"ABŞ həm Ermənistana, həm də Azərbaycana bel bağlayıb": Yerevandan rəy
ABŞ və Ermənistan arasında memorandum
Ermənistan hökuməti 8 avqustda Vaşinqtonda keçirilən Paşinyan-Tramp görüşü zamanı ABŞ-la imzalanmış 3 qarşılıqlı anlaşma memorandumu mətnini dərc edib. Sənədlər süni intellekt sahəsində tərəfdaşlıq, enerji təhlükəsizliyi və “Sülh kəsişməsi” layihəsinin irəlilədilməsi ilə bağlıdır. Bu, regional kommunikasiya xətlərinin açılması üzrə Ermənistan hökumətinin təşəbbüsüdür.
Politoloq Areq Koçinyanın sözlərinə görə, “kommunikasiyalar sahəsində inqilab erası” başlayıb, dünya “logistika əlaqələrinin yenidən bölüşdürülməsi və yenidən formatlanması”nı yaşayır. O hesab edir ki, dəniz daşımalarının həyata keçirilməsi ilə bağlı yaranan problemlər fonunda onlar artıq ən təhlükəsiz və ən ucuz variant kimi nəzərdən keçirilmir. Bu səbəbdən bir çox ölkə quru alternativ axtarmağa başlayıb.
Koçinyan düşünür ki, quru kommunikasiyalar Çinin “Bir kəmər, bir yol” təşəbbüsləri və Orta Dəhliz üçün xüsusi əhəmiyyət daşıyır. O bildirir ki, bu marşrutlar Çinin əsas rəqibi olan ABŞ üçün də maraq doğurmaya bilməz.
“Mərkəzi Asiya ilə Avropa arasında mümkün ən qısa quru yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Əgər Ermənistan və Azərbaycan eyni kommunikasiya-logistika xəritəsində yerləşməlidirsə, bu, perspektivdə onların arasında münaqişə ehtimalının azalmasına, ABŞ-ın yalnız Ermənistana ehtiyac duyması halından daha çox töhfə verəcək. Ağ Ev yalnız Ermənistana yox, həm də Azərbaycana bel bağlayıb və həm Yerevan, həm də Bakı ilə ikitərəfli razılaşmalar imzalayıb”, — politoloq hesab edir.
Ermənistan-ABŞ qarşılıqlı anlaşma memorandumlarının əsas müddəaları və analitikin şərhi.
- Tbilisidən Əliyev və Paşinyanın tarixi görüşünə baxış
- “Üçüncü tərəfin nəzarəti olmayacaq” — Ermənistanın xarici işlər naziri “Trampın marşrutu” proqramı barədə
- Paraflanan sülh sazişi Qarabağ münaqişəsinin yeni mərhələsi hesab edilə bilər?
Ermənistan və ABŞ hansı sahələrdə əməkdaşlıq etməyi planlaşdırır
İmzalanmış sənədlərə görə, Ermənistan və ABŞ üç konkret sahədə qarşılıqlı fəaliyyət göstərməyi nəzərdə tutur. Hər biri üzrə artıq razılaşdırılmış istiqamətlər mövcuddur.
Süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar üzrə memorandumda nəzərdə tutulur:
- ABŞ biznes dairələrini və digər maraqlı tərəfləri Ermənistanda mövcud yarımkeçirici ekosistemi və etibarlı ixrac nəzarəti mexanizmləri barədə məlumatlandırmaq,
- yarımkeçirici təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmək üçün ixrac nəzarətini gücləndirmək,
- süni intellekt modellərinin tətbiqi və işlənməsi üçün ixrac nəzarətini sərtləşdirmək,
- süni intellekt resurslarının təyinatdan kənar istifadəsinin aşkarlanması və qarşısının alınması üçün əməkdaşlığı genişləndirmək,
- süni intellekt tətbiqlərindən səmərəli istifadə və onların inteqrasiyası üçün kadrlar hazırlamaq,
- Ermənistanın yüksək texnoloji sektorunda investisiyaları və infrastrukturun inkişafını stimullaşdırmaq.
Enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq barədə memorandumda nəzərdə tutulur:
- kiçik modul reaktor texnologiyaları daxil olmaqla mülki atom energetikası sahəsində əməkdaşlıq,
- Ermənistanın həyati əhəmiyyətli enerji infrastrukturunun gücləndirilməsi üçün investisiyaların stimullaşdırılması, o cümlədən bərpa olunan mənbələr üçün akkumulyator batareyaları əsasında enerji saxlama stansiyalarının inkişafına dəstək,
- Ermənistanda elektrik ötürmə və paylama şəbəkələrinin modernizasiyasına investisiyaların artırılması,
- Ermənistanın enerji infrastrukturunun kibertəhlükəsizliyinin artırılması, o cümlədən texniki yardım vasitəsilə.
“Sülh kəsişməsi” layihəsinin potensialının irəlilədilməsi üzrə tərəfdaşlıq memorandumu çərçivəsində planlaşdırılır:
- ABŞ hökumətinin resurslarından və ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Gömrük və Sərhəd Xidməti təcrübəsindən istifadə, eləcə də təlimlər vasitəsilə Ermənistanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi,
- kibermüdafiə əməliyyatlarına investisiyaların artırılması,
- Ermənistanın infrastrukturunun, eləcə də sərhəd təhlükəsizliyi sahəsinin modernizasiyası üçün investisiyaların stimullaşdırılması.
Memorandumlar 1 illik müddətə bağlanıb, lakin uzadıla bilər
Qarşılıqlı anlaşma memorandumlarının qüvvədəolma müddəti 1 ildir. Bununla belə, müddət başa çatmazdan 60 gün əvvəl tərəflərdən biri əməkdaşlığın dayandırılması niyyəti barədə digər tərəfi məlumatlandırmadığı halda, əməkdaşlıq ən çox üç dəfə uzadıla bilər.
Memorandumların müddəalarının icrasının koordinasiyası üçün tərəflər müvafiq qurumların nümayəndələri olan təmas şəxslərini təyin edəcəklər.
“Tərəflər qeyd edirlər ki, bu memorandum [hər üçü] vəsait ayrılması barədə öhdəlik deyil”, sənədlərin ümumi müddəalarında deyilir.
Şərh
Politoloq Areq Koçinyan xatırladır ki, 2025-ci ilin əvvəlində demokratlarla Erməni-amerikan strateji tərəfdaşlığı Xartiyası imzalanmışdı, indi isə respublikaçılarla memorandumlar bağlanıb:
“Bu o deməkdir ki, ABŞ-da Ermənistan-Amerika münasibətləri strateji perspektivli münasibətlər kimi qiymətləndirilir”.
Areq Koçinyan deyir ki, adətən olduğu kimi, ABŞ-Ermənistan razılaşmaları 3 mərhələdən keçəcək. Birinci mərhələ — siyasi dialoq artıq başa çatıb. İndi çərçivə sazişlərinin imzalanması məqamıdır, ardınca isə məzmun üzrə faktiki iş başlayacaq.
“Ermənistan və ABŞ bir sıra sahələrdə münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq istəklərini ifadə etdilər. Bununla belə, Ermənistanda hazırda, məsələn, modul atom stansiyaları barədə çoxlu müzakirələr gedir. Amma saziş bütövlükdə nüvə energetikasına aiddir”, — o izah edib.
Analitik xəbərdarlıq edir ki, Ermənistanda yeni atom stansiyasının tikintisi üçün 10 il tələb olunacaq. ABŞ tərəfdaşlarının təklif etdiyi kiçik modul reaktorların, yaxud iri atom stansiyası inşa etmək qərarından asılı olmayaraq, bu müddət dəyişməyəcək.
Koçinyanın sözlərinə görə, ABŞ modul stansiyalar təklif edir, lakin iri AES-lərin tikintisinə dair aşağıdakı texnologiyalar üzrə təkliflər də var:
- Cənubi Koreya,
- Fransa-Kanada,
- Rusiya.
Politoloq rus variantını problemlı hesab edir. Vurğulayır ki, problem ölkənin özündə deyil, Ermənistanın hər hansı bir ölkədən hiper-asılılıq yarada bilməyəcəyindədir. Onun qiymətləndirməsinə görə, Ermənistanın Rusiyadan enerji sahəsində asılılığı onsuz da həddindən artıqdır — təxminən 66%. O, Rusiya ilə enerji sahəsində əməkdaşlığın tam dayandırılmasını deyil, asılılığın azaldılmasını təklif edir.
Areq Koçinyanın sözlərinə görə, bu memorandumların imzalanması birmənalı şəkildə “düzgün, pozitiv istiqamətdə” atılmış addımdır. İndi isə razılaşmaların icrası üçün fəal iş mərhələsi başlayıb.
Yaxın aylarda nəzərdə tutulan işlərin detallarını əks etdirən müşayiətedici sazişlərin də imzalanacağını gözləyir.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq kontekstində politoloq xüsusən Ermənistanın “123” nüvə sazişinə qoşulmasına diqqət çəkir. Yalnız bu sazişin bağlanması Yerevana, o cümlədən kiçik modul stansiyaların inşası üçün ABŞ nüvə texnologiyalarını əldə etməyə imkan verəcək.
“Sülh kəsişməsi” layihəsinin irəlilədilməsi üzrə memorandum və Ermənistanın sərhəd təhlükəsizliyinin modernizasiyası ilə bağlı razılaşmaya gəlincə, Koçinyan burada da yeni sənədlərin imzalanacağını gözləyir. Xüsusən Ermənistanın sərhəd xidməti ilə FBI və Homeland Security arasında əməkdaşlıq sazişinin imzalanacağını ehtimal edir.
Mütəxəssisin fikrincə, imzalanmış memorandumların əhatə etdiyi hər üç istiqamət üzrə ABŞ-la əməkdaşlıq Ermənistana əhəmiyyətli iqtisadi artım təmin edə bilər.
ABŞ və Ermənistan arasında memorandum