ABŞ Konqresi Trampın seçki qərargahının Rusiya hökuməti ilə ehtimal olunan əlaqələrini araşdırır
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Donald Trampın seçki qərargahının Rusiya höküməti ilə əlbir olması ittihamını araşdırır. Bu barədə Demokratlar partiyasından olan konqresmen Adam Şiff bəyan edib.
“Biz Rusiyanın Trampın seçki qərargahı ilə əlbir olması ittihamını araşdırmaq üçün yazılı razılaşmaya (…) nail olmuşuq”, – Şiff MSNBC telekanalının efirində bəyan edib.
Kəşfiyyat Komitəsinin başçısı Devin Nunyes istintaqın başladığını təsdiqləyib. “Kəşfiyyat Komitəsi Rusiya hökumətinin fəaliyyətini uzun illər araşdırıb və Putin rejiminin beynəlxalq arenada düşmən xarakterli addımları, onun kiber fəzada və nüfuzlu beynəlxalq təbliğatçı kampaniyalarda aqressivliyi barədə xəbərdarlıq edib”, – Trampın keçid qərargahına daxil olan Devin Nunyes bəyan edib. Onun sözlərinə görə, Komitə yuxarıda adı çəkilən bütün sahələrdə istintaq aparacaq, o cümlədən Rusiyanın 2016-cı ildə Amerikada keçirilmiş prezident seçkilərinə ehtimal olunan müdaxiləsi məsələsini araşdıracaq.
BBC-nin xəbər verdiyi kimi, istintaq həmçinin aşağıdakı suallara da cavab verməli olacaq – Rusiyanın kiber fəallığı, ya da başqa hərəkətləri ABŞ və onun müttəfiqlərinə qarşı yönəlibmi və bu addımlara Rusiya ilə siyasi kampaniyalarla bağlı şəxslər və ya ABŞ-ın digər vətəndaşları arasındakı əlaqələr daxildirmi?
ABŞ prezidenti Donald Trampın Milli Kəşfiyyat rəhbəri vəzifəsinə təklif etdiyi namizəd Den Kouts da Rusiyanın 2016-cı ildə prezident seçkilərinə ehtimal olunan müdaxiləsinin əsaslı istintaqına yardım edəcəyinə söz verib: “Zənnimcə, bu, araşdırılmalı və yoluna qoyulmalı bir məsələdir”, – sabiq respublikaçı senator Den Kouts martın birində keçirilmiş və onun namizədliyinə həsr olunmuş Konqresdə dinləmələr zamanı çıxışında söyləyib. Reuters-in xəbər verdiyi kimi, o, istintaq üçün zəruri olan bütün sənədləri və digər materialları nəzərdən keçirə bilmək üçün imkan yaradacağını vəd edib.
Amerika kəşfiyyatının əməkdaşları Rusiyanın Demokratlar Partiyasından irəli sürülmüş namizəd Hillari Klintonu və onun partiyasını kiber hücumlar sayəsində nüfuzdan salmaqla Trampa prezident seçkilərində qalib gəlməsinə yardım cəhdindən əmindir. Bu ittihamlar üzündən ABŞ-ın əvvəlki Administrasiyası ölkədən otuz beş Rusiya diplomatını çıxarıb.
Tramp onun mübarizə yoldaşlarının Moskva ilə əlaqəsini rədd edir.
Trampın müşaviri Maykl Flinn fevral ayında istefaya getmək məcburiyyətində qalıb və dekabrın sonlarında Rusiyanın səfiri Sergey Kislyakla əlaqələri barədə dolğun məlumat vermədiyini etiraf edib. Flinn səfir Kislyakova zəngləri uzündən 1798-ci ildə ABŞ-da qəbul olunmuş Loqan qanununu pozmaqda şübhəli bilinib. Məlum qanun müvafiq səlahiyyətləri olmayan ABŞ vətəndaşlarına Birləşmiş Ştatlarla fikir ayrılığı olan xarici dövlətlərin rəsmi nümayəndələri ilə danışıqlar aparmağı qadağan edir.
Eyni zamanda The Washington Post qəzeti müəyyən edib ki, ABŞ-ın baş prokuroru Ceff Seşns prezident seçkilərindən öncə RF-nin səfiri Sergey Kislyakla iki dəfə görüşüb. O cümlədən Seşns Alabama ştatının senatoru olanda, Rusiya diplomatı ilə ötən ilin sentyabrında öz ofisində görüşüb. Bundan başqa, baş prokuror Kislyakla 2016-cı ilin iyulunda, – o dövrdə Seşns ABŞ Konqresi Senatının Silahlı Qüvvələr üzrə Komitəsinin tərkibinə daxil olub, həmçinin o zaman hələ prezidentliyə namizəd Donald Trampın xarici siyasət üzrə aparıcı müşavirlərindən biri olub, – əlaqə saxlayıb.
Lakin Seşns vəzifəyə keçməzdən öncə seçkiöncəsi kampaniyanı müzakirə etmək üçün Rusiya nümayəndələri ilə heç bir əlaqə qurmadığını söyləyib. ABŞ Konqresi Nümayəndələr Palatasının azlıqda qalanların fraksiyasının lideri Nensi Pelousi artıq baş prokuroru öz vəzifəsindən uzaqlaşmağa çağırıb. Səbəbsə Seşnsin onun namizədliyinin təsdiqlənməsi ilə bağlı aparılan dinləmələrdə suallara cavab verərkən özünün Rusiya hökuməti ilə əlaqələri barədə məlumatı təqdim etməməsidir. Ədliyyə nazirinin rəsmi nümayəndəsi öz növbəsində qeyd edib ki, Seşnsin RF səfiri ilə əlaqələri barədə susmağının bircə səbəbi var: məlum görüşlərin ABŞ-ın seçki kampaniyası ilə heç bir əlaqəsi olmayıb.