlər reyestrinə öz prinsiplərinə, həmçinin öz nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən müstəqil qeyri-hökumət təşkilatları (QHT) və media təşkilatları salınmır. Reyestrə yalnız xarici dövlətlərin nəzarətində fəaliyyət göstərənlər daxildir:
“Məhz bu səbəbdən FARA reyestrində Sputnik və Russia Today kimi media qurumlarını tapa bilərsiniz, lakin BBC və Deutsche Welle-ni yox. BBC və Deutsche Welle də ABŞ üçün ‘xarici’ sayılan dövlətlər tərəfindən maliyyələşdirilir, amma onlar müstəqil mediadır və onlardan ‘xarici agent’ kimi qeydiyyatdan keçmələri tələb olunmur”.
Hüquqşünasın sözlərinə görə, ABŞ-da Transparency International Americadan “xarici agent” kimi qeydiyyatdan keçmək tələb olunmur. Gürcüstanda isə qanunun əsas məqsədi Transparency International Georgia və digər QHT-ləri bu reyestrə daxil etməkdir:
“Bu qanunu “Amerika qanunu” adlandırmaq – manipulyativ bir addımdır. Əslində, sadəcə sözləri kopyalasalar da, məzmunu dəyişiblər. Əgər bu qanun həqiqətən “Amerika qanunu” olsaydı, müstəqil təşkilatlara şamil edilməzdi. Lakin Gürcüstan hakimiyyəti qanunu məhz bu təşkilatlara qarşı tətbiq etmək niyyətindədir. Bu, FARA deyil – qoyun dərisinə bürünmüş canavardır və Rusiya qanununun yeni versiyasıdır”.
Xarici agentlərin qeydiyyatı haqqında qanun” niyə qəbul edilib?
“Xarici təsirin şəffaflığı haqqında qanun”, müxalifət tərəfindən “Rusiya qanunu” adlandırılır, çünki Rusiyanın “xarici agentlər haqqında” qanununa bənzəyir. Bu qanun “Gürcü Arzusu” tərəfindən irəli sürülüb və 28 may 2024-cü ildə parlamentin üçüncü oxunuşunda qəbul edilib.
Qanuna əsasən, maliyyəsinin 20%-dən çoxu xarici qrantlardan ibarət olan bütün təşkilatlar “xarici agent” kimi qeydiyyata alınmalıdır. Gürcüstan kimi kiçik və iqtisadi cəhətdən zəif bir ölkədə bu, demək olar ki, bütün QHT-lərə şamil edilir.
Hüquqşünasın fikrincə, Gürcüstanda “Xarici agentlərin qeydiyyatı haqqında qanun” aşağıdakı məqsədlərlə qəbul edilib:
- Öz rəqiblərinin diqqətini”Rusiya qanunu” məsələsindən yayındırmaq;
- Vətəndaş cəmiyyətini cinayət təqibi qorxusu ilə sıradan çıxarmaq;
- Qanun vasitəsilə legitimlik görüntüsü yaratmaq.
Saba Braçveli vətəndaş cəmiyyəti təşkilatlarına, media qurumlarına və fərdi şəxslərə bu qanunla bağlı necə hərəkət etməli olduqlarını izah edir. O bildirir ki, reyestrə qeydiyyatdan keçmək barədə düşünməzdən əvvəl bir neçə məqamı nəzərə almaq lazımdır:
- Bu qanunun üçüncü oxunuşdan qəbul edilməsinin əsas məqsədi sizi qorxutmaq və fəaliyyətinizi dayandırmağa məcbur etməkdir;
- Qanun 2025-ci ilin iyun ayından tez qüvvəyə minməyəcək. May ayında onun tətbiq mexanizmi məlum olacaq və əgər prosedurlar Amerikanın sistemindən götürülübsə, bürokratik maneələr, apellyasiya verilməsi və digər prosedurlar aylarla davam edə bilər. Bu isə o deməkdir ki, qeydiyyat məsələsi ilə bağlı qərar vermək üçün vətəndaş cəmiyyətinin ötən ildə olduğu kimi bir neçə həftəsi yox, hələ bir neçə ay vaxtı var;
- Müqavimət təcrübəsini unutmayın. “Gürcü Arzusu” əvvəlki “xarici agent” qanununu həyata keçirə bilmədi, çünki vətəndaş cəmiyyəti birləşdi. Heç nə dəyişməyib – güc hələ də birlikdədir.
Gürcüstandakı “xarici agentlər” qanununun FARA-dan fərqi