ABŞ Gürcüstan hökumətinə 95 milyon dollarlıq yardımı dayandıracaq
ABŞ Gürcüstan hökumətinə yardımı dayandıracaq
Avqustun 31-də rəsmi Vaşinqton Gürcüstan hökumətinə 95 milyon dollardan çox məbləğdə maliyyə yardımını dayandıracağını bəyan edib. “Reuters” agentliyinin məlumatına görə, bu qərar Gürcüstan və ABŞ arasında ikitərəfli əməkdaşlığa baxıldıqdan sonra qəbul edilib və bu, öz növbəsində, Gürcüstan hökumətinin “antidemokratik hərəkətləri” nəticəsində baş verib.
“Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Aİ və NATO-ya üzvlük normalarına uyğun gəlmir“, – ABŞ dövlət katibi Entoni Blinken deyib.
Bununla belə, Blinkenin bəyanatında ABŞ-ın demokratiya, qanunun aliliyi və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyi də bildirilir.
“Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumətinə birbaşa fayda gətirə biləcək 95 milyon dollardan çox yardımı dayandırır. Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Aİ və NATO-ya üzvlük normaları ilə bir araya sığmır.
Biz bu hərəkətlərə görə Gürcüstan hökumətinə yardımı dayandırsaq da, Birləşmiş Ştatlar demokratiya, qanunun aliliyi, müstəqil media və iqtisadi inkişafı gücləndirməklə Gürcüstan xalqına fayda verən proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcək.
Bizim iki ölkə və vətəndaşlarımız arasında mövcud olan 32 illik dostluq və tərəfdaşlıq dövründə ABŞ xalqı Gürcüstan iqtisadiyyatının və demokratik təsisatlarının inkişafına və möhkəmlənməsinə töhfə verməklə 6,2 milyard dollardan çox yardım edib. Bizim dəstəyimiz Gürcüstanın müdafiə və sahil mühafizə qüvvələrinin təchiz edilməsinə və təlimləndirilməsinə, məktəblərin və xəstəxanaların tikintisinə, müəllimlərin, hökumət rəsmilərinin və tibb işçilərinin hazırlanmasına kömək edib. Biz gürcü xalqına və onun Avro-Atlantik istəklərinə sadiq qalacağıq”, – Blinkenin bəyanatında deyilir.
Mayın 23-də Entoni Blinken Gürcüstanda “xarici agentlər haqqında” qanunun qəbuluna və Gürcüstanla ABŞ arasında əməkdaşlığın nəzərdən keçirilməsinə cavabdeh olan şəxslər üçün yeni viza məhdudiyyətləri siyasətini elan edib.
Viza məhdudiyyətləri vətəndaş cəmiyyətinə qarşı zorakılıq və təhdidlərə, dinc etirazların yatırılmasına görə məsuliyyət daşıyan şəxslərə də şamil edilir.
İyulun 5-də ABŞ Müdafiə Nazirliyi 25 iyul-6 avqust tarixlərində keçirilməsi planlaşdırılan Gürcüstan-Amerika “Noble Partner” birgə hərbi təliminin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. Bu qərar da ABŞ-ın Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxılması təşəbbüsündən sonra qəbul edilib.
İyulun 31-də bir neçə amerikalı konqresmen Entoni Blinkenə məktub yazaraq hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyalarının tətbiq edilməsini tələb ediblər.