ABŞ-ın dövlət katibi rusiyalı həmkarı ilə ilk görüşündə Ukrayna məsələsini qaldırıb
Paylaşmaq
Paylaşmaq
ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ilk görüşü fevralın 16-da Bonnda “Böyük iyirmilik” ölkələrinin xarici işlər nazirlərinin konfransı gedişində baş tutub. Görüşdən sonra Reks Tillerson bildirib ki, görüş zamanı o, Moskvanı Ukraynada münaqişənin nizamlanmasına dair Minsk razılaşmasına əməl etməyə çağırıb. Lavrovla söhbətini o, “səmərəli” adlandırıb.
“Biz qarşılıqlı maraq kəsb edən bir sıra məsələləri müzakirə etdik… Mən aydın şəkildə bildirdim ki, vəzifəyə təsdiq olunmağımla bağlı Senatda keçəcək dinləmələr zamanı Amerika xalqının rifahına xidmət edəcək əməkdaşlığın praktiki aspektlərini tapa biləcəyimiz məsələlər üzrə Rusiya ilə iş imkanlarını nəzərdən keçirəcəyik”, – Tillersonun Ağ Evin saytında yayılmış bəyanatında deyilir.
“Baxışlarımızın uyğun gəlmədiyi məsələlərlə bağlı Birləşmiş Ştatlar ABŞ və müttəfiqlərinin maraqlarını müdafiə edəcək. Biz ortaq nöqtələr axtardığımız müddətdə ümid edirik ki, Rusiya Minsk razılaşması üzrə öz öhdəliklərini yerinə yetirəcək və Ukraynada zorakılığın deslakasiyasi üzərində çalışacaq”, – dövlət katibi qeyd edib.
Sergey Lavrov isə öz növbəsində bildirib ki, Rusiya və ABŞ ortaq maraqların olduğunu təsdiqləyib, ilk növbədə də terrorla mübarizə sahəsində.
“Aydın məsələdir ki, biz bütün problemləri həll edə bilməzdik. Düşünürəm ki, biz heç vaxt RF və ABŞ kimi belə nəhəng iki dövlət arasında problemləri tam həll edə bilməyəcəyik. Amma bizim aramızda ümumi anlayış var ki, maraqlarımızın üst-üstə düşdüyü məsələlər üzrə – belə sahələr isə az deyil – biz irəliləməliyik”, – Sergey Lavrov əlavə edib.
Onun sözlərinə görə, amerikalı həmkarı ilə Əfqanıstandakı və Ukraynadakı vəziyyəti müzakirə ediblər. “Bütün bu istiqamətlər üzrə bizim amerikalı tərəfdaşlarımız münaqişələrin həlli üçün göstərilən səylərə qoşulmaqda maraqlıdırlar”.
Xatırladaq ki, bir neçə gün əvvəl Ağ Evin mətbuat katibi Şon Spayser bildirmişdi ki ABŞ prezidenti Donald Tramp gözləyir ki, Rusiya “Krımı qaytaracaq” və Ukraynada münaqişənin deslakasiyasına başlayacaq.