ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi: Rusiya Krımın işğalına son qoymalıdır
Paylaşmaq
Paylaşmaq
ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasındakı ilk çıxışında Rusiyanı Ukraynaya qarşı təcavüzdə günahlandırıb və Moskvadan “Krımın işğalına son qoymağı” tələb edib.
“Mən Rusiyanın təcavüzkar davranışını pisləməliyəm”, – Nikki Xeyli Təhlükəsizlik Şurasının iclasında, ABŞ prezidenti tərəfindən bu vəzifəyə təyin ediləndən sonra ilk ictimai çıxışında bildirib.
“Biz həqiqətən Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyirik. Amma Ukraynanın şərqindəki faciəvi vəziyyət bu ölkənin əməllərini aydın və kəskin şəkildə pisləməyi tələb edir”, – səfir bildirib və qeyd edib ki, Krımın qəsbindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ərazilər üzərində nəzarət Kiyevə geri qaytarılana qədər qüvvədə qalacaq.
“ABŞ Krımın Rusiya tərəfindən işğalını yenə də pisləyir və dərhal buna son qoymağa çağırır… Krım Ukraynanın tərkib hissəsidir”, – amerikalı diplomat bəyan edib.
Xatırladaq ki, ötən ilin iyulunda seçkiqabağı kampaniya zamanı Donald Tramp Krımın Rusiya ərazisi kimi tanınması ehtimalı ilə bağlı suala cavab olaraq bildirmişdi: “…Eşitdiyimə görə Krım sakinləri əvvəl olduqları yerdənsə Rusiya ilə olmaq istəyirlər”.
Ukraynanın şərqində vəziyyət yanvarın 29-da Donetsk yaxınlığında Avdeyevka şəhərində yenidən döyüşlər başlayandan sonra gərginləşib. Kiyevin məlumatına görə, gərginlik başlayandan Ukrayna Silahlı Qüvvələri 10 hərbçisini itirib, daha 66 hərbçi yaralanıb. Tanınmamış Donetsk Xalq Respublikası da itkilər haqda məlumat yayıb.