ABŞ Gürcüstanı tank əleyhinə raketlərlə təmin edəcək
Paylaşmaq
Paylaşmaq
Bu haqda məlumat noyabrın 20-də ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin saytında dərc olunub. Bu məlumata əsasən, noyabrın 17-də Müdafiə Nazirliyi Konqresə bildirib ki, potensial sövdələşmə təsdiqlənib.
Məlumatda deyilir ki, Gürcüstan ABŞ hakimiyyətinə onlardan Javelin tank əleyhinə kompleksləri üçün 410 raket, 72 nişanalma qurğusu, 10 tədris kompleksi və onlar üçün 70 mərmi almaq istədiyini bildirib.
Gürcüstan tərəfinin təklifinə əsasən çatdırılma və texniki xidməti ABŞ öz üzərinə götürməlidir. Sövdələşmənin ümumi dəyəri 75 milyon dollardır.
Hərbi Əməkdaşlıq İdarəsində hesab edirlər ki, Gürcüstana Javelin komplekslərinin satışı ABŞ-ın milli təhlükəsizliyini möhkəmləndirəcək.
Belə bir sövdələşmənin ABŞ Müdafiə Nazirliyi ilə razılaşdırılması mütləq, amma yekun olmayan addımdır. İndi Gürcüstan ticarətin detalları ilə bağlı Amerika hakimiyyəti ilə razılıq əldə etməlidir.
Javelin (ingiliscədən tərcümədə nizə, mizraq mənasını verir) Amerikanın üçüncü nəsil daşına bilən tank əleyhinə raket kompleksidir (TƏRK), tankların və digər zirehli texnikanın, o cümlədən alçaqdan uçan zəif sürətli hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. ABŞ Ordusunun silahlanmasına 1996-cı ildən daxil edilib. İraqda gedən müharibədə və digər silahlı münaqişələrdə uğurla istifadə olunub. Javelin “atəş açdın-unutdun” prinsipi ilə işləyir – belə bir hədəf tutulandan sonra raket ona doğru operatorun iştirakı olmadan tuşlanır. Beləliklə raket işə salınandan dərhal sonra atəş mövqeyini dəyişmək mümkündür.
Gürcüstan uzun illər boyu ABŞ və NATO ölkələrindən müdafiə silahlarının təchiztına nail olmağa çalışıb. Javelinlərlə bağlı sövdələşmə bu qəbildən ilk müqavilə olacaq.