ABŞ-ın Cənubi Qafqaz strategiyası: Baydenin prezidentliyi dövründə nələr əldə olunub?!
ABŞ-ın Cənubi Qafqaz strategiyası
ABŞ-da növbəti prezident seçkilərinə üç ay qalıb. Hazırkı prezident Co Bayden Ağ Ev uğrunda mübarizəni dayandırıb. 47-ci prezidenti amerikalılar 45-ci prezident Donald Tramp və Demokrat Partiyasının nümayəndəsi Kamala Harris arasından seçəcəklər.
Baydenin Cənubi Qafqazda prezidentliyi dövründə ABŞ-ın hansı uğurları və uğursuzluqları olub? Azərbaycanlı politoloq Fərhad Məmmədovun təhlilində.
- “Rusiya ən pislərini almaq üçün ən yaxşılarını verdi” – Rusiyadakı 16 siyasi məhbus azadlıqda
- ATƏT/DTİHB müşahidə missiyası Azərbaycanda parlament seçkilərinin aralıq qiymətləndirməsini aparmayacaq
- Amerikalı konqresmenlər İvanişviliyə qarşı maliyyə sanksiyaları tələb edirlər
“Cozef Baydenin prezidentliyinin başlanğıcı (2021-ci ilin yanvarı) 44 günlük müharibənin başa çatması və Cənubi Qafqazda yeni reallığın yaranması ilə üst-üstə düşdü. ABŞ o zaman bölgədən tamamilə qopmuş kimi görünürdü. Bütün mühüm hadisələr onların iştirakı olmadan baş verirdi”, – politoloq xatırladır.
O, həmçinin qeyd edir ki, Vaşinqtonda regionla iş üzrə kadr təyinatları 2021-ci ilin may ayına qədər uzandı və ABŞ yalnız 2021-ci ilin yayında bölgə üzrə tutarlı bir mövqe formalaşdıra bildi.
“O zaman Rusiya bütün kartları əlində saxlayaraq (Bakı ilə Yerevan arasındakı vasitəçilikdə inhisar, Qarabağda sülhməramlılar, Zəngəzur dəhlizinə nəzarət perspektivi) danışıqlar prosesində sadəcə olaraq heç nə etmirdi.
İlk addım kimi ABŞ Gürcüstan vasitəsilə əsir düşmüş erməni hərbçilərin minalanmış ərazilərin xəritələri ilə mübadiləsini təşkil etdi. Bununla da, Vaşinqton Cənubi Qafqazdakı mövqelərinin bərpasına başladı. Xatırladaq ki, o zaman ABŞ məhz Gürcüstanı özünə ən yaxın region dövləti hesab edirdi”, – deyə politoloq vurğulayır.
O qeyd edir ki, ABŞ-ın yeni administrasiyasının baxışları ilk olaraq Baydenin Paşinyana yazdığı məktubda öz əksini tapdı:
“Bu məktubda Azərbaycan və Türkiyə ilə sülhün yeni imkanlar yaradacağı bildirildi. Lakin daha sonra ABŞ bu sülhə özünəməxsus yanaşdı: ATƏT-in Minsk Qrupunu canlandırmağa çalışdı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsi olmadan Qarabağ erməniləri mövzusunu yeniləmək üçün sonsuz cəhdlər etdi.
Azərbaycan ABŞ-a vasitəçi olmaq imkanı verdi, lakin Vaşinqtonun erməni mərkəzli yanaşması onun özü üçün elə bir çərçivə yaratdı ki, ABŞ həmin çərçivəni aşa bilmədi.
Sülh müqaviləsinin vəziyyətdən yeganə çıxış yolu olmasına, Qarabağ erməniləri mövzusunun isə Azərbaycanın daxili işi olduğuna dair Bakının bəyanatları okeanın o tayında qulaqardı edildi. Halbuki, bu ssenaridə Rusiyanın regiondakı iştirakı avtomatik olaraq azalırdı.
Nəticədə hər şey yenidən ABŞ-ın iştirakı olmadan həll olundu ki, bu da Vaşinqtonu çox qıcıqlandırır”.
Bəs amerikalılar nə edir?!
Politoloqun sözlərinə görə, ABŞ Aİ ilə birlikdə regionda öz oxunu formalaşdırmağa çalışır, diqqəti Ermənistana yönəldir.
“Dövlət Departamentinin nümayəndəsi O`Brayn açıq şəkildə qeyd edib ki, aprelin 5-də Brüsseldə keçirilən ABŞ/Aİ-Ermənistan sammitinin əsas məqsədi iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində Ermənistanın Rusiyadan asılılığını zəiflətməkdir. Bu, əsas məqsəddir və Ermənistan baş naziri bununla razılaşır.
Yüz milyonlarla dollarlıq büdcələr açıqlanıb, hər həftə yüksək rütbəli diplomatlar göndərilir, inkişaf strategiyaları hazırlanır”.
Nəticələr nədir?!
Fərhad Məmmədov iqtisadiyyat baxımından Ermənistanın Rusiya ilə 6 ayda 8,5 milyard dollarlıq ticarət etdiyinə diqqət çəkir:
“Bu, bütün ötən illə müqayisədə daha çoxdur!
Ermənistan KTMT, Aİİ və MDB-dən çıxmayıb. Yerevan ŞƏT-də statusunun yüksəldilməsi üçün müraciət edib.
Ermənistan hərbi baza və Rusiya sərhədçiləri ilə bağlı sazişə yenidən baxmağa hazırlaşmır.
Yerevan Tehranla münasibətlərdə subyektliyini itirir. İranın Ali Rəhbəri Ermənistan üçün nəqliyyat strategiyaları hazırlayır.
Ermənistan “Rosatom” və “Qazprom”la enerji sazişlərinə yenidən baxmaq fikrində deyil və Rusiya Dəmir Yolları ilə əməkdaşlığa davam edir.
Erməni mərkəzliliyi ucbatından ABŞ Mərkəzi Asiyaya yeganə çıxışı olan Azərbaycanla və regiondan Qara dənizə yeganə çıxışı olan Gürcüstanla münasibətləri gərginləşdirdi. ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına da nail ola bilmədi.
Təəssüf ki, ABŞ Konqresi və Senatında Baydenin prezidentliyinin əvvəlində və sonunda ABŞ-ın Cənubi Qafqazdakı vəziyyətini müqayisə edə biləcək bir siyasətçi tapılmadı. Əgər tapılsa, o zaman Dövlət Departamentinə ünvanlanan çoxlu suallar yaranacaq.
Necə olur ki, 2024-cü ildə Çinin regionda artıq iki strateji tərəfdaşı olduğu halda, ABŞ-ın öz müttəfiqi Gürcüstanla münasibətləri olduqca pisləşib?
Bayden administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqazda yalnız bir nailiyyətini qeyd etmək olar: Rusiya sərhədçiləri Zvartnots hava limanını tərk etdilər, lakin orada hər şeyə nəzrət edə biləcəkləri bir sistem qoyub getdilər”.